“Ali məktəb müəllimlərinin elmi nailiyyətləri kifayət qədərdir”
Tarix: 27.03.2019 | Saat: 12:51:00 | E-mail | Çapa göndər


2018-ci il-ci il aprel ayının 9-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il mart ayının 27-si Azərbaycanda “Elm günü” kimi qeyd edilir

Xatırladaq ki, ilk dəfə 1988-ci ildə Beynəlxalq elm və sülh həftəsinin keçirilməsi ilə bağlı BMT Baş Assambleyasında qətnamə qəbul olunub. O vaxt bu əlamətdar hadisə 4-11 noyabr tarixlərinə təsadüf edib. Sülh və inkişaf naminə Ümumdünya Elm Gününün noyabrın 10-da qeyd olunması tarixi bununla səciyyələnir. Azərbaycanda isə mart ayının 27-si “Elm Günü” qeyd ediləcək. Həmin günün elm və təhsil adamları üçün önəmi və məsuliyyəti,vəzifələri ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universiteti filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə xanım Hüseynova əməkdaşımızla söhbət etdi.
- Mahirə xanım, ilk dəfə olaraq Azərbaycanda Elm Günü qeyd olunacaq. Sualımıza da bununla başlayaq: gün olaraq niyə məhz mart ayının 27-si- seçilib- deyə, soruşmaq istərdik.
- Öncə onu deyim ki, prezidentimizin bu Sərəncamı cəmiyyətin inkişafında elmin rolu nəzərə alınaraq imzalanıb. Bəli, sualınız maraqlı sualdır. Həmin gün niyə mart ayının 27-nə düşür- sualınıza cavab vermək üçün tarixə ekskurs etməyimiz lazım gələcək. Onu vurğulamağı lazım bilirəm ki, cənab prezidentimizin fəaliyyəti dövründə tarixi keçmişimizə ehtiram və hörməti hər məqamda görmək mümkündür və növbəti dəfə onun şahidi olduq. Bir çoxlarının bildiyi kimi, həmin gün- 1945-ci il mart ayını 27-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin “Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” qərarı ilə ölkəmizdə Elmlər Akademiyasının təsisatı rəsmiləşdirilmişdir. Yarandığı vaxtdan bəri bu elm ocağı ölkəmizdə ziyalı qüvvələrin formalaşdırılması, dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə olunması işinə töhfələr vermişdir. Yaranan qurumun ölkənin ədəbi-ictimai həyatındakı rolu və xidmətlərini ümummilli lider Heydər Əliyev sonradan belə belə ifadə edirdi: “Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi şərəfli yol Azərbaycan xalqının tarixində böyük səhifədir. Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.
- Mahirə xanım, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra elmin inkişafı ilə bağlı qanunvericilik əsasları necə, həmin inkişaf üçün hansı təməllər qoydu?
- Əlbəttə, qanunvericilik bazası olmadan hansısa sahənin inkişafı barədə nəyisə söyləmək belə yersizdir. Buna görə də 2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi elm siyasətinin aparılmasına hüquqi-siyasi təminat verdi. Qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, vəzifələri və sosial müdafiəsi, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqamətləri, yüksək ixtisaslı kadr hazırlığı sahəsində dövlət siyasətinin əsasları, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və sair kimi məsələlər öz əksini tapmışdır. Yekun olaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi elm siyasəti fonunda daha məsuliyyətlə addımlayır, yeni elmi nailiyyətlərə imza atır. Onu da deyim ki, ölkəmizdə bu sahədə inkişafı sürətləndirmək üçün, xüsusilə, gənclərin iştirakı ilə müxtəlif layihələr həyata keçirilir.
- Mahirə xanım, bəs prezidentin sərəncamı ilə elan edilən gün ali məktəb kollektivi üçün nə deməkdir?
- Əlbəttə, ali məktəblərin birbaşa təyinatı və vəzifəsi sosial həyat, iqtisadiyyat üçün yüksək səviyyəli kadrlar hazırlamaqdan ibarət olsa da o, elmi araşdırmalar aparmaq, elmin inkişafında konkret nəticələrə nail olmaq kimi missiyanın daşıyıcıları olan kollektivdir. Onu da qeyd edək ki, bu missiyada ali məktəblərin müəllim-professor heyəti ilə bərabər, Tələbə Elmi Cəmiyyətlərində birləşən tələbələr də yaxından iştirak edirlər. O barədə danışmağı lazım bilirəm ki, hələ ötən əsrin 20-ci illərindən Azərbaycanda ali məktəblərin qarşısında duran vəzifə ancaq mütəxəssis hazırlığı ilə məhdudlaşmırdı, oralarda həm də elmi tədqiqatlar aparılırdı. Bu gün birmənalı demək olar ki, Azərbaycan elminin inkişaf yolu ali məktəblərdən başlayıb. İstər bu günkü Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti və digər ali məktəblər uzun müddət ərzində ancaq təhsil deyil, həmçinin elm ocağı olublar. Yeri gəlmişkən, onu da vurğulamaq istərdim ki, Azərbaycan elmində bu gün fəxr etdiyimiz nailiyyətlərin çoxu məhz həmin ali məktəblərdə çalışmış fədakar insanların adı ilə bağlıdır.
