“Təkərli kürsüm belə, məni kulisdə saxlaya bilmədi!”
Tarix: 27.03.2019 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Ülkər Şərifova: “Boccia idman növü ilə məşğul olmasaydım, bəlkə də xoşbəxt ailə qura bilməyəcəkdim”


Əlilliyi olan şəxslərin öz dünyası var. Onların öz dünya qavrayışı olsa da, əksər hallarda uşaq yaşlarından kütlədən ailələri tərəfindən təcrid olunsalar da, hər kəs kimi, bu şəxslər də cəmiyyətdə öz yerlərini tutmalıdırlar, cəmiyyətə açılmalıdırlar. O ki ola Azərbaycan cəmiyyətində... Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, bu gün bir neçə il öncə ilə müqayisədə fiziki məhdudiyyətli şəxslərin, ümumilikdə əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, bilik və bacarıqlarının dəyərləndirilməsi, sosial qruplara qoşulması, hətta maddi təminatı üçün xeyli işlər görülür, ölkə miqyasında olmasa da nəqliyyat sistemində, küçə, yol, parklarda müxtəlif sosial obyektlərin girişində onlar üçün normal şərait yaradılır. Yəni on beş, iyirmi il əvvəl olduğu kimi əlilliyi olan şəxslərin demək olar ki, heç bir imkanları məhdudlaşdırılmır. Son illərdə isə artıq daha çox fiziki məhdudiyyətli insanların başqaları ilə bərabər iş imkanlarına sahib olmalarını müşahidə edirik. Əgər on il əvvəl bu təbəqədən olan şəxslər bacarıqlarını ictimaiyyət arasında daha az reallaşdıra bilirdilərsə, indi əlilliyi olan şəxslərin bilik və bacarıqlarının dəyərləndirilməsi xeyli dərəcədə artıb. Hər zaman görmüşəm ki, onların arasında kifayət qədər savadlı, istedadlı və bacarıqlı insanlar olur. Hətta, bəzən fiziki məhdudiyyətli şəxslərdə olan fenomenal yaddaş, məntiq, qabiliyyət fiziki məhdudiyyətləri olmayan insanlarda belə, olmur...
Təbii ki, belə şəxslərin ictimai həyatda bərabərhüquqlu iştirakının genişləndirilməsində, bacarıqlarının, məşğulluq imkanlarının dəstəklənməsində, reabilitasiya vasitələri ilə təmin edilmələrində dövlətin gördüyü işlər, statistik rəqəmlər, müəyyən hüquq normaları və onların tətbiqi haqqında da çox danışmaq olar. Amma bu yazımda seçim etdiyim qəhrəmanımın dünyaya baxışı, onu narahat edən məsələlər, bu kateqoriyadan olan insanlara xoşbəxtlik verən nüanslar, uğur formulunun sirri barədə söhbət açacağam. Bu gün əvvəllər evdə oturan, təkərli kürsü və ya digər protez, reabilitasiya vasitəsi olmayan xeyli sayda şəxs var ki, belə vasitələrlə təmin olunduqdan sonra özünün “məhdudiyyətsiz” imkanlarını cəmiyyətə tanıda bilir. Məsələn, müsahibim Ülkər Şərifova. Onunla görüşəndə ilk olaraq özü sual etdi ki, “Əlilliyi olan şəxslərlə tez-tez müsahibələr edirsinizmi?” Əlbəttə ki, acı bir etiraf kimi utanaraq “yox” dedim! Ülkər xanım isə dedi ki, “Bizim cəmiyyətə açılmağımız təkcə uğur qazanmağımızla deyil, medianın gücü ilə də tamamlanmalıdır... Çalışın bölgələrdə də bu kateqoriyadan olan insanların gizli istedadlarını, həyat hekayələrini işıqlandırın”. Həyat hekayəsindən söz salmışkən müsahibəyə elə Ülkər xanımın həyatında dönüş yaradan hadisələr barədə sualla başladım. O Sağlamlıq İmkanları Məhdud şəxslərin Peşə Reabilitasiya Mərkəzində Boccia idmanı üzrə məşqçi kimi fəaliyyət göstərməsindən və yetirmələrinin yarışlarda layiqli yerlər qazanmasından ağız dolusu söz açdı.
