PALITRA
  Gündəlik online qəzet
12.09.2018 | 15:55:00 | Sosial şəbəkədə paylaş:

Birləşmiş Millətlər Təşkilatının (BMT) təmsilçisi, BMT-nin Uzunömürlülər İnstitutunun direktoru, professor Marvin Formoza Azərbaycana səfəri çərçivəsində Lənkərana gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaq səfərinin ilk günü Lənkəran Dövlət Universitetində (LDU) olub.
Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla Marvin Formoza arasında keçirilən görüşdə qonaq səfərinin əsas məqsədinin Lənkəran rayonunda yaşayan uzunömürlü insanların həyat və yaşam tərzlərinin tədqiq edilməsi ilə bağlı olduğunu bildirib. İnsan ömrünü uzatmağın hazırki dövrdə ən vacib sosial problemlərdən biri olduğunu deyən BMT-nin təmsilçisi, bu amilə təsir göstərən sosial faktorları professor Natiq İbrahimovla birgə müzakirə edib, uzunömürlüyü ilə seçilən Azərbaycanın cənub bölgəsində, o cümlədən Lənkəranda məsələnin hərtərəfli araşdırılmasında LDU-nun yardımını məqsədəuyğun sayıb.
Görüş zamanı LDU-da sosial herontologiyanın tədrisinin təşkili məsələləri də müzakirə edilib. Tələbə və gənc tədqiqatçıların sosioloji tədqiqatlara cəlb edilməsi, onlara ahıl insanlarla işləmək bacarıqlarının aşılanması, uzunömürlülüyün sirlərinin, bu amilə təsir göstərən faktorların elmi araşdırılması və sair barədə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı BMT-nin Uzunömürlülər İnstitutu ilə LDU arasında bu sahədə birgə fəaliyyətin təşkilinin önəmi xüsusi vurğulanıb.
Professor Natiq İbrahimov əməkdaşlığa hazır olduqlarını, beynəlxalq mütəxəssislərə yardımçı olacaqlarını bildirib.
Qeyd edək ki, professor Marvin Formozanı səfər zamanı AMEA-nın Fiziologiya İnstitutunun əməkdaşları - biologiya üzrə fəlsəfə doktorları Sevinc Hüseynova və Çingiz Qasımov müşayiət ediblər.

Xəbər 30 dəfə oxundu

Ana səhifə