“Tarda ifa etdiyim zaman tam başqa aləmdə oluram”
Tarix: 22.07.2013 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Səbuhi Cəfərov: “Əgər mən elmi fəaliyyətimdə nə isə göstərə bilirəmsə,
tələbə yetişdirə bilirəmsə, bu, mənim üçün böyük fəxrdir”


Müsahibimiz Azərbaycan Dövlət Televiziyası və Radiosunun S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri və solisti, Azərbaycan Milli Konservatoriyasının dosenti Səbuhi Cəfərovdur:

Səbuhi Aslan oğlu Cəfərov 1968-ci ildə Quba şəhərində ziyalı ailəsində anadan olub. 1995-ci ildə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Kütləvi İnformasiya Vasitələri işçilərinin Həmkarlar İttifaqının qərarı ilə “Qızıl qələm” media mükafatına layiq görülüb.

Səbuhi Cəfərovun çoxlu sayda elmi işləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə dərs vəsaiti kimi tövsiyə edilərək çap olunub. Çap olunan elmi işləri arasında “Azərbaycan bəstəkarlarının əsərləri” (2005), S.Ələsgərovun “3 saylı konsert”i haqqında “Metodik tövsiyə” (2006), F.Əmirovun “Sevil” operasının mövzuları əsasında “Fantaziya” haqqında “Metodik tövsiyə” (2006), F.Əmirovun “1001 gecə” baletinin mövzuları əsasında “Fantaziya” haqqında “Metodik tövsiyə” (2007), “Azərbaycan və xarici ölkə bəstəkarlarının ansambl üçün işlənmiş əsərləri” (2009), S.Ələsgərovun tar üçün konsertləri haqqında qamma və arpeciolar mürəkkəb variantda “Musiqi dünyası” ali və orta ixtisas məktəbləri üçün dərs vəsaiti, Əməkdar artist V.Məmmədəliyev haqqında“İstedadlı tar ifaçısı” elmi məqaləsi “Qobustan” jurnalında dərc olunub. Səbuhi Cəfərov pedaqoji fəaliyyətində əldə etdiyi uğurlara görə dəfələrlə “Fəxri fərman”la təltif olunub.
- Səbuhi müəllim, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri ansamblında konsermeyster kimi fəaliyyət göstərirsiniz...
- Mən 1993-cü ildə orkestrin bədii rəhbəri Nəriman müəllimin dəvəti ilə orkestrə gəldim. Bir il fəaliyyət göstərdikdən sonra orkestrdə konsertmeyster kimi çalışmağa başladım. Orkestr ilə əməkdaşlığım bu dövrlərdə başlayıb. Həmin ildə görkəmli bəstəkarımız Süleyman Ələsgərovun “3 nömrəli tar konsert”inin təqdimatını ilk dəfə orkestrlə birlikdə keçirdik. O zaman mən Bakı Musiqi Akademiyasının tələbəsi idim. Hacı Xanməmmədovun “Tar və orkestr üçün 1 nömrəli konsert”i, eyni zamanda “2 nömrəli konsert”ini, Cahangir Cahangirovun “Tar və orkestrin konserti”ni, Səid Rüstəmovun “Tar və orkestrin konserti”ni və mürəkkəb formalı əsərləri Faiq müəllimin dirijorluğu ilə lentə yazdırmışıq. Bundan başqa bir neçə Azərbaycan və xarici bəstəkarların əsərlərini də tar və solo şəklində orkestr ilə birlikdə lentə yazdırmışıq. Bu yazılar da hazırda Teleradionun fondunda saxlanılır.
- Bir pedaqoq kimi tələbələrinizə musiqinin hansı sirlərini öyrətməyə çalışırsınız?
- Pedaqogika özü çətin bir elmdir. Qarşındakı gəncin istər kiçik, istərsə də böyük olmasından asılı olmayaraq, onunla münasibət qurmağa çalışmalısan. Onun daxilində olan hisslərini özünçün açıqladıqdan sonra onunla işləmək üslubunu bilirsən. Məsələn, tələbəm Bayramov Yusif Prezident təqaüdçüsüdür. Bundan başqa, yetişdirdiyim tələbələrin arasında dörd qrant mükafatçısı və laureatlar var. İndi isə tələbələrimlə vaxtaşırı konsertlərdə çıxış edirik. Bu konsertlərdə Azərbaycanın və qərb bəstəkarlarının əsərlərini ifa edirik. Bir müəllim kimi, həm də bir ifaçı olaraq tarın sirlərini bildiyim üçün çalışdığım bu illər ərzində Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş neçə-neçə dərs vəsaiti çap olunub. Hazırda isə iki tar, kanon və fortepiano üçün bir neçə əsərlərin üzərində işləyirəm.
- Tələbələrinizlə ünsiyyət qurduğunuz zaman onların yaşadığı hissləri bir pedaqoq kimi anlaya bilirsinizmi?
