Əliqulu Qəmküsarın yaradıcılığında Naxçıvan
Tarix: 25.07.2013 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


“Molla Nəsrəddin” ədəbi məktəbinin ən istedadlı və sadiq davamçılarından olan Əliqulu Qəmküsar Nəcəfov (1880-1919) bədii və publisistik irsi ilə Azərbaycanda tənqidi-realist ədəbiyyatın və milli satirik mətbuatın yüksəlişində xüsusi rol oynayıb. Adi əməkdaşlıqdan “Molla Nəsrəddin” məcmuəsinin ürəyi” (Ə.Haqverdiyev) səviyyəsinə qədər şərəfli təkamül yolu keçən bu alovlu satirikin də ürəyi digər cəbhədaşları kimi ancaq ana yurdun böyük və kiçik problemləri və ondan xilas olmağın yolları ilə döyünüb.
Naxçıvandakı “Məktəbi-tərbiyə”də elə Sidqisayaq yetişməyə başlayan “Ə.Qəmküsarın bədii istedadı da həmin məktəbdəki təhsil illərində cücərməyə başlayıb”. Həyatı duyub dərk etdiyi vaxtlardan, təəssüf ki, mühitin də dərd-səri baş alıb gedirdi. Belə ki, öz soydaşlarının məhkum olunduqları, ancaq nə mübarizə apara bildikləri çar Rusiyasının “əsarət köhləni” yorulurdu, nə də əsl İslamın yox, yerli dindarların əsrlərdən üzübəri qondardıqları və ikiəlli yapışdıqları şəriət qayda-qanunları qüvvədən düşürdü. Ona görə də Qəmküsar hələ Naxçıvanda ikən onun fəaliyyəti bir neçə istiqamətdə özünü göstərirdi. O həm mövhumatın dibinə daş atır, həm çar Rusiyasının yerli məmurlarının özbaşınalığını, saxtakarlığını, nə qədər riskli olsa da, bəyan edir, həm də buradakı elmi-mədəni proseslərə ciddi töhfə verirdi. Fikrimizcə, Qəmküsar bu çətin, eyni zamanda çox şərəfli vəzifələrin öhdəsindən gəlməyi ləyaqətlə bacarıb.
Naxçıvanda olan elmi-ədəbi atmosferdən, xüsusilə Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov və başqaları kimi mühitin eyiblərini aydın şəkildə görməyi bacaran Azərbaycan ziyalılarından bəhrələnən bu naxçıvanlı gənc, eyni zamanda çevrəsindəki sosial-siyasi və mədəni hadisələrin də mərkəzində dayanmalı olmuşdu. Qəmküsarın Naxçıvanda və Culfada mədəni proseslərə rəhbərliyi, özfəaliyyət qruplarının, xüsusilə 1917-ci ildə bilavasitə onun təşəbbüsü və səyi ilə yaradılan “El güzgüsü” adlı dram dərnəyi region üçün çox ciddi əhəmiyyət kəsb edirdi.
Bunlarla yanaşı, Ə.Qəmküsar Azərbaycanın müxtəlif mətbuat orqanlarında da fəal iştirak edirdi. Naxçıvan mühitində baş verən çeşidli qalmaqalları, ruhanilərin min bir əməlini haqlı olaraq Vətənin ümumi bəlası kimi qiymətləndirən Ə.Qəmküsar 1904-cü ildə, 24 yaşında ikən “Şərqi-Rus” qəzetinin 260-cı sayında dərc etdirdiyi dörd misralıq şeirdə:

Dinəndə yandı dilim,
Dinməyəndə dil yandı.
Nə dərdi gizlədə bildim,
Nə aşikar eylədim.


deyərək dövründəki problemlərin ciddiliyindən və çarəsizlikdən fəryad edirdi. Əslində bu kiçik şeir Ə.Qəmküsarın gələcək yaradıcılığının əsas inkişaf istiqamətləri, yəni ədəbi təmayülü kimi də qiymətləndirilə bilər. Və o da maraqlıdır ki, bu misralarda ifadə olunan tendensiya türkçülüyün böyük ideoloqu Əli bəy Hüseynzadənin ürək ağrısı ilə qələmə aldığı “Hali-Vətən” şeiri ilə, demək olar ki, səsləşirdi. Ə.Hüseynzadə yazırdı:

Ucundadır dilimin həqiqətin böyüyü,
Nə qoydular yazayım, nə qırdılar qələmi.


