Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
Tarix: 13.03.2019 | Saat: 12:06:00 | E-mail | Çapa göndər


Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Əsası ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində ölkə başçısının sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib.

2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub

Ölkə başçısı bildirib ki, təhsil sahəsində islahatlar aparılır və maddi-texniki bazanın möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi əlbəttə ki, böyük dəyişikliklərə gətirib çıxardı: “Keçən il 140-dan çox məktəb tikilib. Bu il 100-dən çox məktəbin tikintisi nəzərdə tutulur. Qəzalı vəziyyətdə olan məktəblərin yenidən tikilməsi hesab edirəm ki, maksimum iki il çəkə bilər. Bu il və gələn il biz bu proqramı başa çatdırmalıyıq. Müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin artıb. Yəni, cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olub”.
Təhsil istiqamətində həyata keçirilən tədbirləri statistik rəqəmlərdə də aydın görmək olar. Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikilməsi və ya əsaslı təmir olunması nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.
Hazırda ölkə üzrə ümumilikdə 2 şəhər təhsil idarəsi, 2 şəhər təhsil şöbəsi, 60 rayon təhsil şöbəsi və bu qurumların tabeliyində 4445 məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 144 min müəllim çalışır, şagirdlərin ümumi sayı 1 milyon 520 min nəfərə bərabərdir. 2018-ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.
2018-2019-cu tədris ilində birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib.
Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 8 gümüş, 20 bürünc olmaqla ümumilikdə 29 medal qazanıb. 2018-ci ildə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Eləcə də 2018-2019-cu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. Beş yüzdən yuxarı bal toplayan 2090 gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub. Qeyd edək ki, hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 min 662, magistratura səviyyəsində 13 min 442, orta ixtisas təhsili müəssisələrində 51 min 819 tələbə təhsil alır.


Könül Əliyeva: “İstedadlı şagird və tələbələrimiz öz kiçik kəşfləri ilə xariqələr yaradaraq beynəlxalq təhsil işçilərini təəccübləndirə bilirlər”


Ölkədə təhsilin inkişafı və bu istiqamətdə həyata keçirilən tədbirləri təhsil işçiləri də yüksək qiymətləndirirlər. Zaqatala şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin tarix müəllimi Könül Əliyeva bildirdi ki, son illər bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də gedən islahatlar göz önündədir: “Doğrudan da bu gün təhsilimiz öz inkişaf mərhələsinin ən yüksək zirvəsindədir. Bu gün ölkəmizdə təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı və gələcəyi parlaq gənclərin yetişdirməsinə imkanlar yaradır. Beynəlxalq olimpiadalarda Azərbaycanın elmin bir çox sahələrində şərəflə təmsil olunması və layiqi yerləri tutması bunu bir daha sübut edir. Belə ki, istedadlı şagird və tələbələrimiz öz kiçik kəşfləri ilə xariqələr yaradaraq beynəlxalq təhsil işçilərini təəccübləndirə bilirlər. Onlar öz ölkəsinə qızıl və gümüş medalla qayıdaraq, bu ölkələrdə Azərbaycanı tanıda bilirlər”.
O da vurğulandı ki, artıq Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya edib, əldə edilən biliklər isə təcrübələr əsasında orta məktəblərimizdə tətbiq olunur. Bu zaman istedadlı şagirdlərin üzə çıxma prosesi daha da sürətlənir.
K.Əliyeva bildirdi ki, bu gün Təhsil Nazirliyinin işi göz qabağındadır və çox gözəl işlərə imza atıb: “Yeni və müasir məktəblərin inşası, yüksək texnologiyaların tətbiqi, maddi texniki bazanın zənginliyi gələcək nəslin nə qədər savadlı olacağına inam hissini daha da gücləndirir. Son illər təhsildə bir çox dəyişikliklərin olması, o cümlədən müəllimlərin imtahan yolu ilə işə qəbulu, eyni zamanda direktor və ya digər vəzifələrin imtahan yolu ilə qəbul edilməsi təhsilin şəffaf şəkildə həyata keçirilməsini sübut edir. Artıq istənilən savadlı şəxs öz bilik və bacarığından istifadə edərək təhsilinin istiqamətlərini müəyyənləşdirir, öz üzərində işləyərək yüksək intellekt sahib ola bilir. Eyni zamanda məni daha da ruhlandıran və gələcəyə xoş baxmağa vadar edən digər hallardan biri də ali məktəblərə qəbul zamanı müəllim peşəsini seçən abituriyentlərin əksəriyyətinin ballarının yüksək olmasıdır. Bu bir daha sübut edir ki, gələcəyimiz güclü və savadlı nəslin əlində cəmləşəcək. Əlbəttə ki, mərkəzlə yanaşı, regionlarda da təhsilə olan maraq hər gün çoxalmaqdadır. Məsələn, mən Azərbaycanın ucqar rayonu olan Zaqatala rayonunda olan təhsilə münasibət və inkişafa baxdıqda yalnız mərkəzdə yox, ucqar rayonlarda belə, təhsil işçilərinə, təhsilə verilən dəyərin şahidi oluram. Müasir tipli məktəb və gimnaziyalar, yüksək texniki bazaya malik olan məktəblər artıq bütün rayonlarımızda var və bu istiqamətdə işlər hələdə davam etdirilir. Belə ki, köhnə məktəblər sökülərək ya yenidən tikilir və yenidən bərpa edilərək şagirdlərin ixtiyarına verilir. Təhsil sahəsində olan uğurlar bizi gələcəyə daha da ruhlandırır. İnşa edilən yeni məktəblər, yaradılmış şərait və yüksək potensiala malik müəllim heyəti yüzlərlə şagirdin xidmətində hazırdırlar.
İnanıram ki, bu islahatlar daha da davam etdiriləcək. Biz müəllimlərin isə öz gücümüzü ortaya qoyaraq gələcəyimizi qoruyan və ölkəmizi hər yerdə layiqli tanıdan, ən əsası da vətəni sevən vətəndaş yetişdirmək əzmimizin qarşısında heç nə dayana bilməz”.

