Bəzi saytlar oxunma sayını yüksəltmək xatirinə mənəvi dəyərlərimizə zidd olan xəbərlər yayır
Tarix: 25.02.2019 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


İradə Musayeva:”Belə saytlar çox zaman savadsız və biganə oxucuların bəyənməsi, marağı hesabına duruş gətirir”


Bu gün dünyada insanlar müxtəlif KİV-lər, internet saytları, sosial şəbəkələr vasitəsilə informasiya əldə etməyə çalışırlar. Ölkəmizdə də hazırda bu sahədə kifayət qədər informasiya vasitələri mövcuddur. Ən önəmli məqamlardan biri onların yaydıqları xəbərlərlə insanlara nə qədər düzgün, tərbiyəvi, elmə maraq, vətənə sevgi aşılayan informasiyaların çatdırılmasıdır. Lakin heç də hər zaman bu amillərə riayət olunmur. Belə ki, hazırda ölkədə bir çox saytlar fəaliyyət göstərir və bu saytların heç də hamısı milli-mənəvi dəyərlərə riayət etmir. Bəzi saytlar oxunma sayını, İP-ni yüksəltmək xatirinə, yaxud heç bir informasiya yükü daşımayan, sadəcə sensasiya xarakterli başlıqlarla milli-mənəvi dəyərlərimizə zidd olan, xalqımıza yaraşmayan xəbərlər yerləşdirirlər. İlk baxışda diqqəti cəlb edən bu informasiyalardan oxucu yalnız dəyərsiz məlumat əldə etməli olur. Mövcud faktlar isə ziyalılarımız, ictimaiyyətin nümayəndələri tərəfindən heç də birmənalı qarşılanmır. Həmin ziyalılarımızdan biri, filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva mövzu ilə bağlı fikirlərini söylədi:
- Hələ ötən əsrin əvvəllərində “Şərqi-rus” qəzetini tənqid edən Ə.Ağayevin mətbuatla bağlı nəzəri görüşlərinin ifadəsi olan sitatla fikrimə başlayıram. V.Quliyev “Şərqi-rus” ətrafındakı bir polemikaya dair” adlı məqaləsində yazır: “Rus və fransız jurnalistikasının tarixini, ənənələrini dərindən bilən müəllif həmvətəninin nəşrində nədən narazı idi? Əhməd bəy “Şərqi-rus”u ilk saylarından etibarən gözlənilməz effekt və sensasiyalara meyil etməkdə qınayırdı. Bunun ciddi oxucu axtarışında olan milli qayəli qəzetdən daha çox, küçəyə ünvanlanan və kommersiya məqsədi güdən cari vərəqələr üçün məqbul göründüyünü bildirirdi. Onun fikrincə, “müsəlman qəzeti” hələlik məhdud sayda, lakin ziyalı və hazırlıqlı şəxslərə üz tutmalı, onların vasitəsi ilə öz oxucu şəbəkəsini yaratmalı, əhatə dairəsini artırmalıdır. Bəlli səbəblər üzündən ilkin mərhələdə didaktika ünsürlərinə, öyüd-nəsihətə üstünlük verməlidir”. Gördüyümüz kimi, ciddi oxucu axtarışı bütün zamanlarda mətbuatın ciddi qanunlarından biri kimi diqqət mərkəzində saxlanılıb. Hətta “küçəyə ünvanlanan”, “kommersiya məqsədi güdən” ifadələrinin “Şərqi-rus” kimi XX əsr anadilli mətbuat nümunəmizə şamil olunması düşünməyə vadar edir bizi...
İ.Musayeva bildirdi ki, mətbuat vasitələri nə qədər çox olur-olsun, rəqabəti bayağı davranışlar, reket sərhədsizliyi və qeyri-əxlaqi, qeyri-etik yanaşmalar əsasında qurmaq olmaz: “Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra bizim milli mətbuatımız yeni, modern və milli dəyərlərə söykənərək inkişaf yoluna çıxmalı idi. Böyük yazıçımız Y.V.Çəmənzəminli təsadüfən demirdi ki, millət yeridikcə izləri mətbuatda qalır. Mətbuat aynadır, milli özünüifadədir. Bu özünüifadədə nədən yazırsan yaz, nəyi nümayiş etdirirsən etdir, qarşıda öz simanla rastlaşırsan”.
Tənqidçinin sözlərinə görə, bu gün sosial şəbəkələrdə edilən paylaşımlar da təkcə mətbuatın deyil, həm də sosial sifarişin, oxucu marağının ifadəsidir: “Amma bu oxucu marağı öz-özünə yaranmır, onun yaranmasında da mətbuatın rolu var. Mətbuat durmadan “zorlandı”, “başını kəsdi”, “tikə-tikə doğradı”, “filan müğənninin ətəyi qalxdı”, və s. bu kimi sərsəm “bəyanatlar”la gündəmi doldurursa, milli deyil, antimilli fəaliyyətli olur. Söhbət təkcə milli və ya etik yanaşmadan da getmir. Söhbət həm də yalan, qurama, fakta söykənməyən məlumat yayımlanmasından gedir. Məsələn, az qala hər gün ayrı-ayrı saytlarda “Bakıda ata öz qızını zorladı” kimi ümumi bir başlıq atılır ortaya. Məlumatın sonunda isə adətən qeyd kimi yazılır ki, guya etika naminə ad və konkret ünvan yazmırlar. Bu cür qeyri-dəqiq yanaşma aydınca göstərir ki, öz saytlarını bu qədər miskin bir üsulla tanıtmaq istəyən adamlar qeyri-peşəkar və mətbuat işində təsadüfi adamlardır”.