Millətinin əsarətdən, əhatəsində olan mövhumat burulğanından xilas olması yolunda Azərbaycanın əksər bölgələrindən haqqın, ədalətin qələbəsi naminə dərdini, nisgilini “Molla Nəsrəddin”ə yetirməkdə sanki növbəyə dayanan Bakı, İrəvan, Cənubi Azərbaycan, Şamaxı, Qarabağ (Şuşa) və digər müxbirlərin sırasında Naxçıvandakı ictimai, eləcə də siyasi mühitə açıq nəzərlərlə baxan Ə.Qəmküsar da var idi. Mərkəz Bakıdan məsafəcə uzaqda yerləşməsinə baxmayaraq, Naxçıvan da mürəkkəb ictimai-siyasi hərəkatların başqa bir qaynar nöqtəsi hesab olunurdu. Və təbii ki, öz elinin, obasının hər qarışının xarakterini və qayğılarını dərindən bildiyinə görə dərgidə nəşr etdirdiyi satira və felyetonlarının əksəriyyətində Naxçıvan bölgəsi bütün tərəfləri ilə problemlərin mərkəzinə çəkilirdi. Onun həmyaşıdları və dostları da dövrün açıqgözlü, xalqını duyan ziyalı şəxsiyyətləri idi. Bu dostlar arasında Hüseyn Cavid, Rza Təhmasib, Əziz Şərif və başqaları bir-birinə daha yaxın idilər. Müasirləri ilə olan sıx əlaqələri, özünün ciddi mütaliəsi Qəmküsarın həm dünyagörüşünün formalaşmasında, həm də mühitindəki çatışmazlıqlar və onlardan xilas olmağın yollarını dəqiq müəyyənləşdirməsində əhəmiyyətli rol oynayırdı. Müasiri, görkəmli aktyor, professor Rza Təhmasib Qəmküsarın rus dilini də mükəmməl bildiyinə işarə edirdi: “Mən Əliqulu Qəmküsarın inqilabdan (1917-ci il fevral burjua inqilabı- F.Y.) çox qabaqkı dövrdə rusca şeir oxuduğunu görmüşəm. O, saatlarla Azərbaycan dilində, fars dilində, rus dilində şeirləri əzbərdən oxuyardı”.
Belə bir “qaynar qazan”a atılan Qəmküsar doğulduğu məkanın dərd-sərinə biganə qala bilməzdi. Onu daha çox narahat edən Naxçıvanda hər il dəqiqliklə qeyd olunan, ancaq əsl İslam qanunları ilə əlaqəsi olmayan məhərrəmlik ayınləri idi. Şair 1894-1896-cı illərdə Naxçıvan şəhərində məhəllə məscidində mollaxana təhsili alsa da, mollaların xüsusilə maraqlı olduqları bu şəbihləri qətiyyən görmək istəmirdi. Bu barədə yenə R.Təhmasibin xatirələrinə istinad edək. O yazır: “Cavidlə Qəmküsar bunlarda (mərsiyə deyilən məclislər-F.Y.) iştirak ediblərmi? Bilmirəm. Lakin Əliqulunun imkanı olsa idi, tapançanı güllə ilə doldurar, bu mərsiyəni göyə sovurardı...” Hələ “Molla Nəsrəddin” yeni nəşr olunduğu illərdə Naxçıvanda məhərrəmlik mərasimlərində baş verənləri dostu Məhəmmədəli Sidqi Səfərovla birgə kiçik xəbər şəklində dərgidə çap etdirmiş, buna görə də “şeyxin quyruqları” tərəfindən hədələnmişdilər. Ancaq Əliqulu bunlardan çəkinməyərək əsərlərinin əksəriyyətində Naxçıvandakı bir çox problemləri yeri gəldikcə işıqlandırmağa nail olub. Qəmküsar Naxçıvan mühitində dini görüşləri və məzmunsuz şeirləri ilə məktəbin, maarifin ziddinə təbliğat aparan Molla Mahmud Çakərin fəaliyyətini daim təqib edərək ciddi satira atəşinə tuturdu. “Mənim ey naxçıvanlı şairə heyran olan könlüm” misrası ilə başladığı satiranın sonunda:

Əgər ölsən də, söz yox ki, Otaylı səndən əl çəkməz,
Yazar, tənqid edər hər feylini insan olan könlüm.


yazmaqla əslində tək Çakərə deyil, onun timsalında bütün mövhumatçılara qənim kəsildiyini gur səslə bəyan edirdi. Şairi yandırıb-yaxan dramatik vəziyyətlərdən biri də insanların “bizə nə” məsuliyyətsizliyi, bir-birinə yadlığı idi. Bir tərəfdən hakim təbəqə, digər bir tərəfdən də mollalar sadə kütlələrin həyatını zəhərlədiyi dönəmdə təkcə Naxçıvanda yox, Vətənin hər yerində hər kəs deyirdi:

Naxçıvan təkcə deyil, dəxli bunun hər yerədir,
Çünki hər işdə deyirlər bu cəmaət, bizə nə?


Əslində kütlədəki bu biveclik, “məndən ötsün, qardaşıma dəysin” prinsipinə qarşı C.Məmmədquluzadələrin tutduğu həqiqi vətəndaşlıq yolunun layiqli davamçısı olan Qəmküsar da belə hallardan sui-istifadə edən yerli çar məmurlarının özbaşınalığına biganə qalmırdı. Yuxarıların sərəncamlarına canla-başla xidmət edən çar əlaltılarının xalqı cana yığan hərəkətlərindən əlaman edirdi:

Naxçıvan dumasına gər o kəsin düşdü işi,
Çörəyi pişdi, kefi kök, damağı təht oldu.
Bir saatlıq iş üçün on gün olur avarə,
Əgər axırda düzəltdi, daha xoşbəxt oldu.


