PALITRA
  Gündəlik online qəzet
26.03.2020 | 15:11:00 | Sosial şəbəkədə paylaş:


Göründüyü qədər asan olmayan pinəçilik peşəsi nəinki Azərbaycanda, eləcə də qonşu ölkələrdə də geniş yayılıb. Haqqında söhbət açacağımız Qazax rayon sakini, çəkməçi Aydın Bayramov da öz sənətinə ürəkdən bağlıdır.

AZƏRTAC xəbər verir ki, 80 yaşlı Aydın usta hələ də iş başındadır. Ömrünün 63 ilini bu işə həsr edən çəkməçi rayonda bir vaxtlar məşhur olan Ləzgi Əhmədin yanında şagirdlik edib. Hətta o, çəkməçi işləyə-işləyə ali təhsil alıb.
Ayaqqabı ustası düz 40 il əvvəl ona çəkmə sifariş verən müştərisinin yolunu hələ də gözləyir. Həmin çəkməyə gözü düşənlər olsa da, heç kimə satmayıb. “Gördüyünüz bu ayaqqabıya 100 manat da versələr, satmaram. Çəkməni sifariş edən İbrahim kişi kim bilir, bəlkə sağ deyil, bəlkə də başına bir iş gəlib. Nə vaxtsa sifarişini gəlib götürəcək deyə, bu ayaqqabını ölənə kimi saxlayacağam. Çünki o kişi pulunu verib, deyib ki, gəlib götürəcək”, – Aydın usta belə deyir.
Sonra əlavə edir ki, bu işlə məşğul olanda mənəvi rahatlıq tapır. Ucuz və keyfiyyətsiz ayaqqabılar peyda olandan sonra tikilmə ayaqqabılara marağın azaldığını, lakin sağlamlığına fikir verən insanların bu gün də dəri ayaqqabılar sifariş etdiklərini bildirir. Hətta Qazaxdan köçüb Rusiyada yaşayan soydaşlarımız da zəng edib ayaqqabı tikdirirlər. Aydın ustaya ən çox şöhrət qazandıran isə vaxtilə tikdiyi xrom çəkmələr olub.
Müştərilərini emalatxanasında gülərüzlə qarşılayıb, yola salan çəkməçi təbi gələndə şeir də yazır.

Xəbər 105 dəfə oxundu

Ana səhifə