- Əlbəttə. Mənim gördüyüm müəllim-tələbə, böyük-kiçik münasibətlərini dərs prosesində sinfə daxil olsanız, görə bilərsiniz. Bizdə də dərs prosesində böyük-kiçik münasibətləri gözlənilir. Bu, mənim üçün bir qayda olaraq aksiomdur. Bütün tələbələrim mənim xasiyyətimi bilirlər. Bu, o demək deyil ki, mən ciddi insanam. Amma mənim belə bir xüsusiyyətim var ki, mən tələbəmlə dost oluram.
-Tələbələrinizin sizə vermək istədiyi sualları, ya da sizdən öyrənmək istədiklərini, şübhəsiz, çatdıra bilirsiniz. Bəs siz onların sizdən nəsə istədiklərini əvvəlcədən hiss edə bilirsinizmi?
- Sizin sualınıza ikitərəfli cavab vermək istəyirəm. Bizim ixtisas dərslərimiz fərdi şəkildə keçirilir. Amma buna baxmayaraq, dərs vaxtı digər tələbələrim də sinfə daxil olub, dərs prosesini izləyirlər. Bu dərs prosesində tələbəyə hansısa sualı verəndə digər tələbələrim də bu suala hazır olurlar.
- İncəsənət sahəsində tar ustadlarımız çoxdur. Əhsən Dadaşov, Bəhram Mansurov, Mansur Mansurov və s. adları sadalamaqla bitməz. İndiki zamanda isə Ramiz Quliyevdir. Bəs siz tar ixtisasına yiyələndiyiniz zaman kimin sənətinə maraq göstərib tarı sevdiniz?
- Mən gözümü açandan bəri evimizdə tar görmüşəm. Mənim atamın tar üzrə ibtidai musiqi təhsili vardı. Mənə tar tutmağı ilk dəfə atam öyrədib. Mənim tara bağlılığım atamdan keçib.
- Tarı sinənizə qoyduğunuz an ürəyinizdən nələr keçir? Xəyalınızda nələri canlandırırsınız?
- Bu, bir az çətin sualdır. Mən tarda ifa etdiyim zaman tam başqa aləmdə oluram. O aləm ki mənim dünyamdır və öz aləmimdə hansı hissləri yaşayıram, bu suala cavab tapmaq mənim üçün asan deyil. Çünki yaşadığım o hissləri belə dilə gətirmək çox çətindir. Sadəcə onu deyə bilərəm ki, musiqiçi ifa etdiyi zaman musiqini dərin hisslərlə duya bilirsə, o zaman həmin an ətraf mühitdən təcrid olunur. Musiqiçi daxilində keçirdiyi hisslərini simin üzərində əks edir və bu da onun hansı hisslər keçirdiyinin sübutudur. Mən də elə musiqiçilərdənəm.
- Tarın sarı siminə toxunduğunuz zaman hansı hissləri keçirirsiniz?
- El arasında belə bir deyim var ki, biz sarı simə toxunmuruq. Tarın sarı simi çox incə olduğundan, adətən, belə deyirlər. Sarı sim səslənmə baxımından orta registrə düşür. Ona görə də hər hansı bir musiqini ifa etdiyimiz zaman sarı simlə incə rəftar olunmalıdır. Çünki sarı simin bir xüsusiyyəti var ki, o, ifaçıdan incə ifa tələb edir. İndi anamın yoxluğu mənə hansı hissləri yaşadırsa, bu hisslər mənim ifamda özünü göstərir.
- Tarda hansı muğamı ifa etdiyiniz zaman xəyallarınızı yaşadırsınız?
- Ümumiyyətlə, hər bir muğamın özünəməxsus yeri var. Belə bir söz də var ki, əgər tarzənin hissiyatını yoxlamaq istəyirsənsə, ona segah çaldırmalısan. Bununla da onun daxili aləmini duyursan. Ya da onun ifa texnikasını bilmək üçün ona “Orta Mahur” çaldırmalısan. Çünki “Orta Mahur” texniki baxımdan çox çətin olan bir muğamdır. Sizin sualınıza cavab olaraq bildirmək istəyirəm ki, bir çox məclislərdə məndən “Çoban bayatı”sını çalmağımı istəyirlər. Ona görə də “Çoban bayatı”sını çalanda özümü başqa aləmdə hiss edirəm.
- Sənət fəaliyyətiniz üçün nə arzulayırsınız?
- Arzularım çoxdur. Çünki görüləcək işlərim hələ qabaqdadır. Qeyd etdiyim kimi, artıq beş dərs vəsaitim çap olunub. Mən indinin özündə də axtarışdayam. Yeni-yeni əsərlər üzərində işləmək istəyirəm. Artıq bu dairənin tərkibində trio, kvartet yaratmaq istəyirəm. 1997-ci ildə Həsən Rzayevin “Çahargah rapsodiyası”nı tar, kanon və fortepiano triosu üçün işləmişəm. Həsən Rzayevin məndə çox gözəl xatirəsi var. Həsən müəllim bu əsəri dinlədikdən sonra yazırdı: “Bu əsər on iki alətdə səslənməsinə baxmayaraq, müəllif kimi Səbuhi Cəfərova minnətdaram”. Mən hər hansı bir əsərə yaxınlaşdıqda ona öz prizmamla baxıram. Əlbəttə ki, bəstəkara müdaxilə etmədən, bəstəkarın fikirlərinə xələl yetirmədən. Hazırda bir neçə əsərin üzərində çalışıram. Əgər mən nəsə ifa edə bilirəmsə, elmi fəaliyyətimdə nə isə göstərə bilirəmsə, tələbə yetişdirə bilirəmsə, bu, mənim üçün böyük fəxrdir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info