PALITRA
  Gündəlik online qəzet
12.09.2018 | 20:37:00 | Sosial şəbəkədə paylaş:

“Yaşatmaq yaşamaq qədər gözəldir”

Sevindirici haldır ki, əvvəlki illərə nisbətdə son bir neçə ildə dini mərasimlərdə arzuolunmaz halların sayı xeyli azalıb. Hətta qançıxarma əvəzinə qanvermə aksiyalarının keçirilməsi halları daha çox müşahidə olunur. Bu mövzuda Azərbaycan bir çox müsəlman ölkəsinə nümunə ola bilər.
Məsələ ilə bağlı münasibət bildirən “Qəhrəman Donorlar” Xeyriyyə İctimai Birliyinin sədri Emil Vəliyev deyir ki, donor fəaliyyəti bu ayda, xüsusən, vacibdir və gərəklidir:
“Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə silsilə qanvermə aksiyaları həyata keçirilir. Aksiyalar Bakı şəhərində və regionlarda yerləşən məscid və ziyarətgahlarda təşkil olunmaqdadır. Nəzərinizə çatdırım ki, bir sıra vətəndaşlarımızın dini inanclarına görə Məhərrəmlik ayında qan vermək xüsusi önəm daşıyır.
Mərkəzi Qan Bankının verdiyi məlumata əsasən hər il Aşura günündə qanvermə aksiyaları zamanı 5000-ə yaxın insan qan verir. Əsas fəaliyyət sahəsi qanvermə aksiyalarının təşkili olan ictimai qurum olaraq belə tədbirlərin hər il ənənəvi olaraq keçirilməsinin tərəfdarıyıq. Eyni zamanda qeyd etmək istərdik ki, bu aksiyalarda qan verən vətəndaşlarımızın çox hissəsi ilin digər aylarında belə xoşməramlı aksiyalarda aktiv şəkildə iştirak etmirlər. “Qəhrəman Donorlar” İctimai Birliyi olaraq vətəndaşlarımızın müntəzəm olaraq ildə ən azı 2 dəfə könüllü olaraq qan vermələri üçün müəyyən təşkilati işlər həyata keçirməkdəyik”.
“Qəhrəman Donorlar” Xeyriyyə İctimai Birliyinin sədri deyir ki, Məhərrəm ayında toplu halda qanvermə aksiyalarının təşkil edilməsi müsbət addım sayılsa da, Məhərrəmlikdən sonrakı aylarda xəstə insanlar üçün vacib olan ehtiyat qan bazasının məhdudluğu hiss edilir: “Digər bir problem yalnız Aşura günündə toplanan qanın qısa müddətə tam olaraq məqsədəuyğun istifadə edilə bilməsidir. Bizim istəyimiz insanlarımızın müntəzəm olaraq bir neçə aydan bir qan vermələridir. Misal üçün, bir donor özünə bir talassemiyalı uşaq seçir və hər 4 aydan bir ona qan verir. Bununla da həm həmin uşaq hər ay gecikmədən yeni qan əldə edir, həm də donorlarımız daha sağlam olurlar. Müntəzəm olaraq qan vermək insan sağlamlığı üçün çox faydalıdır. Bunu dindar qardaşlarımız da, yəqin ki, gözəl bilirlər. Bədəndə qanın yenilənməsi üçün qan verilməsi, bunun faydaları ilə bağlı müvafiq hədislər də mövcuddur”.
Emil Vəliyev onu da vurğuladı ki, “Qəhrəman Donorlar” təşkilatı olaraq könüllü donorluğun təşviq edilməsi üçün Mərkəzi Qan Bankı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə digər önəmli günlərdə də aksiyalar təşkil edirlər: “Buna misal olaraq hər il 26 fevralda Xocalı faciəsi günündə, 1 iyun-Beynəlxalq Uşaqlar Günündə, Ordu Günündə, 8 may- Beynəlxalq Talassemiya günündə də aksiyalar təşkil edirik. Bu il də Məhərrəm ayında bütün vətəndaşlarımızın qanvermə aksiyalarında aktiv olmalarını arzu və tövsiyə edirəm. Təkcə dini kəsim deyil, həm kəs belə bir savab işə qol qoya bilər. Necə deyərlər, “Yaşatmaq, yaşamaq qədər gözəldir!”. Könüllü donor olmaq istəyənlər www.donorlar.az saytında anket doldurmaqla donor da ola bilərlər.
Tural Tağıyev

Xəbər 186 dəfə oxundu

Ana səhifə