- Mahirə xanım, yeri gəlmişkən, həmin insanlar cərgəsində sizin universitetin, bu gün rəhbərlik etdiyiniz fakültənin təmsilçiləri haqqında məlumat verməyiniz maraqlı olardı.
-Böyük məmnuniyyətlə o tarixi faktı yada sılım ki, bu günkü unuvesitetimiz 1921-ci il avqustun 26-da Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı dekret əsasında 6 nəfər tələbə ilə fəaliyyətə başlayıb. 6 nəfər tələbə ilə fəaliyyətə başlayan ali təhsil müəssisəsi indiyəcən fəaliyyəti ərzində 150 mindən çox müəllim hazırlamışdır ki, onların arasından sonralar çox parlaq elm adamları çıxmışdır. O faktı xüsusi qürur hissi ilə oxuculara xatırladıram ki, bu günkü Milli Elmlər Akademiyamızın prezidentlərindən 3 nəfər- Yusif Məmmədəliyev, Zahid Xəlilov və Həsən Abdullayev universitetimizin məzunları olmuşlar. Azərbaycan elmində universitetin oynadığı rol haqqında danışarkən universitetimizin adı ilə bağlı olan, təkcə ölkəmizdə deyil, onun sərhədlərindən də kənarda kifayət qədər tanınan şəxslərin adını yada salmaq istəyirəm: pedaqogika və psixologiya üzrə Ə.Seyidov, M. Mehdizadə, M. Muradxanov; riyaziyyat üzrə M. Əfəndiyev, M. Cavadov, İ.İbrahimov; fizika üzrə A.Abbasov, S. İmanov, M. Murquzov; filologiya üzrə B. Çobanzadə, M. Şirəliyev, Ə. Dəmiçizadə, M. Rəfili, Ə.Sultanlı, H. Araslı, F. Qasımzadə, F. Fərhadov, A. Qurbanov, H. Mirzəyev və onlarla parlaq alimin adlarını çəkə bilərəm.
Bilirsiniz, elmdə və təhsildə ənənəvilik deyilən bir anlayış var və bu gün universitetdə çalışan hər kəs bu qocaman ali məktəbdə illərlə formalaşan yaxşı ənənələrin nəinki qorunmasına, həmçinin onun yaradıcılıqla inkişafına çalışır.
- Fakültədə elmi axtarışlar barədə nə deyə bilərdiniz, ümumiyyətlə, elmi nailiyyətlər üçün hansı bazanız var?
- Əlbəttə, bizim vəzifəmiz ilk növbədə müasir tələblərə cavab verən müəllimlər hazırlamaqdır. Yeri gəlmişkən, universitetimizə üç il əvvəl rektor təyin edilmiş tarix elmləri doktoru, professor Cəfər Cəfərov işə başlaığı ilk vaxtlardaca, kollektivə təqdim edilərkən ali təhsil ocağında illərlə yaradılan ənənələrin qorunmasının vacibliyini vurğulamaqla bərabər, qarşıda qoyulan vəzifələrdən də söz açdı: Universitetə yüksək bacarıqlara malik tələbələrin cəlb edilməsi və tələbələr üçün universitet məmnunluğuna nail olmaq. Həmin tələblər bu gün də universitetimiz üçün aktual olaraq qalır və artıq ilk uğurlardan da danışa bilərik. Fakültəmizdə 1500-ə yaxın tələbə təhsil alır ki, onların yüz nəfəri magistratura pilləsi üzrə oxuyur, onların təhsili ilə 24 elmlər doktoru, professor, 1 fəlsəfə doktoru, professor, 46 fəlsəfə doktoru, dosent məşğul olur. Faküləmiz üçün prioritet vəzifə ilk növbədə layiqli müəllimlərin hazırlanması olmaqla bərabər, elmi axtarışların və konkret nəticələrin ortaya qoyulması da arxa planda dayanmır. Bunun üçün universitetdə olduğu kimi, fakültəmizdə də geniş imkanlar var. Müasir Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan və dünya ədəbiyyatı , Ədəbiyyat və onun tədrisi metodikası , Azərbaycan dili və onun tədrisi metodikası, İngilis dili, İngilis dili və onun metodikası, Xarici dillər və onların tədrisi metodikası kafedraları, “Türk araşdırmaları” və “Dədə Qorqud” Elmi-Tədqiqat Laboratoriyaları var və bu qurumlar tədris işinin normal şəkildə qurulması ilə bərabər, elmi işlərlə də məşğul olmaq imkanı verir. Ortadakı faktlar göstərir ki, fakültəmizin əməkdaşları həmin imkanlardan kifayət qədər yararlanırlar.
