“Bilirdim ki, vaxt gələcək Opera Teatrının səhnəsində oxuyacağam”
Tarix: 23.07.2013 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


İlahə Əfəndiyeva: “Opera səhnəsi elədir ki, hər hansı bir partiyanı başa düşmədən, əzbərləyib səhnəyə çıxanda tamaşaçı heç nə anlamır”
Müsahibimiz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Dövlət Televiziyası və Radiosunun solisti İlahə Əfəndiyevadır:
- İlahə xanım, gözəl səsə malik olan opera solistlərindən birisiniz. Necə oldu ki, musiqi sahəsində opera sənətini seçdiniz?
- Bilirsiniz, bu nəsildən gələn bir səsdir. Bu səs təkcə məndə olmayıb. Bu qohumlarımdan, babalarımdan gələn səsdir. Bizim ailədə hamının gözəl səsi və musiqi duyumu var. Sadəcə məndən başqa heç kim bu sahəyə ciddi yanaşmayıb. Anam və bacılarım müəllimə, atam isə mühəndisdir. Mən əminliklə deyə bilərəm ki, əgər onlar bu sahədə olsaydılar və bu sahəni davam etdirsəydilər, bu sahənin ən görkəmli sənətkarlarından olardılar. Amma ailədə bu sahəyə təkcə mən maraq göstərdim. Mən artıq üç yaşımdan oxuyurdum və müxtəlif dərnəklərə gedirdim. Rəqslə, rəssamlıqla, bir sözlə, incəsənətin bütün sahələri ilə yaxından maraqlanırdım. Düzdür, ailədə bəzi narazılıqlar olsa da, nəticədə mənimlə razılaşdılar. Artıq məktəbi bitirdikdən sonra sənədlərimi Bakı Musiqi Akademiyasına verdim və yaxşı qiymətlərlə qəbul oldum. Burada mənim müəlliməm professor Elmira xanım Quliyeva olub. Mən özümü çox xoşbəxt hiss edirəm ki, ilk müəlliməm ustad pedaqoq olub. Artıq onun 85 yaşı var. Hesab edirəm ki, o, bütün müəllimlərə, bütün ustadlara örnəkdir. Onun bütün dərslərini maraqla dinləyirdim və çalışırdım ki, heç bir dərsini buraxmayım. Mənə ilk gündən deyirdi ki, sənin potensialını görürəm. O, məni Opera Teatrında görmək istəyirdi. Bir gün müəlliməm məni Opera Teatrında keçirilən dinləmələrə apardı. Mən dinləmədən yaxşı keçdim və artıq tələbə ikən Opera Teatrına dəvət aldım. O vaxt teatra qəbul olunanlar mütləq bədii şuradan keçməli və müəyyən əsərləri ifa etməli idi. Yadımdadır ki, mən də iki əsər ifa etdim. Bunlardan biri Cüzeppe Verdinin “Ernanio” operasından “Ulviranın ariası” və Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Nigarın ariası” idi. O andan mənim qismətim Opera Teatrına yazıldı və dinləmədən dərhal sonra mənə Nigarın partiyası həvalə olundu. O gündən sonra mən teatra getməyə və partiya üzərində çalışmağa başladım. Günü bu gün də bu partiyanı ifa edirəm.
- Opera səhnəsi, tamaşaçı zalı sizin həyatınızda hansı dönüş nöqtəsi yaratdı? İlk dəfə səhnəyə çıxanda hansı hissləri keçirdiniz?
