PALITRA
  Gündəlik online qəzet
12.09.2018 | 21:03:00 | Sosial şəbəkədə paylaş:

Uşaq idim. Ən sevimli oynamaq yerim, evimizin arxasından axan çayın kənarındakı çəmənlik sahə idi. Çayın o biri sahilində bitmiş söyüd ağacları o qədər böyük idilər ki, onların kölgələri bu biri sahildəki çəmənliyi də tuturdu.
Qonşu uşaqlarla və mənim daimi nəzarətçim olan bacımla bu sahədə oynamaq - qazayağının, tərənin (əməköməcinin), əvəliyin, qanqalın, turpun, istiotun özəklərini soyub yemək, bağayarpağının nazik, uzun özəklərini qoparıb müxtəlif oyuncaqlar, fiqurlar düzəltmək və s. bu kimi fantaziyalı oyunlar mənim ən sevimli oyunlarım və oyuncaqlarım idilər.
Bir gün yenə çay kənarındakı həmin çəmənlikdə oynayırdıq. Əynimdəki nimdaş köynəyim o qədər bozarmışdı ki, heç xoşuma gəlmirdi. Necə oldusa köynəyimi bəzəmək fikrinə düşdüm. Onu əynimdən çıxarıb dizlərimin üstünə sərdim və qonşu uşaqlarından öyrəndiyim “gülvurma” əməliyyatına başladım. Enli bağayarpağılarını köynəyimin yaxası boyunca düzüb üstdən onları dişlərimlə sıxıb yaşıl rənglərini müxtəlif bəzəklərlə köynəyimə keçirirdim. Əvvəlcə köynəyimin yaxalarını “bəzədim” və bu mənim xoşuma gəldiyi üçün köynəyin ətəklərini və daha sonra isə qollarını da, beləcə, bəzəklədim. Çox bəzəkli bir köynəyim oldu və mən sevinə-sevinə onu əynimə geyinib oynayan uşaqlara qoşuldum. Xeyli oynayıb yorulandan sonra bacım əlimdən tutub məni evimizə gətirdi. Həyətimizə girib pilləkənlə evə qalxmaq istəyəndə anam bizi gördü və təəccüblə mənə baxaraq:
- Adə, köynəyi niyə o günə qoyubsan? - deyə soruşdu və mənə tərəf yaxınlaşıb, - çıxart köynəyi, ver, aparıb yuyum! - dedi.
- Yox, mən güllü köynək istəyirəm! - deyib qaçdım. Anam məni tutmaq istəsə də, tuta bilmədi və bir qədər qovandan sonra yorulub:
- Kürəyi yanmış, gör necə qaçır, çata da bilmirəm, - deyə gileyləndi və mən də anamın yorulduğunu başa düşüb qəflətən dayandım. Elə bu zaman, anamın mənə tərəf uzatdığı əli kürəyimə elə bərk dəydi ki, gözlərimdən qığılcım çıxdı. Nə isə demək istədim, amma səsim çıxmadı. Nitqim batdı. Nə qədər çalışsam da, danışa bilmədim və söz deyə bilmədiyim üçün ağlamağa başladım. Anam məni bağrına basdı, üzümə baxıb: - nə oldu sənə? - deyə soruşdu. Mən isə hıqqıldaya-hıqqıldaya qalmışdım və heç nə deyə bilmirdim. Anam yenə həmin sualı həyəcanla təkrar elədi: - nə oldu sənə?! Mat-mat, çarəsiz kimi onun üzünə baxdım və anam məni bağrına basaraq: - əlim qurusun, balamı niyə vurdum?! - deyə, özünə qarğış elədi. Onun bir damla göz yaşı üzümə düşdü. Qəflətən dilim açıldı:
- Yox, ana, elə demə, bəs çörəyimizi təndirə kim yapar? - deyə dilləndim.
Anam məni bir daha bağrına basıb göz yaşlarını sildi və - get oyna! - dedi. Mən o “güllü” köynəyimi bir də görmədim və tezliklə onu unutdum. Amma mən indi - bu qoca çağımda da anamın həmin ürək döyüntülərini və bir damla göz yaşını unutmamışam.

Ağasəf İmran

Xəbər 72 dəfə oxundu

Ana səhifə