Südabə Səfixanova: “İbtidai təhsil üçün dərsliklər bir daha nəzərdən keçirilməlidir”

132-134 saylı Təhsil kompleksinin ibtidai sinif müəllimi Südabə Səfixanovanın sözlərinə görə, azərbaycanlı məşhur alim və filosof Əvhədi Marağayi deyib ki, “Sən ancaq öyrənməklə ucalarsan”: “ Müasir dövrdə hər bir ölkənin dinamik inkişafı, onun uğurlu gələcəyi, dünya dövlətləri sırasına daxil olması, ilk növbədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Ölkəmizdə təhsil sistemi “Təhsil haqqında” Qanunla tənzimlənir. Sivil demokratik ölkələrdə təhsil sistemi demokratik prinsiplər əsasında qurulur. Təhsil pillələrə bölünür. Mənim sferam ibtidai təhsil olduğuna görə, deyə bilərəm ki, məqsədim milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü şagird hazırlamaqdır”. S.Səfixanovanın fikrincə, respublikamızın özünəməxsus, sosial-iqtisadi və mədəni-siyasi vəziyyətinə uyğun gələn təhsil sistemi var: “Əyani, qiyabi, distant, sərbəst təhsilalma formaları müəyyən olunub və təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Bu çox yaxşıdır. Müəyyən səbəblərə görə, məktəbə gedə bilməyən şagirdlər və tələbələr bundan faydalana bilərlər. Əsas odur ki, oxumağa həvəs olsun. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər “Təhsil haqqında” Qanun və digər normativ hüquqi aktlarla tənzimlənir. Amma təhsilimizdə bəzi problemlər hələ də var. Məsələn, bağçadan məktəbə - 1-ci sinfə gələn uşaq ilk həftədən qrammatika ilə yüklənir. Hələ məktəbdə nə baş verdiyini anlamayan körpə məntiqi çalışmalar qarşısında gözünü döyür. O tapşırıqları ali savadlı valideynləri də həll etməyə çətinlik çəkirlər. Dünya ölkələrindəki ibtidai təhsilə nəzər salanda görürük ki, orada ibtidai təhsil çox sadə və anlaşılandır. Mənim nəvəm Türkiyədə təhsil alır və mən bunun şahidiyəm. İstərdim ki, ibtidai təhsil üçün dərslikləri bir daha nəzərdən keçirsinlər”.
Qeyd edək ki, yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi ölkədə təhsil siyasətinin inkişafının göstəricisidir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi
18.09.2019
BMU-da “Təşəbbüskarlıq” seminarı keçirilib
18.09.2019
ADU Tələbə Həmkarlar İttifaqı Komitəsindən təqdirəlayiq addım!
17.09.2019
Komitə sədri: Ali məktəb dərsliklərində problemlər var
17.09.2019
“Təhsil kreditləri haqqında“ qanun layihəsi hazırlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info