“Müğam müsabiqəsinin bəzi iştirakçılarını ansamblımıza solist olaraq qəbul etmişik”
Tarix: 25.07.2013 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Xalq artisti Adil Bağırov:
“Bəzən gənclərimiz oxuduqları mahnılarda artıq xallara müraciət edirlər. Lakin mən buna yol vermirəm. Çünki əsər necə yazılıbsa, elə ifa olunmalıdır”

Müsahibim Azərbaycan Dövlət Televiziyası və Radiosunun Ə. Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri, Xalq artisti Adil Bağırovdur:

-Adil müəllim, bu gün incəsənət aləmində “Xatirə” ansamblının rolunu necə qiymətləndirirsiniz?
- Bu ansambl 1964-cü ildə böyük sənətkar Əhsən Dadaşov tərəfindən yaradılıb. Ansambl yarandığı gündən Əhsən müəllimin rəhbərliyi ilə Şövkət Ələkbərova, Gülağa Məmmədov, Əbülfət Əliyev, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov, Nəzakət Məmmədova, Elmira Rəhimova, Arif Babayev, Mürşüd Məmmədov, Süleyman Abdullayev kimi bir çox görkəmli müğənnilər bu kollektivin solistləri olublar. Mən də ilk gündən, yəni 1964-cü ildən Əhsən müəllimin yaratdığı “Xatirə” ansamblının fəaliyyətində bilavasitə iştirak etmişəm. Ə. Dadaşov 1976-cı ildə rəhmətə gedəndən sonra ansamblın üzvləri mən, Şəfiqə Eyvazova, Vəciə Səfərova, Azər Quliyev, Azər Əliyev, Gülarə Əliyeva bir qərara gəldik ki, ansamblı dağılmağa qoymayaq və ansamblın fəaliyyətini davam etdirək. Belə məsləhət olundu ki, ansambla rəhbərliyi mən boynuma götürüm. Çünki bunun da bir səbəbi var idi ki, Əhsən müəllimin sağlığında ansamblda olmadığı zaman onun işini mən aparırdım. İkinci rəhbər əvəzi idim.
Mən ansamblda bədii rəhbər kimi çalışmağa başlayanda hələ çox gənc idim. Gənc olmağıma baxmayaraq, ansambldakı fəaliyyətim çox güclü idi. Azərbaycanın bütün rayonlarında, məhsul bayramlarında yaxından iştirak edir, qastrol səfərlərində olurduq. Ansambl fəaliyyətimdə belə bir qərara gəldim ki, gənclərlə bərabər, ansamblın yaşlı üzvləri də mütləq fəaliyyət göstərməlidir. Bu ansamblda fəaliyyətimlə bərabər, mən S.Rüstəmovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri orkestrinin də solisti idim. 1982-ci ildə Əməkdar artist fəxri adına layiq görüldüm, daha sonra 2006-cı ildə isə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən mənə Xalq artisti fəxri adı verildi. Bir nüansı da qeyd etmək istərdim ki, Mehriban xanımın təşəbbüsü ilə ölkəmizdə geniş surətdə keçirilən muğam müsabiqələri incəsənətimizdə çox gözəl xanəndələrin inkişafına zəmin yaratdı. Çünki bir dövr mövcud idi ki, bizim kollektivin fəaliyyəti çox azalmışdı. Mən solist qismində xanəndə müğənni tapa bilmirdim ki, ansambla dəvət edim. Bu sahəyə maraq azalmışdı. Lakin muğam müsabiqələri keçirildikdən sonra gənc istedadlar, xanəndələr yeni səslər, yeni nəfəslər ortaya çıxdı. Burada bizim ansambla gənc solist xanəndələrin cəlb edilməsi üçün böyük imkan yarandı və biz buna da nail olduq.
