PALITRA
  Gündəlik online qəzet
12.09.2019 | 13:18:00 | Sosial şəbəkədə paylaş:

“Hazırda ölkəmizdə internet istifadəçilərinin sayı ümumi əhalinin 80 faizindən çoxdur və bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında birinci sıralarda bərqərar olub. Az. domenində qeydiyyatdan keçən internet saytlarının sayı 20 mini ötüb. Bununla yanaşı, Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda, vətəndaşların “Facebook”, "Twitter", “Youtube”, “İnstaqram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilib”. Bu sözləri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Əli Həsənov deyib ki, ölkədə sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır ki, bu da cəmi 10 milyon əhalisi olan Azərbaycan üçün çox böyük göstəricidir: “Sosial şəbəkələrə dövlət səviyyəsində verilən əhəmiyyətin göstəricilərindən biri də odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin və əksər dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə mütəmadi olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən biri kimi yanaşır və ondan istifadə edir”. Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi deyib ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır: “Lakin burada bir məqamı qeyd etməliyik ki, sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyillər də özünü göstərir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən, sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Məsələn, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir ki, bu da insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır, obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır”.

Anar

Xəbər 112 dəfə oxundu

Ana səhifə