“İxtisasını lazımi səviyyədə öyrənən üçün iş tapmaq heç vaxt problem deyil”
Tarix: 24.07.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


ATİ-ni fərqlənmə diplomu ilə bitirən ilk məzun:
“Turizm İnstitutunda ciddi qayda-qanun var, imtahanlar
o qədər ciddi keçir ki, heç kəs əlavə nədənsə istifadə etməyə cəsarət
etmir”


Ölkəmizdə qeyri-neft sektorunun aparıcı sahələrindən biri kimi turizm sənayesinin inkişafına xüsusi diqqət göstərilir. Azərbaycan Turizm İnstitutunda bu sahədə yüksək ixtisaslı kadr hazırlığına xüsusi önəm verilir. İnstitut 7 illik fəaliyyəti dövründə bir sıra uğurlar əldə edib. 2010-cu ilin ilk məzun buraxılışından indiyədək ATİ-ni 725 nəfər bitirib, onlardan 72 nəfəri eyni zamanda Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alıb. 12 nəfər isə magistr pilləsini başa vurub. Hətta bu gün institutun nəzdində Bakı Turizm Peşə Məktəbi fəaliyyət göstərir ki, burada 12 ixtisas üzrə 550 şagird təhsil alır. Bu gün bir faktdır ki, ATİ məzunlarının böyük əksəriyyəti nüfuzlu hotel və turizm müəssisələrində çalışırlar. Bu il Azərbaycan Turizm İnstitutunun (ATİ) magistr pilləsini bitirən Nərgiz Ələkbərova təhsil ocağının tarixində ilk dəfə fərqlənmə diplomu alıb. Turizm sahəsinə böyük marağı olduğunu deyən N.Ələkbərova məhz bu məqsədlə magistratura pilləsində təhsil almaq üçün ATİ-ni seçib. Müsahibimiz bu il Azərbaycan Turizm İnstitutunu fərqlənmə diplomu ilə bitirən Nərgiz Ələkbərovadır:
- Mən Gürcüstanda anadan olsam da, sonradan valideynlərimlə birlikdə Bakıya köçüb və orta məktəbi də burada oxumuşam. Bakalavr təhsilimi Bakı Slavyan Universitetində almışam, rus-ingilis dilləri üzrə tərcümə ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. Həmin il ingilis dili üzrə İELTS sertifikatı aldım. Fikrim təhsilimi xaricdə davam etdirmək idi. Bacımla birlikdə Britaniyada Qlazqo Universitetinə daxil olmuşduq. Lakin ballarımız məlum olanda tender bağlanmışdı. Ona görə də ora oxumağa gedə bilmədik. Magistraturaya da bu səbəbdən gecikdim, həmin ili sənəd verə bilmədim. İkinci il imtahan verib yüksək balla Azərbaycan Turizm İnstitutunun tərcümə ixtisasına daxil oldum. Magistraturaya daxil olan ili ailə də qurdum. Lakin bu, mənim təhsil almağıma mane olmayıb. Turizm İnstitutunda dərsə davamiyyət, imtahanların gedişi və s. məsələlərdə ciddi qayda-qanun var. Təhsil müddətində burada təşkil edilən bələdçi kurslarının dinləyiciləri ilə birlikdə Bakıətrafı tarixi-mədəni abidələrə ekskursiyalarda da iştirak edirdim. Dərslərdə maksimum nə isə öyrənməyə çalışırdım. Magistraturada oxuduğum müddətdə ana oldum. Amma bu, mənim dərsə davamiyyətimə və oxumağıma elə də təsir etmədi.
İndiyə qədər təhsil sahəsində əldə etdiyim uğurlara görə ilk növbədə valideynlərimə borcluyam. Onlar mənə hər zaman dayaq olublar. Hələ uşaqlıqdan bizə öyrədiblər ki, ya əla qiymət, ya da heç nə. Ona görə də mən həmişə çalışmışam ki, yüksək nəticə əldə edim. Bəzən deyirlər ki, filankəs ali təhsillidir, amma iş tapa bilmir. Hər şey insanın özündən asılıdır. Orta məktəbdə də, institutda da hamıya eyni dərs keçilir. Sadəcə, kim istəyir, oxuyur, kim də istəmir, oxumur. İnsan öz ixtisasını lazımi səviyyədə öyrənsə, onun üçün iş tapmaq heç vaxt problem olmayacaq. Yalnız çalışmaqla uğur əldə etmək mümkündür. Bu, iş həyatında da belədir.
