PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 16:23:00 | Sosial şəbəkədə paylaş:

“Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır”-deyən İsa Qəmbər Əli Kərimliyə öz yerini göstərdi Son günlər müxalifət daxilində müzakirə olunan əsas məsələlərdən biri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Müsavat Partiyasının hazırlaşdığı qurultayda başqan seçiminə müdaxiləsidir. Çünki əvvəlki qurultaydan fərqli olaraq indi AXCP rəhbərinin Tofiq Yaqublu vasitəsilə bir çox müsavatçılara təsir imkanları artıq, o artıq rəqib partiyada qruplaşmalar yaratmağı, müsavatçıları üz-üzə qoymağı da bacarıb desək, yanılmarıq. Bu istiqamətdə təkcə mətbuatda gedən yazılar deyil, sosial şəbəkələrdə cəbhəçilərlə müsavatçılar arasında olan söz atışmalarında da Tofiq Yaqublu amilinin məhz AXCP sədri tərəfindən ortaya atıldığı artıq şübhə doğurmur. Müsavat Partiyası oktyabrın 12-də keçiriləcək növbəti qurultayına qalmaqallarla hazırlaşdığı məqamda keçmiş başqan İsa Qəmbər sosial şəbəkələrdə bilərəkdən siyasi mesaj kimi status yazaraq, Arif Hacılı ilə bir neçə fotosunu paylaşıb, onu bəh-bəhlə də tərif edib. Onun indiki başqan Arif Hacılı ilə isti münasibətdə olduğunu və bununla da başqan kimi yalnız onu gördüyünü göstərən fotolu paylaşımı Əli Kərimliyə də bir mesaj sayıla bilər.
Ümumiyyətlə, partiyaya rəhbərlik etmək uğrunda hələlik 3 namizəd - sabiq başqan müavini Yadigar Sadıqlı, Tofiq Yaqublu və Müsavat Partiyasının indiki başqanı Arif Hacılı mübarizə aparır. Amma adını, guya “demokratik mühit” qoyduqları bu bir-biri ilə üç soyuq münasibətdə olan namizədlərin hərəsinin bir “məzhəbə” qulluq etməsini göstətən davranışlar, atmacalar partiyanın gələcək taleyinin yaxşı olmayacağını da göstərir. Son günlərə kimi, müsavatçıları da ən çox narahat edən məsələ məhz bu olub, Əli Kərimlinin qurultayda başqan seçkilərinə müdaxilə edəcəyini isə Müsavatın zəif yeri kimi dəyərləndirirlər. Yuxarıda da qeyd etdiyimiz kimi, artıq sabiq başqan İsa Qəmbər də qurultayla, başqan seçimi ilə bağlı mövqeyini ortaya qoydu. Bəlkə də bundan sonra bir qədər müsavatçıların ürəklərinə buz kimi yayılan bu siyasi dəstək Müsavatı Əli Kərimlinin əlinin altında kiçik bir əmrə tabe olan müxalifət partiyasına çevirməkdən qurtara bilər.
Qeyd edək ki, son anda meydana atılan İsa Qəmbər özünün “Facebook” səhifəsində, nə ilin yarısından çoxunu Əli Kərimlinin yanında olan Tofiq Yaqubluya, nə də Arif Hacılı ilə düşmən kimi davranan Yadigar Sadıqlıya etibar etmədiyini göstərdi. O yazdığı statusda Arif Hacılıya birbaşa dəstəyini ifadə edib. “Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır”-deyən İsa Qəmbər Əli Kərimliyə öz yerini göstərməklə yanaşı, əslində müsavatçılara da ondan sonra partiyada normal lider qalmadığını nümayiş etdirdi. Yəni, baxın ay müsavatçılar, görün nə günə qalmışıq ki, mənim başqanlığım dönəmində partiyaya “siyasi desant” ata bilməyən adamlar indi Müsavatı öz partiyalarının filialına çevirmək üzrədirlər.
Bütün bu olaylar, hətta AXCP rəhbərini daim tərif etməsi ilə seçilən Ramiz Yunusun “Əli Kərimlinin dəstəyi ilə Tofiq Yaqublu qalib gələcək” deməsi yaddan çıxmayıb.Bunun ardınca Gültəkin Hacıbəylinin “Tofiq Yaqubluya “milli şura”nın rəhbərlərindən biri, əziz dostumuz kimi xüsusi münasibətimin olması kimsədən gizlin deyil, ancaq istənilən halda bu, müsavatçıların müstəsna seçimidir və bu seçimə hörmətlə yanaşıram”-deyərək, təriflə Kərimlinin namizədinə öz dəstəyini göstərməsi Müsavat uğrunda savaşın hansı həddə çatmasından xəbər verir. İsa Qəmbərin isə 2014-cü il başqanlıq seçimindən fərqli olaraq indi ortaya aşkar mövqe qoyması da partiyanın gələcək taleyinin təhlükədə olmasından xəbər verdi. Yəni, sən demə, doğrudan da Əli Kərimli əməllicə qolunu çırmayaraq, qurultayda anormal işlər çevirməyə hesablanmış işlərə girişib ki, burada da iki partiya arasında qurultay sonrası da yeni narazılıqların cücərəcəyini təxmin etmək olar.
Yəni görünən odur ki, AXCP-nin nəinki cəmiyyətdə, müxalifət düşərgəsində də nüfuzunun xeyli aşağı düşməsi Əli Kərimlini ciddi şəkildə düşündürür. Ümumiyyətlə, müxalifət daxilində intriqa, parçalanma yaranan zaman dərhal həmin işlərin arxasından AXCP rəhbəri çıxıb. Bu, yaxın tariximizdə müxalifət düşərgəsindəki əksər uğursuzluqlarla bağlı baş verən olaylarda da belə idi, indi də belədir, çox güman ki, AXCP-nin uzun illərdir ki, dəyişməz qalan sədri bundan sonra da suları bulandıracaq... İndiki halda Müsavatda qrup yaradıb müsavatçıları üz-üzə qoymaq yalnız bir adama sərf edərdi ki, bu da AXCP rəhbəridir. Belədə, ən azından, Kərimlinin ciddi rəqibi olan Müsavat qurultaydan sonra gücdən düşə, qopmalar, parçalanmalar ola bilər. Yaxud da İsa Qəmbərin işlərə aşkar müdaxiləsinə, siyasi mesajına və dəstəyinə baxmayaraq, qurultaya atdığı “desant”-Tofiq Yaqublu qələbə qazansa, onun diqtəsi ilə hərəkət edən bir başqa partiyaya sahib olacaq. Hətta Tofiq Yaqublu qalib gəlməsə belə, onun Müsavatdan çıxacağı da inandırıcı deyil. Çünki o, müsavatçı adı ilə “milli şura”da qalaraq Əli Kərimlinin əlinə hələ çox işləyəcək.
Bir maraqlı cəhət də odur ki, AXCP-nin 8 oktyabr piketi anormal bir aksiyaya çevrildi.Xalqı piketə çağıran Kərimli özü qaçıb gizləndi. Piketə toplaşanlar isə idarəolunmaz bir kütləyə çevrildilər. İndi 50 nəfərlik bir piketi idarə edə bilməyən Kərimli qos-qoca Müsavat Partiyasına necə nəzarət edə biləcək?

Tural Tağıyev


Xəbər 156 dəfə oxundu

Ana səhifə