Ülkər xanım bir neçə ay öncə ailə həyatı qurması haqqında da danışdı. Dedi ki, Boccia idman yarışlarına, məşqlərə qatılandan sonra indiki həyat yoldaşı ilə tanış olub: “Gəlin sizə qısaca bizə xoşbəxtlik verən bəzi detallar haqqında söz açım. 2016-cı ilin oktyabrında Boccia yarışlarına qatılmaq üçün mərkəzə getmişdim. Yarışdan sonra qızlarla təkərli kürsümüzlə həyətdə gəzirdik. Bu zaman mərkəzə qara rəngli bir maşın daxil oldu və sürücü məndən mərkəzə girişlə bağlı soruşdu. Beləcə indiki həyat yoldaşımla tanışlığımız bu mərkəzdən başladı. O öz avtomobili ilə başqa bir fiziki məhdudiyyətli dostumuzu mərkəzə gətirirdi və hər gəlişində də ünsiyyət qurur, mərkəzin fəaliyyəti haqqında, idman barədə danışırdıq. Həyat yoldaşımda da fiziki məhdudiyyət olduğu üçün mənim gördüyüm işlər, uğurlarım ona maraqlı gəlirdi. Beləcə yaranan ünsiyyətimiz sıxlaşdıqca, bir müddət keçəndən sonra aramızda sevgi münasibətləri yarandı. 2017-ci ilin 30 dekabrında nişanlandıq, ötən ilin noyabrın 18-də isə Bakıda toyumuz oldu. Boccia idman növü ilə məşğul olmasaydım, bəlkə də xoşbəxt ailə qura bilməyəcəkdim. Bu gün mən çox xoşbəxtəm, şükürlər olsun deyirəm ki, cəmiyyətə özümə inanaraq açıldım, qapalı mühitdən, dövlətin yaratdığı şəraitdən yararlanaraq açıqlığa, aydınlığa çıxdım və nəticə də göz qabağındadır... Qapalı mühit səni gizlədən qorxulu qaranlığa bənzəyir. Bizi kulisdə saxlayır, istedad və bacarıqlarımızı gizlədir. Bütün fiziki məhdudiyyətli dostlara isə deyirəm ki, istəsələr məndən də çox uğurlar qazana bilərlər. Həm karyera, məşğuliyyət və digər işlərdə, həm də şəxsi həyatlarında”.

“Özləri də istəmədən bizi psixoloji travmaya məruz qoyurlar”

Ülkər xanım təkcə idman sahəsində uğurlar qazanmır, onun digər istedadı da özünü göstərir, hətta onun ətrafında olanları heyrətləndirir. Belə ki, o xüsusi əl işləri hazırlayır. Dəfələrlə sərgilərdə iştirak etdiyini deyən müsahibim yağlı boya və hovlu üzrə hazırladığı əl işlərinin sərgi iştirakçılarında böyük maraq yaratdığını söylədi: “Əlbəttə qatıldığım sərgilər və əl işlərim haqqında çox danışa bilərəm, sizə onlarla nümunələr göstərərəm. Eləcə də Bocciada qazandığım nailiyyətlər haqqında geniş danışa bilərik. Ümumiyyətlə bunu qeyd etməyi özümə borc bilirəm ki, Prezident tərəfindən idmanın, o cümlədən paralimpiya hərəkatının inkişafına yüksək diqqət və qayğı göstərilir. Dövlət başçısının uğurlu sosial siyasətinin bir istiqaməti kimi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, aktiv həyat tərzinin təmin olunması, idman qabiliyyətlərinin dəstəklənməsi üçün aparılan genişmiqyaslı işlər ölkədə bizim üçün vacib olan paralimpiya hərəkatının da böyük uğurlara imza atmasına imkan yaratdı. Xatırlayırsınızsa ötən il Boccia idman növü üzrə paralimpiya komandamız beynəlxalq yarışda ilk dəfə medal qazandı. Yəni fiziki məhdudiyyətli insanların fiziki və zehni inkişafına kömək edən Boccia idman növünə marağın artması müsbət tendensiyadır. Qısası, bu istiqamətdə işlər yaxşı gedir, fiziki məhdudiyyətli vətəndaşlarımız üçün həm idman fəaliyyəti həm də digər sağlamlığın bərpası istiqamətində, məşğulluqda münbit şəraitlər yaradılır”.