- O gün heç vaxt yadımdan çıxmayacaq. İlk obrazım, səhnəyə ilk dəfə çıxmağım bugünkü kimi yadımdadır. Mənə Nigar obrazı ilə bağlı çox suallar verirlər. Mən teatrda çox partiyalar ifa edirəm, çox obrazlar yaradıram. Amma “Koroğlu” operası, Nigar obrazı mənim həyatımda əhəmiyyətli yer tutur. Bəzən mənə sual verirlər ki, sizin sevdiyiniz obraz hansıdır? Deyirəm ki, “Traviata” operasından Violettadır. Soruşurlar ki, bəs Nigar? Mən bu obrazı heç bir müqayisəyə qatmıram. Bu obraz mənim üçün ayrıca bir zirvədə dayanıb. Çünki bu obraz mənə çox doğmadır. Bu obrazla mən teatra gəlmişəm. Mən bilirəm ki, məndən öncə bu obrazı Sona Aslanova kimi, Firəngiz Əhmədova kimi görkəmli korifeylər ifa edib. Buna görə mən öz sözümü deməyə çalışıram. Əgər mənim çıxışım uğursuz alınsaydı, bu, mənim üçün mənfi möhür olardı. Bunlardan sonra tələbə ikən səhnəyə çıxıb bu obrazı ifa etmək böyük bir məsuliyyət tələb edir. Ona görə də bu cür böyük və çətin partiyanı ifa etmək üçün çox çalışırdım. Mən xoşbəxtəm ki, bu partiyanı bu günə qədər ifa edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, Nigar partiyası elə bir partiyadır ki, ona nəinki səs, ona milli ürək lazımdır. Bu isə hər vokalçıda yoxdur. Bildiyiniz kimi, “Koroğlu” operası muğam üstündə yazılıb. Nigarın ariaları segah üstündə yazılıb. Bunu duymayıb ifa etdikdə isə bu heç bir kolorit verməyəcək və heç bir hiss yaratmayacaq. Düzdür, vokalçılarımız çoxdur. Hər birinə də hörmətim var. Hər kəsin öz yolu, öz dəst-xətti var.
- Elə insanlar var ki, öz gələcəklərini görmürlər. Bəs siz, opera səhnəsində öz gələcəyinizi görürsünüzmü?
- Mən bilirdim ki, vaxt gələcək və mən Opera Teatrının səhnəsində oxuyacağam. Müəlliməm də məni bu ruhda böyüdürdü. Mən bu məqsədə çatmaq üçün çalışırdım. Opera Teatrında məni bizim direktorumuz Akif Məlikov bəyəndi və obrazı mənə həvalə etdi. Truppa rəhbərimiz Tamara Eyvazova məni truppaya qəbul etdi və mən konsertmeysterlərlə çalışmağa başladım. Daha sonra isə bu obrazı rejissorumuz Hafiz Quliyevlə və orkestrin dirijoru Cavanşir Cəfərovla birlikdə işləməyə başladıq. Bu, mənim keçdiyim böyük bir proses idi.
- İfa etdiyiniz rolların aurasına düşürsünüzmü? Obrazı öz daxilinizdə yaşadırsınızmı?
- Bizə əsərlər gətirirlər. Biz də oxuyub ifa edirik. Amma opera səhnəsi tamam başqadır. Hər hansı bir partiya olursa olsun, onu mütləq başa düşmək lazımdır. Əzbərləyib səhnəyə çıxanda tamaşaçı heç nə başa düşməyəcək. Əgər sən bu obrazın dərinliyinə varıb onu başa düşürsənsə, o, tamaşaçıya daha çox xoş gələcək. Bəzən çıxıb texniki cəhətdən çox gözəl ifa edir, amma görürsən ki, nə isə çatışmır. Çünki o, özünə inanmır. Amma hər hansı bir partiyanı əgər özü başa düşürsə, o, tamaşaçının zehnində daha çox qalacaq. Mən Nigar obrazını sevirəm. Onun xasiyyəti mənim xasiyyətimə bənzəyir. Hərdən mənə sual verirlər ki, bu partiya sizdə niyə belə yaxşı alınır? Deyirəm ki, elə bil özüm özümü ifa edirəm. Çünki bu partiyada liriklik dramatizmlə vəhdət təşkil edir. Bildiyiniz kimi, Nigar həm sevən qadın, həm də üsyançıdır. Qeyd edim ki, musiqisi Üzeyir Hacıbəyovun, librettosu M.S.Ordubadinindir. Tövsiyəm budur ki, kim olursa olsun, ancaq inanmaq lazımdır.
