PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 17:00:00 | Sosial şəbəkədə paylaş:

«Dönüb bir arxaya –«məxməri inqilab»dan əvvəlki ölkənin siyasi, iqtisadi və mənəvi-psixoloji həyatında hökm sürən vəziyyətə baxın. Unutmayın ki, həmin dövrdəki rəzil həyat üçün məsul olan şəxs məhz Robert Koçaryan idi. Ona görə də onu bu gün Ermənistanda siyasi məhbus elan edərək, müdafiəsinə qalxmaq adama utanc gətirir». Bu fikirləri «1in.am» saytına «Vətən və şərəf» partiyasının sədri Qarnik Marqaryan hazırda Ermənistanda Koçaryanı dəstəkləyən bir qrup şəxsə xitabən bildirib.
«Mən sizlərə xatırlatmaq istəyirəm ki, Ermənistanın ilk prezidentinin dövründən ölkə iqtisadiyyatı çökməyə başlasa da, amma Robert Koçaryan dövründə bu problem daha da dərinləşdi. Məhz Robert Koçaryanın hakimiyyəti dövründə ölkədəki soyğunçuluq, özbaşıınalıq geniş vüsət almağa başladı. Bu da təbii ki, Ermənistanda korrupsiyanın vüsət almasına geniş yol açdı. Təsadüfi deyil ki, məhz Koçaryanın hakimiyyəti dövründə Ermənistan rəzil həyat səviyyəsinə görə, BMT-nin üzvü olan 133 ölkə arasında 129-cu yerdə qərarlaşmışdı. 2012-2014-cü illərdə korrupsiyaya qarşı fəaliyyət göstərən mütəxəssislərimiz Koçaryan başda olmaqla, hakimiyyətdə olan bir neçə şəxsin sərvətlərinin həcmini təqdim etdilər. Maraqlıdır ki, həmin dövrdə Koçaryan öz sərvətinin həcminə görə, bütün dünya liderlərini kölgədə qoymuşdu. Məhz buna görə də, bu gün Ermənistanda bir çoxlarının Koçaryan kimi bir oğrunu müdafiə etmələri absurddur. Qəribə məntiq yaranıb. Məgər bu gün Robert Koçaryan, Serj Sarqsyan və digər xalqa qənim kəsilənlərə, sadə erməniləri talayanlara «qəhrəman» adı verilməlidirmi?»
Erməni partiya sədri hazırda Koçaryana qahmar çıxanlara başçılıq edənlərdən biri kimi Zori Balayanı da utanmazlıqda ittiham edir. Ona, məhz Koçaryanın hakimiyyəti dövründə Qarabağ klanının təşəkkül taparaq, xalqı soyduğunu xatırladır.
Maraqlıdır ki, köhnə hakimiyyət liderlərini tənqid edən Qarnik Marqaryan Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın «müsbət addımlarını» tərif edərək, onun ölkədəki pensiyaları 16 min dramdan 25 minə qaldırdığını böyük uğur kimi təqdim edir. Lakin Marqaryan bir şeyi, Nikol Paşinyanın 27 oktyabr hadisələrinin açıqlanmasına başlamamasını onun ən böyük səhvi kimi təqdim edir: «Əgər bu cinayətin üstü, onu sifariş verənlərin adı açıqlansaydı, inanıram ki, bu gün Koçaryan üçün küçəyə çıxanların çoxu susub, onu müdafiə etməkdən çəkinərdilər. Çünki Koçaryan təkcə 1 mart, 27 oktyabr hadisələrinə görə deyil, həm də digər cinayətlərinə görə məsuliyyətə cəlb edilməlidir».
Bu gün Ermənistanda ən qatı çinayətkarların belə, siyasi məhbus kimi təqdim edilməsini ölkə üçün böyük qəbahət sayan Marqaryan Serj Sarqsiyanın da yaxın vaxtlarda ittiham olunaraq, müttəhimlər kürsüsündə oturacağına əminlik bildirir.
Ağasəf Babayev



Xəbər 231 dəfə oxundu

Ana səhifə