- Artıq Turizm İnstitutunda ilk fərqlənmə diplomu alan məzun olmusunuz. Bu sahədə çalışmaq üçün hansısa iş təklifi almısınız?
- Hələlik o qədər də iş dəvəti almamışam. Bunun səbəbini də onunla izah edə bilərəm ki, ixtisasım birbaşa turizm sahəsi ilə bağlı deyil. Amma bu sahəyə sonsuz marağım var. Məhz buna görə magistratura pilləsində təhsil almaq üçün ATİ-ni seçdim. Turizm İnstitutunda məni cəlb edən daha çox burada Avstriyanın Krems Universiteti ilə proqram əsasında dərs keçilməsi idi. Düzdür, magistratura pilləsi üçün bu proqram mən ikinci kursda oxuyanda tətbiq edildi. Amma yenə də bu institutda təhsil almağımla fəxr edirəm. Çünki burada çox şəffaf tədris prosesi var. Müəllimlərin tələbələrlə dost kimi davranışı isə bir ayrı özəllikdir. Burada çalışan bütün insanlarda yüksək səmimiyyət var. Tələbələr problemlərini çəkinmədən müəllimlərə deyə bilirlər. Amma bütün bunlara baxmayaraq, imtahanlar o qədər ciddi keçir ki, heç kəs əlavə nədənsə istifadə etməyə cəsarət etmir. Mənim fikrimcə, fərqlənmə diplomu almağımın bir səbəbi də elə budur. Çünki tələbənin nəyə qadir olduğunu müəllim imtahan zamanı görür. Bu səbəbdən də imtahanların sonunda dekanlıqdan mənə deyiləndə ki, səni fərqlənmə diplomuna təqdim etmək istəyirik, təəccüblənmədim. İnstitut rəhbərliyinə bu ali təhsil müəssisəsində belə şəffaf mühit yaratdığına görə təşəkkürlərimi bildirirəm.
Gələcək iş seçiminə gəlincə, hotellərdə işləməyə daha çox həvəsim var. Çünki hərəkətli, ünsiyyətli işi sevirəm. Xüsusilə brend hotellər məni cəlb edir. Turizm ixtisasları üzrə bir çox dərslər bizə də keçilib. Bu sahəyə marağım böyük olduğundan turizm ixtisası üzrə yenidən təhsil almaq istərdim. Bu barədə gələcəkdə fikirləşəcəyəm. Məncə, müəyyən müddətdən sonra bu sahədə uğur əldə edə bilərəm.
- Ancaq ATİ-də məzunların çalışması üçün də şərait yaradılır. Burada çalışmaq istərdinizmi?
- Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov bildirib ki, indiyə qədər ATİ-də heç kəs fərqlənmə diplomuna düşəcək balı toplaya bilməmişdi. Bu, dövlətin müəyyən etdiyi qaydadır. Qaydaya görə, 5 ballıq qiymətləndirmə sistemi ilə tələbənin bütün qiymətləri 5 olmalıdır. Maksimum 4 fəndən 4 ala bilər. 100 ballıq qiymətləndirmə sistemi ilə mənim göstərdiyim nəticə elə yüksək olub ki, mənə fərqlənmə diplomu verilib. Düzdür, institutda fərqlənmə diplomu təkcə magistratura yox, bakalavr pilləsi üçün də nəzərdə tutulur. Amma ATİ-də bu mərhələdə fərqlənən hələ olmayıb. İnstitutda hər il ən yüksək bal toplayan, amma fərqlənmə diplomuna düşməyən tələbəni müəyyənləşdiririk. Bu il ATİ-nin birincisi Ülkər Hüseynağıyeva oldu. O, 92,4 balla məzun oldu. 100 bal toplaya bilsəydi, ona fərqlənmə diplomu təqdim ediləcəkdi. Amma bu da bir faktdır ki, yüksək nəticə əldə etmək üçün tələbələrə hər cür şərait yaradılıb. Digər tərəfdən, ATİ-də tədrisin keyfiyyəti ildən-ilə artır və yəqin ki, nailiyyətlərin sayı da artacaq. Bu, eyni zamanda ölkəmizin təhsil sistemində aparılan islahatların, tətbiq edilən yeniliklərin nəticəsidir. Ancaq onu da qeyd edim ki, məni artıq ATİ-də müəllim kimi işləməyə dəvət ediblər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info