- Sizin repertuarınızda görkəmli bəstəkarlarımızın musiqiləri, xalq mahnıları yer alıb. Mən birini qeyd etmək istəyirəm: Qəmbər Hüseynlinin “Ay işığında” mahnısı. Bu mahnı sizin ifanızda tamam başqa ruhda səslənir.
- Mən bu sənətə gəlməkdə heç bir məqsəd güdmürdüm. Sadəcə sənətdə olmaq istəyirəm. Mənim obrazlarım hər zaman beynimdədir. “Traviata” çox sevdiyim əsərdir və bu obrazı mən başa düşürəm. Bəlkə də ona görə bu, mənim ən uğurlu obrazlarımdan birincisidir. Bizim borcumuz səhnədə olmaq və bizdən sonra gələn nəslə təbliğ etməkdir. Təvazökarlıqdan uzaq olsa da, demək istəyirəm ki, mənim kimi ifaçılar indi azdır. Mən çox istəyirəm ki, yanımda mənim kimi ifaçılar olsun. Həm vokal janrını bilən, həm də milli musiqini yaxşı bilən ifaçılar çox azdır.
Mən yenə qeyd etmək istəyirəm ki, bu mahnını milli ruh olmadan ifa etmək olmaz. İstər dünyaşöhrətli vokalçı olsun, əgər onda milli ruh yoxdursa, onu heç vaxt ifa edə bilməyəcək. Bilirsiniz ki, mən daha çox Avropa əsərlərini ifa edirəm. Cüzeppe Verdinin, Cakomo Puççininin əsərləri ilə yanaşı, Qəmbər Hüseynlinin “Ay işığında” mahnısı hər kəsi təəccübləndirdi. Əgər insanın içində o hiss varsa, hər şey alınacaq. Sadəcə hiss etmək lazımdır.
- Dövlət televiziyasına gəlişiniz haqqında...
- Mən on ildən artıqdır ki, Opera Teatrında çalışıram. Təxminən iki il əvvəl Azərbaycan Televiziyasına dəvət almışam. Bununla da özümü çox xoşbəxt hiss edirəm. Çünki məhz efir vasitəsilə klassik və Avropa əsərləri ilə bərabər, həm də Azərbaycan bəstəkarlarının əsərlərini də xalqımıza çatdıra bilirəm. Çünki televiziya vasitəsilə həm digər ifaçılara, həm də tamaşaçılara Azərbaycan incəsənətini xatırlada bilirəm. Mən bundan qürur hissi duyuram. Çünki xalqımızın tarixi mədəniyyətdən başlayır. Bu da bizim tariximizdir. Mən cənab Alışanova da öz təşəkkürümü bildirirəm. Çünki dövlət televiziyamız çox gözəl durumdadır. Bundan başqa, televiziyanın bədii rəhbəri Etibar Babayevə də təşəkkürümü bildirirəm. Çünki o, gənclərə və istedadlılara böyük imkanlar yaradırlar. Burada mən Ramil Qasımovun adını çəkməyə bilmərəm. Çünki musiqi kollektivlərinə rəhbərlik etmək, repertuarından tutmuş geyiminə kimi hər şeyi həll etmək böyük bir məsuliyyətdir. Mən hər kəsə uğurlar arzulayıram.
- Bir gənc kimi gənclərə nə məsləhət verərdiniz?
- İndiki uşaqlar tamam fərqli psixologiya ilə böyüyürlər. Ancaq onu deyə bilərəm ki, kitab oxumaq lazımdır. Çünki bədii ədəbiyyatın yerini heç nə vermir. Gənclərə bir müraciətim də budur ki, pislə yaxşını, səviyyəsizlə səviyyəlini seçə bilsinlər.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info