Öz soydaşlarının dərdlərinə çarə etmək niyyətindən uzaq, ancaq mal-mülk uğrunda bir-birinin ayağından dartaraq səadətini başqalarının bədbəxtliyi üzərində quran “hər elmə bələd ariflər” təkcə birliyə, himmətə yad olanlar Qəmküsarın alov saçan qələmindən yayınmırdı. Başqa millətlərin həmrəyliyinə, birliyinə toxunan müəllif yazırdı:

Rusların, ermənilərin, gürcülərin xəlfələri
Birliyə, mehrə, vəfayə çağırır millətini.
Nə şəqavətdir bu, bəs Naxçıvan əllamələri
İstəyirlər yeyələr bir-birisinin ətini.


Xalqın mədəni keçmişinin, adət-ənənəsinin ziddinə min cür oyun çıxaran “əmmaməlilər” sitayiş obyektinə çevrildiyindən, milli həqiqətlərin təzahürü üçün şəraitin olmaması Qəmküsarı ciddi narahat edirdi:

Səfər et bir İrəvan səmtinə, get Naxçıvana,
Gör nə təzim eləyirlər orada çin taxana...


Müəllif 1909-cu ildə “Molla Nəsrəddin” jurnalının 33-cü nömrəsində nəşr etdirdiyi “Çirk” adlı felyetonunda 1908-ci ildə Naxçıvanda kütləvi yayılan qızdırma xəstəliyindən və ona qarşı aparılan müalicədən yazır. Burada Qəmküsarı düşündürən birinci məsələ zamanı üçün səhiyyənin müəyyən qədər inkişaf etdiyi bir dönəmdə “Naxçıvandakı bəndələrin” qəribə “türkəçarələridir”. Bunu, sözün əsl mənasında, bir çarəsizlik kimi də qiymətləndirmək olar. Sözügedən xəstəlikdən yüzlərlə insan dünyasını dəyişib. Ancaq sakinlərin “yeganə ümid” hesab etdikləri “doktor”-“şəhərimizin vaizi molla Zülənam cənabları vəz əsnasında tərləyib və çirklənmiş köynəyinin tərini və çirkini onlara şəfa verdi. Belə ki, şəhərimizin hamı müsəlman övrətləri balaca şüşə götürüb Axundgildən pul ilə o mücərrəb (təcrübədən keçirilmiş-F.Y.) davadan alıb hansı bir qızdırmalının canına və hansı boğazı gəlmişin boğazına sürtdülərsə, filfövr şəfa tapıb, canları bidin və laməzhəb rus həkimlərinin əlindən qurtardı. Əlhəmdülillah, bu il şəhərimizdə bir nəfər də qızdırmalı və naxoş tapılmır”. Qəmküsarın dönə-dönə nifrətlə yad etdiyi, özünü peyğəmbərin yadigarı hesab edən Mir Pırttaşıq, Molla Mahmud Çakər, Molla Zülənam kimi neçə-neçə Naxçıvanın “hikmət” sahibləri mühitin həqiqi təəssübkeşlərini düşmən sifətində görürdülər.
Ə.Qəmküsar yeri gəldikcə Naxçıvan elinin tarixi qədimliyini, bu yurdun əbədi və əzəli sakinlərinin etnik-mədəni keçmişinin və mifik yaddaşının ifadə olunduğu məqamlara da yetərincə diqqət çəkib. Onun müxtəlif illərdə qələmə aldığı “Üç dostluq” mənzum hekayəsində, eləcə də “Rədd”, “Əshabi-kəhf” və s. felyetonlarında müasir elmin də diqqət mərkəzində saxladığı Dağyunus rəvayəti və Əshabi-kəhflə bağlı fikirlərin nə dərəcədə əhəmiyyətə malik olduğunu bir daha göstərir. Müəllifin “Rədd” felyetonunda problem başqa mətləbi ifadə etsə də, Ordubad və Culfa rayonlarının çox qədim yaşayış məntəqələrinin həyatından bəhs edir. Təəssüflər olsun ki, Qəmküsarın adını çəkdiyi Ordubad rayonunun ən ucqar yurd yerlərindən olan Kilid bir çox kəndlərimiz kimi keçmiş sovetlər birliyinin ötən əsrin 30-cu illərindən başlayaraq 70-ci illərə qədər davam etmiş, mahiyyətinə görə mənfur ermənilərə xidmət məqsədi güdən “mərkəzləşdirmə” siyasətinin nəticəsində öz sakinlərindən uzaq düşüb.
Ümumiyyətlə, Ə.Qəmküsarın yaradıcılığında Naxçıvanın sosial-mədəni, eləcə də ictimai-siyasi ab-havası bütün çılpaqlığı ilə görünməkdədir. Onun bütün irsində Naxçıvana xas şifahi söz xəzinəmizin ən müxtəlif üslub və ifadə imkanları dolğun şəkildə əksini tapıb. Burada regionun deyimləri, atalar sözləri, məsəlləri, əfsanə və rəvayətləri, həmçinin dialekt və şivələrinin xarakterik cəhətləri özünəməxsusluğunu qoruyub saxlayıb.
Fariz Yunisli




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info