Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsum Səmədov “milli şura”nın və özünün prezident seçkisində iştirakı ilə bağlı bəyanatla çıxış edib. Onun bəyanatını vəkil Anar Qasımlı təqdim edib.
Mövsüm Səmədovun bəyanatında bildirilir: “Seçki öncəsi dövrdə “milli şura” adlı qurumun yaranması, onun ətrafında müxtəlif siyasi partiyaların, cərəyanların rəhbərlərinin yığılması və vahid namizədlə təmsil olunması sevindirici haldır. Təəssüf ki, son 20 ildə belə birlik müşahidə olunmayıb.
“Milli şura” nə vaxt Azərbaycan xalqının maraqlarına münasib nəzəri və praktik addımlar atacaqsa, biz onu dəstəkləyəcəyik. Şəxsən mənim “milli şura”da təmsil olunmağım onun fəaliyyətinə təsiretmə nöqteyi-nəzərindən o qədər də məqbul deyil. Çünki “milli şura”nın işində yaxından iştirakım mümkün deyil. Həm də Azərbaycan İslam Partiyasının seçki şurasında onun bir namizədi kimi iştirak etdiyimizə görə “milli şura”da üzv olmağımızı lazım bilmirik. Mən öz namizədliyimin irəli sürülməsinə razı olmuşam və bu siyasi səhnədə nə qədər ki, xalq bizə etimad edəcək, nə qədər ki, qanun çərçivəsində biz bu etimadı lazımınca doğrulda biləcəyik, özümüzü bu vəzifəni daşımağa məsul bilirik”
Xatırladaq ki, Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Onun partiyası isə bugünədək “milli şura”nı dəstəkləyirdi.
Tural
|