“Yalan və milli- mənəvi dəyərlərə zidd xəbərləri yaymaq M.F.Axundov və H.Zərdabinin başladığı işə qarşı hörmətsizliyin ifadəsi kimi görünür”

Müsahibimiz deyir ki, bizim taleyüklü zəmanəmizdə mətbuatın bu günün azərbaycanlısını bu şəkildə aldatması, onun düşüncəsini bu şəkildə məşğul etməsi maarifləndirmə missiyasına xidmət etmir: “Biz demirik ki, xəbərlər gizlədilsin və ya təhrif olunsun. Sadəcə qeyd etdiyim kimi, demokratiya və söz azadlığı adı altında özbaşınalıq, cəmiyyətin əsəbləri ilə oynamaq və oxucunu, tamaşaçını saymadan, ona qarşı hörmətsizlik ikrah doğurur. 20-30 il sonra bu məlumatları oxuyan bir gənc onun ata-babasının zamanında Azərbaycan məişətindəki bu qədər hüdudsuz əxlaqsızlıq mənzərəsindən heyrətlənməzmi? Mən təkcə bir variantlı xəbərlərə münasibət bildirdim. Müğənni şouları, qalmaqallı veriliş anonsları və s. kimi yüzlərlə etiraz doğuracaq məqamlar var. Niyə təhsil, səhiyyə, ədəbiyyat və ümumən, mədəniyyət problemləri, ailə dramları daha sivil və obyektiv, analitik təhlillər əsasında ictimailəşmir? Çünki həqiqi jurnalist peşəkarlığı yox dərəcəsindədir. Ortada zəhmət və məsuliyyət, ən əsası aid olduğu sahəyə qarşı hörmət hissi yoxdur. Mənbəsizlik, birtərəfli yanaşmalar, “oxucu ovu” spekulyasiyası istənilən qurama materialda öz sözünü deyir. Mətbuat və teatr XIX əsrdə cəhalət mühitinin ziyası kimi doğdu üzümüzə- M.F.Axundov və H.Zərdabi ilə. Bu günün yanaşması həm də onların başladığı işə, onların şəxsiyyətinə qarşı hörmətsizliyin ifadəsi kimi görünür. Biz hər neqativ mənzərənin müşahidəsi zamanı rəsmi qurumlara və ziyalılara üzümüzü tuturuq. Yenə də müraciət ünvanımız həmin mövqelər və həm də oxuculardır. Oxucu passiv və yalnız müşahidəçi simasında olmamalıdır. Saytlar çox zaman savadsız və biganə oxucuların bəyənməsi, marağı hesabına duruş gətirir...”

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.06.2019
Vardan Bostançıyan: «Dövlət borclarının artması Ermənistan üçün son dərəcə təhlükəlidir»
08.06.2019
Ermənistan hakimiyyəti evləri uçan kəndlilərə vədlər verməkdədır
04.06.2019
“ArmenianReport”: “Paşinyan hakimiyyəti Kremli qane etmir”
27.05.2019
Britaniya səfiri: “Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”
14.05.2019
İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info