Qarabağa şölə saçan Novruz tonqalları
Tarix: 21.03.2019 | Saat: 12:30:00 | E-mail | Çapa göndər



Yurdumuza bahar qədəm qoyur. Xalqımız qədim köklərimizə, illərin sərt sınaqlarına sinə gərmiş ənənələrimizə söykənərək yeni başlanğıcı, firavanlıq, işıqlı gələcək vəd verən bu gözəl el bayramını - Novruzu coşqu ilə qeyd edir. Bayram ab-havası ölkəmizin hər guşəsini - şəhərləri, qəsəbələri, ən ucqar kəndləri əhatə edir. Hər kəs baharın gəlişini böyük sevinclə bayram edir - elə Tərtər rayonunun cəbhə xəttində yerləşən kəndlərində də.
AZƏRTAC-ın müxbiri düşmənin bir neçə yüz metrliyində yerləşən Qapanlı kəndinin qəhrəman sakinlərinin bayram coşqusunu təqdim edir. O Qapanlı kəndi ki, düşmən atəşinə tuş gəlməyən ev qalmayıb. Lakin yenidən qurulub, hər zaman düşmənin qarşısında məğrur dayanıb. O Qapanlı ki, 30 ilə yaxındır düşmənlə göz-gözə dayanaraq, ölüm saçan güllələrə sinə gərir, dünyaya göz açan uşaqları atəş səsinə qarışmış laylalarla böyüyür. Ancaq heç bir təhlükə, heç bir təxribat, sözün əsl mənasında, qəhrəmanlıq və dəyanət nümunəsi olan Qapanlı sakinlərini öz doğma yurdlarını tərk etməyə məcbur edə bilməyib. O Qapanlı ki, həm çətin, ağır, həm də xoş günlərində daim qonaqlı-qaralı olub. Dövlət başçısından tutmuş digər qurumların nümayəndələrinədək hər zaman kəndə səfərlər edilib, diqqət və qayğı göstərilib.
Qapanlılılar hər il olduğu kimi yenə də baharı böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Buna səbəb əhalinin doğma yurda sevgisi, adət-ənənələrə bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana olan güvəni və qələbəyə böyük inamıdır. Kənd sakinlərinin, rayon ictimaiyyətinin və N saylı hərbi hissənin əsgər və zabitlərinin iştirak etdiyi Novruz şənliyi bayram tonqalının ətrafında keçirilib. Çatılan tonqalın ərşə ucalan şəfəqi, şən musiqi sədaları, at çapan, tonqaldan atlanan cavanların həyəcanlı səsləri, ətrafı bürüyən alqış sədası sanki bir neçə yüz metrlikdə dayanan düşmənə meydan oxuyaraq deyir: "Baxın, biz birlikdəyik, varıq və olacağıq. Gün gələcək bu Novruz tonqalları Qarabağımızın hazırda işğal altında olan hissəsində də alovlanacaqdır".
Kənd sakinləri qonaqlarla və Vətənimizin müdafiəsində dayanan əsgərlərlə birgə tonqalın ətrafında rəqs edib, uşaqlar yumurta döyüşdürüblər. Rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri kənd ağsaqqalı Eldar Məmmədovun evində qonaq olaraq, bayram süfrəsi arxasında söhbət edib, qayğıları ilə maraqlanıb, bayram sovqatı veriblər. Rayon ictimaiyyəti sonra ön xəttə - düşmənlə üz-üzə xidmət edən əsgərlərimizə də baş çəkib, təbriklərini və xoş arzularını bildirərək bayram sovqatı çatdırıblar.
Qeyd edək ki, 48 kilometr məsafədə təmas xəttində yerləşən Tərtər rayonunun bütün cəbhəboyu kəndlərində Qapanlıda olduğu kimi Novruz tonqalları qalanıb, bayram şənlikləri keçirilib. Düşmənin düz gözünün önündə - cəbhəyanı kəndlərdə, işğaldan azad edilmiş Şıxarx qəsəbəsində, həmçinin Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Novruzun təntənəli şəkildə qeyd edilməsi, bayram tonqallarının çatılması düşmənlərimizə bir mesajdır. Bu o deməkdir ki, biz işğal altında olan bütün ərazilərimizi azad edəcəyik. 27 ildən artıqdır ki, xalqımızın qədim bayramı olan Novruza həsrət qalan Vətən torpaqlarında yenə çal-çağırlı günlər başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
“Kaspersky Lab” “Windows” əməliyyat sistemində əvvəllər aşkarlanmamış zəiflik tapıb
25.04.2019
Nazir müavini: Ölkədə 990 mindən çox sahibkar fəaliyyət göstərir
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info