Qeyri-neft sektorunun çəkisi üstünlük təşkil edəcək
Tarix: 23.07.2013 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Cavadxan Qasimov
İqtisad üzrə fəlsəfə doktoru


“...Biz bu strategiyanı icra edərkən qarşıya qoyulan hədəflərdən biri də neft amilindən istifadə edərək qeyri-neft sektorunu inkişaf etdirmək idi. Hələ o illərdə mən demişdim ki, neft bizim üçün məqsəd deyil, müasir dövlət yaratmaq üçün vasitədir. Hesab edirəm ki, bu imkanlardan biz səmərəli şəkildə istifadə edə bilmişik. Dövlət Neft Fondunun fəaliyyətə başlaması imkan verdi ki, neft gəlirlərinin şəffaflığı təmin edilsin və investisiya şəklində qeyri-neft sektoruna qoyulsun. Valyuta ehtiyatlarımızın ildən ilə artımı Azərbaycan iqtisadiyyatının neftdən asılılığını maksimum dərəcədə aşağı salmağa imkan verir”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Ölkəmiz iyirmi iki illik müstəqillik tarixinin böyük Heydər Əliyev siyasəti ilə bağlı olan iyirmi ilə yaxın hissəsində iqtisadiyyatın (xalq təsərrüfatının) bütün sahələrində ardıcıl tərəqqini təmin etmiş, təbiətin cəmiyyətlə, insanın torpaqla, əhalinin məhsuldar əməklə qırılmaz tellərinin təminatına əlverişli şərait yaradılıb. Əldə olunan siyasi nailiyyətlər iqtisadi proseslərin də yüksələn xətlə inkişafına təminat verib. İqtisadiyyatın bütün sahələrinin qarşılıqlı əlaqəsini təmin edən qanunvericilik bazası formalaşdırılıb, dövlətin iqtisadi siyasətinin uğurlu nəticələnməsinə istiqamətləndirilib. İqtisadiyyatın dayanıqlılıq və müvazinətlilik qabiliyyətinin təmin olunması və artırılaraq daha da möhkəmləndirilməsi, arzuolunmaz və xarici mənfi amillərin təsirindən qorunmaq xüsusiyyətlərinin gücləndirilməsi və bu kimi digər keyfiyyətlərin varlığına münbit zəmin yaradılıb.
Dahi Heydər Əliyevin müəyyən etdiyi iqtisadi siyasət nəticəsində hazırda iqtisadiyyatın istənilən sahəsinin effektiv inkişafı üçün tam təkmil hüquqi baza mövcuddur və bütün sahələrdə əməli, məhsuldar nəticələr əldə olunub. Respublikada genişmiqyaslı strateji nailiyyətlərin başlanğıcı kimi təbii ki, Azərbaycan tarixinin qızıl hərflərlə yazılı səhifələrini təşkil etməklə, tarixə Heydər Əliyevin neft strategiyası kimi düşən 1994-cü ilin “Əsrin müqaviləsi”, onun məntiqi davamı olan 1995-ci ilin aqrar islahatlar, dövlət mülkiyyətinin özəlləşdirilməsi, ölkəmizdə müəssisələrin fəaliyyətini tənzimləyən normativ sənədlərin və digər iqtisadi fəaliyyət mexanizminin təkmilləşdirilməsi istiqamətində atılan hər bir addım ümumilikdə dövlətimizin iqtisadi siyasətinin əsaslarını müəyyən etməkdədir. Bütün bunlar isə təbii ki, sadalanan faktorların mövcudluğu zəminində dövlətin sosial sferaya aid yönəldilmiş məqsədyönlü tədbirlərinin əsas ünsürləridir.
Qeyd edək ki, yuxarıda sadalanan amillər 1994-cü ildən “Əsrin müqaviləsi” ilə neft sektorunun əsasını qoymuş olurdusa, 1995-ci ildən isə həyata keçirilən məlum strateji tədbirlərlə də qeyri-neft sektorunun təməl prinsiplərini müəyyən etmiş oldu.
Qeyri-neft sektoru və burada təmin olunan inkişafdan bəhs edərkən, ilk olaraq bütün sahələr kimi yenə də Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünə bir baxış etmək yerinə düşər. H.Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri işləyərkən ölkəmizdə ilk dəfə olaraq yeni iqtisadi sistemə uyğun gələn iqtisadi və idarəetmə mexanizmlərini müəyyən etdi və bununla da təbii ki, bütün sahələrlə yanaşı, qeyri-neft sektorunun da əsaslarını müəyyən etmiş oldu. İstər hüquqi, istərsə də iqtisadi vasitələrdən səmərəli, məqsədyönlü və yerində istifadə etməklə, bu istiqamətdə uğurlu fəaliyyət planı həyata keçirdi. 6 aprel 1992-ci il tarixdə Naxçıvan MR Ali Məclisi tərəfindən iki mühüm qərar qəbul olunaraq aqrar sektorun inkişafında yeni və mühüm mərhələ başlatdı. Bunlardan biri “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması haqqında” qərar, digəri isə rentabelsiz işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsini nəzərdə tutan təkliflərdən ibarət idi.
Elə bunlarla da ölkəmizdə həm yeni iqtisadi şəraitə uyğun siyasətin, həm də məhz qeyri-neft sektorunun inkişaf istiqamətləri müəyyən edilmiş oldu. Bu günə qədər keçən dövr ərzində ölkəmizin milli iqtisadi inkiaşfında aqrar sektorun rolu və payı artıb. Həmin hüquqi və praktik sənədlər və təcrübələrin ardınca aqrar sektoru daha da təkmil olaraq inkişaf etdirmək üçün qanun, qərar, məcəllə və digər hüquqi sənədlər qəbul edildi ki, bunlardan da bir neçəsini göstərmək olar: “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında” qanunlar, “Azərbaycan Respublikası Torpaq Məcəlləsi” və s. daxil olmaqla 60-dan artıq hüquqi normativ aktlar ölkəmizdə aqrar sektoru inkişaf etdirmək üçün əsaslı zəmin yaratdı.
