PALITRA
  Gündəlik online qəzet
26.03.2020 | 17:21:00 | Sosial şəbəkədə paylaş:


İsmayıllının Basqal qəsəbəsində yaşayan Cahid Əliyev ata-babasından ona miras qalan halvaçı sənətini bu gün də davam etdirərək, dadlı səməni halvası bişirməklə məşğuldur. Basqalın səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun yalnız təbii məhsullardan hazırlanmasıdır.

Halvaçı Cahid Əliyev deyir ki, səməni halvasının maraqlı və çətin bişirilmə texnologiyası var. 8 günlük səməni yuyulub, ət maşınında çəkildikdən sonra tənziflə sıxılaraq suyu alınır. Daha sonra səməni suyu unla qarışdırılaraq yoğurulur. Gur ocaq üzərinə qoyulan halva 8 saata yaxın növbəli şəkildə qarışdırılaraq bişirilir.
Bu halvanı yay fəslindən başqa ilin bütün fəsillərində bişirmək mümkündür. Amma səməni halvasının hazırlanması çətin proses olduğu üçün daha çox Novruz bayramında bişirilir.
Halvaçı deyir ki, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.
Basqal Qəsəbə sakini Rayihə Piriyeva isə bildirir ki, Basqal səməni halvasını ilin bütün fəsillərində bişirmək olar: "Sadəcə biz bu halvanı Novruz süfrəsində, çərşənbələrdə görməyə adət etmişik. Başqa şirniyyatlarla bərabər şəkərbura, paxlava, şorqoğalı ilə bərabər bu şirniyyat növü də bizim süfrələrimizi bəzəyir. Bundan əlavə, toy və nişan məclislərində, el şənliklərində bu halva süfrələrimizdə olur. Bizim özünəməxsus Basqal halvamız başqa yerlərdə bişirilən halvalardan istər görünüşünə, istərsə də dadına görə çox fərqlənir".

Xəbər 124 dəfə oxundu

Ana səhifə