Ülkər xanımdan cəmiyyətimizdə onu narahat edən hansısa bir məsələnin olub-olmadığını da soruşdum: “Bizi ən çox narahat edən elementar etika, etiket qaydalarının cəmiyyətimizdə hələ də tam riayət edilməməsidir. Bu bizi çox üzür... Məsələn düşünürəm ki, şikəst sözünü leksikonumuzdan çıxarmalıyıq. Çünki bu termin çox vulqar formada işlədilir. Təsəvvür edin ki, əlilliyi olan şəxs demək əvəzinə insanlar bu kateqoriyadan olan şəxsləri təsvir edərkən “filankəsin şikəst övladı” deyirlər və bu çox yanlış yanaşmadır, müraciət formasıdır. Özləri də istəmədən bizi psixoloji travmaya məruz qoyurlar”.
Müsahibimin maraqlı təklifləri də oldu. O deyir ki, bu cür kobud davranışların, arzuolunmaz halların baş verməməsi üçün orta məktəb dərsliklərində, hətta bağçalarda belə uşaqların beyninə bir sıra vulqar formada işlənən müraciətlərə alternativ sözləri yeritmək lazımdır. İndiki nəslin vərdiş etdiyi kobud ifadələr gələcək nəsillər üçün unudulsun deyə təsvirlər və ya müraciət, davranış formaları indidən uşaqların söz ehtiyatına, beyninə yeridilməlidir: “İnanın ki, biz bəzi arzuolunmaz baxışlara, müraciət formalarının eşidilməsinə alışmışıq. Sadəcə, gələcəkdə cəmiyyətə açılacaq əlilliyi olan şəxslərin bu cür ifadələrlə, davranışlarla qarşılaşmaması arzusundayıq. Hətta insanların normal və ya qeyri-normal kateqoriyaya bölünməsi, “filankəs normal adam deyil, normal hərəkət etmir, anormal biridir”- demək özü belə yanlışdır. “Filan adamın müəyyən məhdudiyyətləri var”, “hərəkətdə çətinlik çəkir” daha doğru səslənmirmi? Hətta sürücü yanlışlıq edəndə piyadaların qışqıraraq “Korsan?” demələri belə yaxınlıqdan keçən görmə məhdudiyyəti olan dostumuz üçün necə ağır qəbul edilməsini də yəqin təsəvvür edərsiniz. Bizim üçün ən böyük qayğı, hansısa mərkəzin, sosial obyektin, yol keçərkən quraşdırılan pandusun qaydasında olub-olmaması deyil, beyinlərin, fikirlərin, müraciət və danışıq formalarının qaydasında olmasıdır... Əlbəttə yuxarıda sadaladığım işlərin görülməsini daim alqışlayırıq, mənim xoşbəxtliyimin bir səbəbi də yaradılan şəraitdən istifadə etməyim oldu. Əks təqdirdə hələ də evdə oturmuşdum, məşğulluğum da sıfır səviyyədə idi, indiki həyat yoldaşımla isə qarşılaşa bilməyəcəkdim. Amma beyinlərdə ciddi dəyişikliklərin zamanıdır. Bizim xalq çox həssas, daim yıxılanın əlindən tutan xalqdır. Nəinki fiziki məhdudiyyətli insanlara qarşı diqqət və qayğılarında ola. Amma dediyim kimi bəzi etiket qaydalarına da diqqətlə yanaşılsa əla olar”.

Əsas odur ki, cəmiyyətə açılasan...

Qəhrəmanımı incidən, ağrıdan məsələləri dinlədikcə, doğrudan da bir sıra davranış və ünsiyyət qaydalarına ciddi “əl gəzdirməyimizin” vacibliyini düşündüm.
Ülkər xanımın “İstedadlı əlilliyi olan dostlarımızın kulisdə qalmamaları üçün hansı məsləhətlərin olardı?” sualıma cavabı da maraqlı oldu: “Təkərli kürsüm belə məni kulisdə saxlaya bilmədi. Heç vaxt kulisdə qalmayın! Başa düşürəm ki, bəzi məhdud imkanlarımız bizi kulisdə saxlamağa vadar edir. Amma artıq zaman, dövr dəyişib indi imkanlar daha genişdir. Mühit genişlənib, məşğulluq imkanları, bacarığını sübut etmək üçün meydanlar açılır. Bizim fiziki imkanlarımız məhdud ola bilər. Ancaq biz cəmiyyətə elə yöndən xeyirlər verə bilərik ki, bunun faydalarını təsəvvür edə bilmərsiniz”.
