Kompyuter istifadə edənləri təhdid edən 4 xəstəlik var
Tarix: 22.07.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Tibb elmləri doktoru Rövşən Həsənov: “Hər saatdan bir ən az 10-15 dəqiqə ayağa qalxaraq onurğanı rahatlaşdıran idman hərəkətləri edin”

Gündəlik həyatımızda lazımi vasitəyə çevrilən kompyuter ofis, ev, məktəb, ticarət, səyahət və digər yerlərdə çox önəmli bir rol oynayır. Son zamanlar inkişaf etməyə başlayan kompyuter sektoru müəssisələrdən müstəqil istehsala keçməsi ilə demək olar ki, hər evə daxil olub. Hətta bu gün bir çox evlərdə 2, bəzən də 3 kompyuterə rast gəlmək mümkündür. Müasir dövrdə hər bir insanın kompyuterə ehtiyacı var. Bu gün artıq insanlar kompyuter başında 7-8 saat vaxt keçirirlər. Lakin kompyuterdən çox istifadə onların səhhəti ilə bağlı problemlərə yol açır. Müsahibimiz Nevrologiya Klinikasının rəhbəri, nevroloq, tibb elmləri doktoru Rövşən Həsənovdur:

- Bu gün əl keyləşməsi əksər hallarda kompyuterdən istifadə edənlərdə daha çox müşahidə edilir. Xəstəliyin simptomları gecə saatlarında, xüsusilə də, yuxu əsnasında baş qaldırır və xəstəlik inkişaf etdikcə gündüzlər də özünü göstərir. Keyləşmə əvvəlcə bilək ağrısı ilə başlayır və kiçik əşyaları tutmaqda, ən adi işləri görməkdə çətinlik çəkməklə davam edir. Əl keyləşməsinin bir əlaməti də bəzən isti və soyuğu ayırmaqda çətinlik çəkməkdir. Bu xəstəlik həmçinin biləkdə burxulmalar, şəkər xəstəliyi, hipofiz vəzisinin həddindən artıq gücə düşməsi, bilək oynaqlarındakı mexaniki problemlərdən də irəli gələ bilər. Hər xəstəliyin müalicəsinə vaxtında başlamaq lazım olduğu kimi, bu xəstəliyin də müalicəsinə vaxtında başlamaq lazımdır. Ümumiyyətlə, kompyuterlərdən istifadə zamanı vacib olan məqamlara diqqətsizlik bir sıra fəsadlara gətirib çıxarır. Bunlar boyun fəqərələrinin yırtığı, tendinit, karpal tunnel sindromu və miofassial ağrı sindromudur. Bu xəstəliklər gündəlik həyatdakı bəsit hərəkətlərin belə, edilməsinin qarşısını ala biləcək qədər ciddi ölçülərə çata bilir. Kompyuterlərdən istifadə zamanı işlərin yerinə yetirilməsinin sürətinin artması özü iş sıxlığının artmasına gətirir. İşçilərin ekran qarşısında daha çox vaxt keçirmələri və buna bağlı fiziki aktivliyin aşağı olması, kompyuterin həddindən artıq və yanlış istifadəsi sağlamlıq problemlərinin artmasına səbəb olur. Kompyuter istifadə edənləri təhdid edən 4 xəstəlik var. Onlardan birincisi, boyun yırtığıdır. Boyundan başlayan və qola irradiasiya edən, xüsusilə güc itkisi və keylik ilə birlikdə inkişaf edən problem boyun yırtığına işarə edir. Xüsusilə, sabit mövqedə uzun müddət qalmaq boyun yırtığını tətikləyən faktorlardan sayılır. Miofassial ağrı sindromuna gəlincə, uzun müddət sabit vəziyyətdə işləmək məcburiyyətində olan şəxslərdə müəyyən əzələlərdə ağrılı nöqtələrə inkişaf edən miofassial ağrı sindromu meydana çıxa bilər. Bu sindrom, ümumiyyətlə, kürək sümüyü ətrafındakı əzələ qruplarında ağrıya səbəb olur. Tendinitə gəldikdə, həkim deyir ki, dirsək və bilək ətrafında fərqli tendinit növləri meydana çıxa bilər: "Şəxslərin klaviatura istifadə edərkən biləklərinin həddindən artıq yuxarıda olması və erqonomika qaydalarına uyğun hərəkət etməməsi nəticəsində əl və bilək ətrafında ağrılar meydana gəlir. Tendinit erkən müalicə edilmədiyi zaman davamlı ağrıya yol açaraq insanların gündəlik işlərini yerinə yetirməsini belə, məhdudlaşdırır. Karpal tunnel sindromu - əl və biləyin həddindən artıq istifadəsi bu xəstəliklə nəticələnə bilər. Bu xəstəliyin əsas simptomu əsasən gecə vaxtı nəzərə çarpan əllərdə olan keyimə şikayətidir. Xəstəlik uzun müddət davam etdikdə əl əzələlərində gücsüzlük və atrofiyalar meydana çıxa bilər.
- Bəs bu kompyuter xəstəliklərinə zəmin hazırlayan faktorlar hansıdır?
