BOKT “VijnFond AzərKredit” MMC-nin maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə may-iyun ayları ərzində həyata keçirilən “Gənclər ətraf mühitin mühafizəsində” layihəsinin icrası uğurla yekunlaşıb.
Layihə Gəncə şəhərində 20 nəfər gəncə “Təlimçilər üçün təlim” mövzusunda təlimlə start götürüb. Gənclərə təlimçilik sirləri və eyni zamanda ekoloji mövzuda biliklər tədris olunub. Daha sonra həmin 20 nəfər gəncin moderatorluğu ilə respublikanın 6 regionunda (Gəncə, Şəmkir, Tovuz, Tərtər, Samux, Ağdam) 10 tam orta məktəb və 2 uşaq evində 450 nəfərə yaxın yeniyetmə və gəncə seminar-təlimlər keçirilib, ekoloji problemlər, onların həlli istiqamətində gənclərin üzərinə düşən vəzifələr və s. aktual mövzular müzakirə olunub. Onlara ətraf mühitin mühafizəsində daha diqqətli və fəal olmaları üçün tövsiyələr verilib. Eyni zamanda hərkəsə maarifləndirici bukletlər paylanılmaqla yanaşı, təlimlər keçirilən hər 10 məktəbin bütün sinif otaqlarına, dəhlizlərə posterlər asılıb. Həmçinin layihə çərçivəsində ağacəkmə aksiyası, iməcilik keçirilmiş, maarifləndirici 3 video çarx hazırlanıb. Birbaşa 450, dolayısı ilə minlərlə gənc layihədən faydalanıb.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin ekologiya və ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi, ictimaiyyətin gənc üzvlərinin ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasından və gənclərə, o cümlədən məktəblilərə ətraf mühitə təsir edən amillər haqqında ətraflı məlumatın verilməsindən ibarət olub ki, son nəticədə regionun ətraf mühitinin mühafizəsində irəliləyişlərə nail olunsun.
Vijn Fond AzərKredit 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədilə yaradılıb və 2003-cü ildən Azərbaycan Milli Bankının verdiyi lisenziya əsasında bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərir. VF AzərKredit hazırda Azərbaycanın 26 rayonunda 31 ofisi vasitəsilə 65 000-dən artıq müştəriyə xidmətlər təqdim edir.
|