Daha sonra bir nailiyyətimiz də oldu ki, televiziyamızda musiqi kollektivlərinin bədii rəhbəri gözəl sənətkar Ramil Qasımov oldu. Ramil müəllimin yüksək bacarıq və qabiliyyəti nəticəsində televiziyada fəaliyyət göstərən bütün musiqi kollektivlərinə diqqətini əsirgəmir. O cümlədən bizim ansambla da. Bu il keçirilən “Muğam müsabiqəsi 2013” bir qrup müsabiqə iştirakçılarını ansamblımıza solist olaraq qəbul etdi. Bu da mənim üçün böyük bir sevincdir. Çünki ansamblımızda nə qədər gənclər təqdim olunsa, cəmiyyətdə də gənclərin milli musiqimizə marağı bir o qədər artar. Onlar tam bir xanəndə kimi püxtələşməsələr də, burada fəaliyyətinə görə çox inkişaf ediblər. Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Ariz Hüseynov, Mirələm Mirələmov kimi gözəl səsə malik gənc xanəndələrimiz respublikadan kənarda da artıq tanınırlar. Onların tanınmağında həm özlərinin fəaliyyəti, həm də bizim zəhmətimiz böyükdür. Məsələn, kollektivmizə bəzi gənc xanəndələr gələndə bəstəkar mahnıları haqqında anlayışları yox idi. Biz onlara S.Rüstəmovun, C.Cahangirovun, S.Ələsgərov kimi böyük bəstəkarlarımızın klassik əsərlərini aşılamağa çalışırıq.
- Bu gün gənclər arasında klassik musiqilərimizi qavramaq qabiliyyətləri sizi qane edirmi?
- Mən hər zaman qeyd etmişəm ki, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarların əsərlərini ifa etmək çox çətindir. Mən özüm 50 ildən artıqdır ki, bu sənətdə fəaliyyətdəyəm, ansamblda çalışıram, yenə də çətinliklərim olur. Onlar elə əsərlərdir ki, onlara hər gün müraciət etməlisən. Stolüstü kitab olduğu kimi, belə əsərlər də stolüstü əsərlər olmalıdır. Çünki o əsərlərdə elə zənginliklər var ki, insanın musiqi bazasının genişlənməsi sənə imkan yaradır. Əlbəttə ki, bu cür musiqiləri də ifa etmək bəzən gənclərə çətinliklər yaradır. Lakin biz əlimizdən gələni edirik ki, gənclər əsl musiqiyə maraq göstərib, onları dərindən mənimsəsinlər.
Bəzən gənclərimiz oxuduqları mahnılarda artıq xallara müraciət edirlər. Mahnıda yeniliklər yaratmaq istəyirlər. Lakin mən buna yol vermirəm. Çünki əsər necə yazılıbsa, elə ifa olunmalıdır. Bizim böyük sənətkarlarımız da əsərləri olduqları kimi ifa edirdilər. Əlavələrə yol verilmirdi. Mən də öz növbəmdə, gənclərə düzgün ifanı, düzgün səs diapazonu ilə ifa etməyi çatdırıram. Vaxtı ilə Səid müəllim mənə deyərdi: “Mən mahnını yazıram. Qələm qurumamış təqdim etmirəm. Üzərində tam işləyib qurtarandan sonra radioya əsəri çatdırıram”.
Dirijorlarımızdan biri Səid müəllimin “Getmə” mahnısını dəyişdirmək istədi. Onu yeni aranjimanda təqdim etmək istəyirdi. Lakin nə qədər etdisə də, elə birinci variantla işləmək məcburiyyətində qaldı. Çünki əsər elə yazılıb ki, ona ikinci bəstəkarlıq ehtiyacı duyulmur. Eləcə də mən özüm. Səid müəllimin bir notunu dəyişmək ixtiyarım yoxdur.
- Gənc musiqiçilərimizdə düzgün bəstəkarlıq yolu görürsünüzmü?