- Mahirə xanım, rəhbərlik etdiyiniz filologiya fakültəsinin istər ölkə daxilində, istərsə də sərhədlərimizdən kənarda elmi və təcrübi əlaqələrdən danışa bilərsiniz?
- Bir daha o faktı yada salıram ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin ən qədim ali təhsil ocaqlarından biridir və yarandığı ilk vaxtlardan etibarən digər elmi-pedaqoji müəssisələrlə qarşılıqlı əməkdaşlıq ənənələri olan müəssisədir. Əlbəttə, filologiya fakültəsi də həmin ənənələrin içində formalaşıb. İlk olaraq qeyd edim ki, Azərbaycan Milli Elmlər Akademiyasnın Nizami adına Ədəbiyyat və Nəsimi adına Dilçilik İnstitutları, Bakı Dövlət, Bakı Slavyan, Azərbaycan Dillər universitetləri və digər təhsil ocaqları ilə fakültəmiz səmərəli əməkdaşlıq əlaqələri qurub. Ümumilikdə isə ADPU-nun Atatürk Universiteti (Erzurum, Türkiyə), M.X.Dulati adına Taraz Dövlət Universiteti (Taraz, Qazaxıstan), Hacettepe Universiteti (Ankara, Türkiyə), Naberejnye Çelnıy Dövlət Pedaqoji Universiteti (Tatarıstan, Rusiya), Selçuk Universiteti (Konya, Türkiyə), Final Beynəlxalq Universiteti (Şimali Kipr Türk Respublikası), Cənubi Qazaxıstan Pedaqoji Universiteti (Şimkent, Qazaxıstan), Akmulla adına Başqırdstan Dövlət Pedaqoji Universiteti (Ufa, Rusiya), Kazan Federal Universitetinin Elabuj İnstitutu ( Tatarıstan, Rusiya), Cenevrə Akademik Mərkəzi ( Cenevrə, İsveçrə), Bihac Universiteti ( Bosniya Herseqovina), Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti ( Daşkənd, Özbəkistan) və digər ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində fakültəmizin çox səmərəli əməkdaşlıq əlaqələri var.
Beynəlxalq əlaqələrin ən gözəl nümunəsi isə universitetimizdə 2017-ci ildə Türksoy kafedrasının yaradılması ilə yeni keyfiyyət müstəvisinə daxil oldu. Yeri gəlmişkən, universitetimizin rektoru, professor Cəfər Cəfərovun səyləri nəticəsində ADPU ilə Türksoy arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq protokolu əsasında yaradılan Türksoy kafedrası əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Türksoya üzv olan ölkələr arasında mədəni əlaqələri və elmi-mədəni mübadiləni təmin etmək, türk mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparmaq, təhsil sahəsində ortaq layihələr hazırlamaq, inkişaf etdirmək və qarşılıqlı əməkdaşlıq öz əksini tapıb. Onu da qeyd edim ki, fakültəmizin əməkdaşları əməkdaşlıq etdiyimiz ali təhsil məktəblərində təşkil edilən beynəlxalq elmi konfranslar və simpoziumlarda yaxından iştirak edir, öz elmi məruzələri və çıxışları fərqlənirlər.
Ümumilikdə isə onu deyə bilərəm ki, həm ölkədaxili, həm də ölkəmizdən kənarda qurduğumuz əməkdaşlıq münasibətlərinin konkret nəticələrə hesablanan perspektivləri elmi və pedaqoji araşdırmalara impuls verir.

Günel Nəcəfova




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa edib
22.11.2019
Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH
22.11.2019
İsveçrənin Cenevrə Universitetinə təqaüd proqramı elan olunub
22.11.2019
“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri”
22.11.2019
“Nəsiminin fəlsəfəsi və ümumbəşəri dəyərlər” kitabı çapdan çıxıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info