- Bu xəstəliklərə zəmin hazırlayan 10 faktor var. Kompyuter istifadəsi ilə bağlı meydana çıxan xəstəliklərə zəmin yaradan faktorlar individual, ətraf mühit və psixoloji faktorlar olaraq sıralanır. Bu amillərə təkrarlanan hərəkətlərin uzunmüddətli edilməsi, duruş pozulmaları, sabit bir mövqedə uzun müddət qalmaq, bəzi vəziyyətlərdə lazım olandan çox güc sərf edilməsi daxildir. Məsələn, klaviaturanın düymələrinin qüvvətli sıxılması və ya kompyuter "siçan"ının lazım olandan artıq güclə istifadəsini qeyd etmək olar. Ortaya çıxan xəstəliklərə şərait yaradan amillər sırasında başqa maraqlı məqamlar da var. Belə ki, bu amillərə qadın cinsi də ayrıca daxil edilir. Xüsusilə də karpal tunnel sindromu baxımından kompüter xəstəliklərinin yaranmasında qadın cinsi amili də dayanır. Yaşın artması amili isə hər iki cinsə aid edilir. Bundan başqa, xəstəliklərə zəmin yaradan digər amillərə pis erqonomik təchizat və ya ventilyasiyanın pis olması, işlərindən razı olmamaq və monoton işlər, ağır iş yükü (fiziki, zehni və ya mənəvi) və məsuliyyət, iş yerindəki yoldaşların və ya müdirin dəstəyinin zəif olması, siqaret çəkmək də daxildir.
- Kompyuter qarşısında düzgün oturmamaq hansı problemlərə yol açır?
- Hərəkətləri təmin edən onurğa beyni və sinirləri qoruyan onurğa sütunu gündəlik həyatımızdakı səhv istifadə ilə bağlı olaraq zərər görə bilər. Onurğa sütunu sümük və sümüklərin arasındakı yumşaq toxumalardan ibarətdir. Bu quruluş lazım olan şəkildə güclü və fizioloji şəraitdə saxlanılmazsa, yaş artdıqca bir çox xəstəliyə yol aça bilər. Nə etməli? Kürək və bel nahiyəsini dəstəkləyən bir kreslodan istifadə edin və onu uyğun yüksəkliyə nizamlayın. Bundan əlavə, hər saatda ən az 10-15 dəqiqə ayağa qalxaraq onurğanı rahatlaşdıran idman hərəkətləri edin. Kompyuterin ekranını birbaşa qarşınızda tutun. Bundan əlavə, ekran gövdənizdən təxminən qolunuz qədər uzaqda durmalıdır. Monitorun üstü göz xətti və ya bir az aşağıda olmalıdır. Ekranın təmiz olması da diqqət edilməsi lazım olan faktordur. Klaviatura dirsəklərinizdən bir az aşağıda olsun. Klaviaturanın individual nizamlanmasına diqqət edin. Əl və biləklərinizi mümkün qədər düz mövqedə tutun, yəni əl, bilək və barmaqlarınız eyni xətdə olsun. Klaviatura dirsəklərdən bir az aşağıda olmalıdır. Klaviaturanın bu yüksəklikdə olmağı kürək və çiyin əzələlərinin boşalmasına imkan verir. Kompyuter "siçan"ından yüngül istifadə edin, onun əlinizə uyğun ölçüdə olmasına diqqət edin. "Siçan"ı hərəkət etdirərkən bütün qolunuzu hərəkət etdirin və barmaqlarınızı yüngül işlədin. Kompyuter "siçan"ından istifadə müddətinə diqqət edilməsi də vacibdir. İstifadə müddəti ilə qol və ələ aid olan problemlər arasında əlaqə mövcuddur. Belə ki, istifadə müddəti artdıqca şikayətlərin faizi mütənasib olaraq artır. Ona görə də hər yarım saatdan bir fasilə verin. Bu zaman bəzi idman hərəkətləri tətbiq etməniz, uzun müddət sabit vəziyyətdə qalmaqla bağlı meydana gələn problemlərin qarşısını alacaq. Məsələn, çiyin geriyə çevrilə bilər və yaxud biləklərinizi və qollarınızı çevirib hərəkət etdirə bilərsiniz. Kompyuter qarşısında işləyərkən qabağa əyilmədən oturun, başınızı taraz tutun və çiyinlərinizin yumşaq olmağına diqqət göstərin. Kompyuter arxasında oturma mövqeyi də tez-tez dəyişməlidir. Masanın altında ayaqlarınızın rahat hərəkət etməyi üçün sahə olmalıdır və ayaqlarınız yerə düz təmas etməlidir. Dizlərinizi 90 dərəcədə tutmağa diqqət göstərin. Ayaqlarınız yerə təmas etmirsə, dəstək qoymağı unutmayın. Stulunuz hər yönə hərəkət edə bilsin. Hər yönə hərəkət edə bilən, yüksəklik nizamına sahib olan, bel və kürək dəstəyi olan, eyni zamanda qolları dəstəkləyən stullara üstünlük verin. Erqonomik şərait yaradın. İşıqlandırma, ventilyasiya, masa, stul və ofis vəsaitlərinizi erqonomik prinsiplərə görə tənzimləyin. Bu tənzimləmə əsasən iş gücü itkisinin qabağını alacaq.
- Digər ofis avadanlıqlarından istifadəni necə tənzimləmək lazımdır?
- Telefonu çiyin və baş arasında tutmaq da tövsiyə olunmur. Telefondan çox istifadə edirsinizsə, qulaqlıq istifadə edərək boyun ağrılarının qabağını ala bilərsiniz. Ofis vəsaitlərinizi tənzimləyin. İşləmə sahəsi yaradarkən tez-tez istifadə etdiyiniz vəsaitləri yaxına yerləşdirin. Telefonu sağ əllisinizsə sola, sol əllisinizsə sağa yerləşdirin. Əgər cədvəldən istifadə edirsinizsə, onu göz səviyyəsində və ya daha yuxarıya yerləşdirin. İdman hərəkətləri edin. Boş vaxtınız olanda elastikliyi və tonusu qorumaq üçün düzənli idman hərəkətləri edin. Hansısa xəstəliyiniz varsa, öncə müalicə etdirin. Sonra həkiminizin təklifinə görə idman edin.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info