PALITRA
  Gündəlik online qəzet
12.09.2018 | 18:44:00 | Sosial şəbəkədə paylaş:

Sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva, nazirliyin və idarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə M.Vəliyeva ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib. O, BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin 2018-2019-cu tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini bildirib.
Nazir müavini deyib ki, son illər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının nəticələrində, bütövlükdə isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda müsbət dinamika müşahidə edilməkdədir.
Sonra 2017-2018-ci tədris ili ərzində BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. “Bilik günü” münasibətilə təhsil işçilərinə təbriklərini çatdıran nazir bir sıra həlli vacib məsələlərə, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub.
Təhsil naziri respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ildən-ilə artdığını bildirib.
Buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşması istiqamətində görülən işlərdən danışan C.Bayramov məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını diqqətə çatdırıb.
Daha sonra 35 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Pərvanə Talıbova, müəllimlərin işə qəbulu müsabiqəsində 55 bal toplayan İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Ülvi Şamilov, 244 nömrəli tam orta məktəbin məzunu və bu il ali məktəblərə qəbul imtahanında 666 bal toplayan, Azərbaycan Dillər Universitetinin birinci kurs tələbəsi Rəşidə Həqiqətli çıxış edərək təhsil sahəsinin inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərdən danışıb və bu sektorun daim diqqət mərkəzində olduğunu bildiriblər.
Sonda pedaqoji ixtisaslar üzrə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə təşəkkürnamələr təqdim edilib. Həmçinin yüksək balla müəllim kimi işə qəbul olunan, eləcə də uzun müddət təhsil sistemində çalışan müəllimlər mükafatlandırılıblar.

Xəbər 205 dəfə oxundu

Ana səhifə