Bütün bu kimi tədbirlərin yaratdığı əlverişli imkanlar nəticəsində respublikamızda təkcə 2013-cü ilin yanvar-may aylarında 1 087.7 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 105.2 faiz çoxdur. Bəlli olduğu kimi, sağlam iqtisadi siyasət ilbəil öz uğurlarını milli iqtisadi potensialın artımında da göstərməkdədir.
Qeyri-neft sektorunun inkişafında böyük və əhəmiyyətli rolu olan sahələrdən biri də informasiya və kommunikasiya texnologiyaları sahəsidir. Bu sahənin hüquqi və praktiki tənzimlənməsi sahəsində dövlətimizin həyata keçirdiyi tədbirlər artıq öz uğurlu nəticələrini verməkdədir. Bir-birinin ardınca qəbul edilən hüquqi sənədlər İKT-nin tam təkmil bir sahəyə çevrilməsinə şərait yaradır. Bunlardan Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Mlli Strategiya (2003 - 2012-ci illər), “Ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” (2005-2007-ci illər), “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nı və İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında, 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edilməsi haqqında, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (“Elektron Azərbaycan”) təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”nın təsdiq edilməsi haqqında qərar və sərəncamları göstərmək olar.
Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu milli dövlətçilik siyasəti sayəsində informasiya-kommunikasiya texnologiyaları sahəsindən gələn gəlirlər artıq neft sektorunun payını keçəcək. Təbii ki, bu sahədə cari ilin fevral ayının 8-də orbitə buraxılan “Azərspace” peykinin əhəmiyyətli dərəcədə önəmi var. Respublikamız ildə bu sahədən təxminən 750 milyon - 1 milyard dollar gəlir götürməyi planlaşdırır. Bir neçə ildən sonra, yəni 2015-ci, 2016-cı illərdə əlavə olaraq iki peyk də orbitə çıxacaq və bununla da nəinki Azərbaycan İKT sahəsində də regionda liderliyini, dünyada da önəmli söz sahibi mövqeyini qoruyub saxlayacaq, hətta bu mövqeyini daha da möhkəmlədəcək. Bütün bu kimi nailiyyətlərin nəticəsidir ki, ötən il Azərbaycanda İKT-nin artım tempi 18% olub. Yaxın illərdə bunun 20% həcmində olacağı da gözlənilir.
Qeyri-neft sektorunun inkişafında təbii ki, ən önəmli sahələrdən biri turizm sahəsidir. Bu sahədə də ilk addımlar ulu öndərin respublikamıza rəhbəlik etdiyi dövrlərdə atılıb. Belə ki, 1999-cu ildə Milli Məclisdə "Turizm haqqında" qanun qəbul edilib, bu qanunun tətbiq tətbiq edilməsi haqqında fərman imzalanıb. Bu sahədəki uğurların davamı olaraq ölkəmiz 2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Beynəlxalq Turist Təşkilatına üzv oldu. Dövlətimizin turizm sahəsində davamlı və uzaq gələcəyə hesablanmış inkişafın əsaslandırılması məqsədilə ölkə başçısının 2002-ci il 27 avqust tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olundu. Həyata keçirilmiş sağlam iqtisadi siyasət nəticəsində ölkəmizin turizm potensialı böyük göstəricilərlə ifadə olunmaqla artıb. Qeyd edək ki, turizm sahəsində qazanılan ümumi gəlirin xronikasına diqqət edərkən görünür ki, Azərbaycan 2011-ci ildə 1,287 milyon dollar, 2012-ci ildə isə 2,433 milyon dollar həcmində ümumi gəlir əldə edib ki, bu da 89 faiz artım təşkil edir. Qeyd edək ki, bu tərəqqi bütün dünyanın diqqətini çəkməkdədir. Təsadüfi deyil ki, bu faktı ÜTT-nin baş katibinin “Azərbaycanda turizm infrastrukturu yüksək səviyyədə inkişaf edir” deyə bildirməsi də təsdiq edir.
Ümumiyyətlə, yuxarıda sadalanan faktlardan da görünür ki, ölkəmizin neft amilindən asılılığı mümkün deyil, Prezidentin də bildirdiyi kimi, neft bizim üçün məqsəd deyil, vasitədir. Qeyri-neft sektorunun inkişaf etdirilməsində neft sektorundan səmərəli bəhrələnmək, faydalı istifadə yollarını müəyyənləşdirmək müdrik siyasətin qətiyyətli davamı sayəsində mümkün olub. İqtisadi İnkişaf Nazirliyinin sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, qarşıdakı 5 ildə qeyri-neft sənayesində ümumilikdə 40%-dən çox artım olacaq. Bu arada Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən isə, 2013-cü ilin ilk beş ayında Azərbaycanda 22,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumdaxili məhsul (ÜDM) istehsal edilib. Təbii ki bu, qeyri-neft sektorunun da artımında özünü 11%-lik artımla göstərib.
Bütün bunlar bir daha sübut edir ki, gələcək ölkəmiz üçün çox böyük uğurlar, nailiyyətlər vəd edir. Regionda lider, dünyada isə qətiyyətli söz sahibi kimi, Azərbaycanın artan nüfuzu ölkəmizin aydın sabahından, parlaq gələcəyindən xəbər verməkdədir. Dövlət başçımız cənab İlham Əliyevin də dediyi kimi, müstəqillik dövründə, doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər...




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info