Ülkər xanım bizdə işləməyən bəzi qanunların başqa ölkələrdə aktiv şəkildə tətbiq edilməsindən də xəbərdar olduğunu söylədi: “Bildiyim qədəri ilə bir çox ölkələrdə o cümlədən bizə qardaş olan Türkiyədə belə fiziki məhdudiyyətli şəxslərin məşğulluğunun təmin edilməsi üçün sərt qanunlar var. Yəni, misal üçün, bir restoran sahibinin və ya zavod rəhbərinin bu kateqoriyadan olan bir gənci işə götürməsi vacibdir. Ya da müəyyən güzəştlər təklif edilir ki, iş adamları kifayət qədər belə şəxslərin məşğulluğunu təmin etsinlər. Bu bilirsiniz nə deməkdir? Bu təcrübədir, bu həyata daha çox bağlanmaq deməkdir, həyat eşqinin artması, psixoloji travmalar, depressiyalardan özünə qapanmadan uzaq qalmaq deməkdir. Bu elə mənim timsalımda cəmiyyətə açılıb ailə xoşbəxtliyi və digər idman, istedad- əl işləri sahəsində uğurların sıralanması deməkdir. Bir gənc təkərli kürsüdə oturub aktiv həyat keçirməyə bilər. Amma biz onun beynində hansı istedad, qavrayış üstünlüyü, ümumilikdə xüsusi əl qabiliyyətinin belə olmasını bilmirik. Bunu kəşf etməliyik, eyni zamanda həmin gənc özü də ana əli ilə idarə olunan təkərli kürsüdə eyvana və eyvandan yataq otağına dönməməlidir. Bizim mərkəzə gələ bilərlər, paralimpiya idman növlərini öyrənə bilərlər, müəyyən peşələrə sahiblənə bilərlər və s. Qısası, dövlət bizə qayğısını əsirgəmir, amma bizim aktivliyimizdən də çox şey asılıdır... Siz sərbəst düşünüb fəaliyyət göstərmək üçün əzmli olmalısınız. “Mən fiziki məhdudiyyətliyəm” deməməlisiniz. Əngəl sözünü sevmirəm, ancaq bu məqamda deməliyəm ki, insan gərək özü öz “əngəl”ini aşsın ki, başqaları onu əngəlli görməsin”.
Müsahibimin həyat eşqi, kitablarda oxuduğum, filmlərdə izlədiyim mümkünsüzü bacaran qəhrəmanlara xas xarakteri, istedadı və xoşbəxtliyini öz əlləri ilə tapması məni heyrətləndirməyə bilməzdi. Bu təəssüratlarımı, qısa real həyat hekayəsini ona görə xatırlatdım ki, əgər Ülkər xanım özünün də dediyi kimi yalnız evdə oturub passiv həyat tərzi seçsəydi, cəmiyyətə açılmayan biri olsaydı, indi ailə qurmaq məsələsində də seçimləri daha məhdud olardı. Yəni, doğrudan da o sübut etdi ki, dövlətin yaratdığı bir çox imkanlardan yararlanmaq-peşə reabilitasiya mərkəzinə getməklə nəinki idmanla məşğul olmağa başlamaq, uğur formulunun sirrini öyrənmək, hətta bir çox fiziki məhdudiyyətli şəxslər üçün əlçatmaz olan ailə sahibi də olmaq mümkündür. Əsas odur ki, cəmiyyətə açılasan...
Onunla həmsöhbət olandan sonra bir daha əmin oldum ki, əlilliyi olan şəxslər məşğulluq, bədii, incəsənət bacarığı, sosial reabilitasiya, hətta idman sahəsində olan diqqətdən yaradılan şəraitdən yararlansalar həm ailə həyatında, həm də digər məsələlərdə uğurlar qazana bilərlər. Ülkər xanımın bir fikri isə daha çox məni düşündürdü- “Məşğulluğumuz daha çox təmin edildikcə, həyatımızda yeni-yeni səhifələr açılır. Əsas isə istəkdir!”.

Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Qaradağ rayonunda ağacəkmə kampaniyası keçirilib
06.12.2019
”Vikipediya”da tanınmış qadın şəxsiyyətlərimiz haqqında onlarla məqalə yaradılıb
06.12.2019
Aİİ tələbələri ağacəkmə aksiyasında iştirak ediblər
06.12.2019
Prezident və birinci xanım Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06.12.2019
Dünya azərbaycanlılarını virtual həmrəyliyə aparan yollar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info