PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 12:33:00 | Sosial şəbəkədə paylaş:

Son illər dərin islahatlar çərçivəsində ölkəmizin bütün sektorlarında islahatlar aparılıb, iqtisadi artıma yönəlmiş layihələr icra edilib. Prezident İlham Əliyevin liderliyi ilə makroiqtisadi sabitlik və biznes mühitinin əlverişliliyi təmin edilib, geniş miqyaslı infrastruktur layihələri icra edilib. Habelə, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmiz səhiyyə və təhsil sahəsində əhəmiyyətli nailiyyətlər əldə edib, sözügedən sahələr üzrə infrastruktur layihələri həyata keçirilib. Bu islahatlar Azərbaycanın beynəlxalq platformada da mövqelərinə müsbət təsir göstərib. Xüsusilə, adı çəkilən sahələr üzrə beynəlxalq indekslərdə sub-indikator ekvivalentində artımlar müşahidə olunur.
Belə ki, 8 Oktyabr 2019-cu il tarixli Ümumdünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”-nə əsasən Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Qlobal Rəqabətlilik hesabatı dünya miqyasında mötəbər hesabat olmaqla, beynəlxalq təşkilatlar, investor və sahibkarlar, müstəqil beyin mərkəzləri tərəfindən istinad mənbəyi kimi istifadə olunur. Hesabat 12 istiqaməti əks etdirməklə iqtisadi və sosial sferanın bütün sahələrini əhatə edir. İnstitutlar, infrastruktur, informasiya texnologiyaları, makroiqtisadi vəziyyət, səhiyyə, təhsil, istehlak məhsulları bazarı, əmək bazarı, maliyyə sistemi, bazar həcminin genişliyi, biznesin dinamikliyi və innovasiya kimi istiqamətləri özündə ehtiva edən “Qlobal Rəqabətlilik İndeksi” son hesabatda 141 ölkəni özündə cəmləşdirib. Hesabatın son nəşrinə əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yerləşib.
Dərin təhlil və tədqiqata əsasən, hər 12 indikator müxtəlif sub-indikatorlara bölünərək ümumi nəticənin hesablanmasını əks etdirir. Azərbaycan “İnstitutlar” indikatoru üzrə 9 pillə irəliləyərək ölkəmizdə məhkəmə-hüquq, hüquq-mühafizə orqanları, terrorizmlə mübarizə, polisə etimad, büdcə şəffaflığı və hesabatlılığı, məhkəmələrin müstəqilliyi, media azadlığı, mülkiyyət və intellektual mülkiyyətin qorunması, əmlak idarəetməsi, korporativ idarəetmə, hökumətin uzun müddətli strateji baxışı və elektron-hökumət istiqamətləri yüksəliş balları əldə edib. Bu sub-indikatorlar “institutlar” indikatorunun tərkib hissəsi olmaqla, son nəticəni hesablayaraq reytinqi müəyyənləşdirir.
İnfrastruktur indikatoru ikinci göstərici olmaqla yolların effektivliyi və keyfiyyəti, dəmiryolu və hava yollarında effektivlik, keyfiyyət və əlaqələndirmə, kommunal infrastrukturun keyfiyyəti, elektriklə təchiz olunma səviyyəsi, əhalinin təmiz su ilə təmin olunmasını əks etdirir ki, Azərbaycan 8 pillə irəliləyərək 77,4 balla dünya ölkələri arasında 38-ci mövqedə qərarlaşıb.
Azərbaycan Makroiqtisadi vəziyyəti özündə ehtiva edən “makroiqtisadi sabitlik” indikatoru üzrə 23 pillə irəliləyib. Belə ki, inflyasiya və borc dinamikası əsasında hesablanan indikator üzrə bu səviyyədə irəliləyən yeganə ölkə Azərbaycandır.
Ölkədə təhsil və insan kapitalının son vəziyyətini əks etdirən indikatora hesabat “Bacarıqlar” adı altında hesablayır. Orta təhsilin keyfiyyəti və təhsil alan şagirdlərin oxuma dövrü, məzun olan şəxslərin şəxsi inkişafları üzərində işləməsi, aktiv əhali arasında rəqəmsal bacarıqlar üzrə ölkəmiz 6 pillə irəliləyib. Bu artım birinci-vitse-prezident Mehriban Əliyevanın təhsil və insan kapitalının inkişafı istiqamətində göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Ticarət və gömrük siyasətini özündə əks etdirən “əmtəə bazarı” göstəricisi 2 sub-indeksə bölünərək müvafiq olaraq ölkə daxili rəqabət və ticarət açıqlığını hesablayır. Göstəricinin hesablanma istiqamətləri bazarlarda inhisarçılıq və onun səviyyəsi, xidmət sektorunda rəqabətlilik, qeyri-tarif tənzimləmə tədbirləri, ticarət tarifləri və sərhəd keçid məntəqələrində gömrük rəsmiləşdirilməsinin çevikliyindən ibarətdir. Azərbaycan “əmtəə bazarı” göstəricisi üzrə 14 pillə irəliləyərək yuxarıda göstərilən parametrlər üzrə yüksək bal əldə edib.
İşçilərin və əmək resurslarından səmərəli istifadəni özündə əks etdirən “əmək bazarı” indikatoru üzrə son illər ciddi islahatlar aparılıb ki, bu islahatların bir çox hissəsi qanunvericilik dəyişikliklərindən və institutsional islahatlardan ibarətdir. Qlobal Rəqabətlilik İndeksi bu istiqaməti təzminat xərcləri, işəgötürmə və işdən çıxarma, işçi-işə götürən arasındakı münasibətlər, əmək haqqı müəyyənləşməsində çeviklik və ədalətlilik, əcnəbi işçilərin işə qəbulunun asanlığı, peşəkar idarəetmədə təhvil vermə mədəniyyəti, işçi qüvvəsində qadınların iştirak səviyyəsi və əmək haqqından tutulan vergi dərəcəsindən ibarətdir. “Əmək bazarı” üzrə Azərbaycan 19 pillə irəliləyərək dünya ölkələri arasında 21-ci mövqedə qərarlaşıb. Bundan əlavə, əmək siyasətinin daha çevik həyata keçirilməsi üzrə 0-100 bal şkalasında 69,4 bala malikdir.
Son iki göstərici kimi təhlil edilən “biznesin dinamikliyi” və “innovasiya” üzrə Azərbaycan müvafiq olaraq 8 və 3 pillə irəliləyərək ölkəmizin biznes mühitinin inkişafı istiqaməti üzrə aparılan intensiv islahatlara adekvat cavab verib. Sahibkarlıq risklərinin tənzimlənməsi, ölkə üzrə müflisləşmə, biznesə başlamaq üçün sərf olunan zaman, elm-tədqiqat xərcləri, patent müraciətləri, tədqiqat institutlarının sayı və keyfiyyəti, biznesdə innovativ yeniliklərin tətbiqi üzrə Azərbaycan dünya ölkələri arasında yüksək bal əldə etmiş reytinqə malikdir. Yalnız biznesin dinamikliyi üzrə Azərbaycan 141 ölkə arasında 31-ci mövqedə qərarlaşıb. Son hesabatı təhlil etdikdə görərik ki, Azərbaycan 141 ölkə arasında ən yüksək yüksəliş balı əldə edib, Cənubi Qafqaz ölkələri arasında lider, MDB ölkələri arasında isə ilk üçlükdədir.

Anar

Xəbər 124 dəfə oxundu

Ana səhifə