- Səmimi etirafımdır. Klassik bəstəkarlarımız artıq incəsənət aləmində yoxdurlar. Onların bu gün əsərləri bizim musiqi dünyamızı bəzəyir. Bu gün isə Ramiz Mirişli, Nəriman Məmmədov kimi bəstəkarlarımızdan başqa böyük əsərlər təqdim edən yoxdur. Açığı, bu gündə elə bəstəkarlar görmürəm ki, klassik əsərləri dinlədiyimiz zaman həmin əsərlərdən böyük zövq alaq. Şəxsən məndə elə bir təəssürat yoxdur ki, yeni musiqi əsərlərini dinlədiyim zaman “Ramiz müəllimin əsərindən gözəl bəstələnib” deyim.
-Efir məkanlarında Şövkət Ələkbərovanı, Nəzakət Məmmədovanı yamsılayanlar çoxdur. Bəs həqiqətən, səhnə davranışlarını gənc oxuyanlarda görürsünüz?
- Əlbəttə ki, yaxşılar var. Lakin Şövkət Ələkbərovadan, Nəzakət Məmmədovadan, Rübabə Muradovadan, Fatma Mehrəliyevadan olmayacaqlar. O dərəcəyə gəlib çatmalıdırlar ki, adlarını musiqi dünyamıza yazsınlar. Məsələn, Səbinə Ərəbli “Kəsmə Şikəstəni” çox gözəl ifa edir. Zabitə Alıyeva, Ariz Hüseynov, Mirələm Mirələmov kimi gənclərimiz çalışırlar. Lakin gənclərimizdə məsuliyyətlilik görmürəm. İşlərinə daha da diqqətlə yanaşsalar, bu, əlbəttə ki, onların gələcəkləri üçün faydalı olar. Gülağa Məmmədovun sənət fəaliyyətinə nəzər salsaq, onun radionun fondunda 500-dən çox lent yazıları var. Bütün janrlarda istər xalq musiqisi, istər təsniflər, istərsə də bəstəkar mahnıları sənət fəaliyyətində xüsusi yer tutur. Gənclərimiz də çox yaxşıdır, lakin gələcəyi fikirləşmirlər.
- Ucqar rayon və kəndlərdə gənclərimiz musiqi təhsilindən kənardırlar. Lakin musiqi duyumu, muğam zəngulələri kifayət qədərdir. Bu haqda düşüncələriniz...
- Təhsil mütləq vacib olan bir amildir. Məsələn? Cabbar Qaryağdıoğlu, Xan Şuşinski və başqa ustadlarımızın musiqi təhsilləri olmayıb. Lakin onlar öyrənməyə həvəs göstərirdilər. O vaxt təhsilə fikir verilməyib. Lakin mən bilirəm ki, təhsilsiz olmaz. Musiqi duyumundan əlavə, mütləq təhsil olmalıdır. Çünki bir musiqiçinin not anlayışını bilməsi çox vacibdir. Musiqiçi əsəri ifa etdiyi zaman notun quruluşunu bilməsə, bu, şübhəsiz, bir musiqiçi üçün mənfi xüsusiyyətdir.
-Ansamblda yüksək fəaliyyətiniz, musiqi sevginizin təməli nədən qaynaqlandı?
- Musiqi sevgim məndə çox gənc yaşlarımdan yaranmışdı. Nə zaman televiziya və radioda Üzeyir bəyin əsərləri çalınsa, mən həmin an musiqiyə köklənərdim. Efirlərdə opera musiqisi, xalq mahnıları, xüsusən də, bəstəkar musiqiləri mənim diqqətimi çox cəlb edirdi. Ailədə valideynlərim də mənim musiqi sevgimdən, musiqiyə marağımdan agah idilər. Onun üçün də hər zaman mənə dəstək olurdular.
Ansamblda fəaliyyətimə gəlincə, mən ilk gündən iş prosesimə ciddi yanaşmışam. Çalışmışam ki, ansambl hər zaman öz mükəmməlliyini, nizamını qorusun. Burada fəaliyyət göstərən ansamblın bütün üzvləri iş fəaliyyətlərində aktiv və məsuliyyətli olsunlar.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info