Tianeti qəsəbəsinə qaz xətti çəkilib
Tarix: 26.07.2013 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“SOCAR CORCİA QAZ” Gürcüstanın yüksək dağlıq Tianeti qəsəbəsinin qazlaşdırılmasını davam etdirir. İndiyədək 11 kilometr uzunluğunda qaz kəməri çəkilib və 305 abonentə təbii qaz verilişi təmin olunub.

Qazlaşdırmanın ilkin mərhələsinin başa çatması münasibəti ilə keçirilmiş tədbirdə iştirak edən Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov qəsəbə sakinlərindən birinin evində qaz sobasını alovlandırıblar.
Kaxa Kaladze SOCAR-a ölkənin qazlaşdırılmasında fəal iştirakına və keyfiyyətli işinə görə təşəkkürünü bildirib. O, Msxeta-Mtianeti bölgəsinin yüksək dağlıq ərazisi olan Tianetinin qazlaşdırılması prosesinin ilkin mərhələsinin başa çatdırılmasını təqdirəlayiq hal kimi qiymətləndirib və əmin olduğunu vurğulayıb ki, SOCAR əksər bölgələrdə olduğu kimi, burada da başlanmış işi uğurla yekunlaşdıracaq. ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov görülmüş işlər barədə məlumat verərək deyib ki, Msxeta-Mtianeti bölgəsində 9.200 abonentə təbii qaz verilişi təmin olunub, 260 kilometr uzunluğunda qaz kəməri çəkilib. Bölgənin Tianeti rayonuna qaz çəkilişinə bir müddət əvvəl başlanılıb və ilkin mərhələ uğurla başa çatdırılıb. Qəsəbədə yaşayan 1.200 ailənin 305-i təbii qazla təmin olunub.
M.Məmmədov bildirib ki, bu ilin sonunadək daha 300 ailə qazla təmin olunacaq və 2014-cü ilin axırlarında Tianeti qəsəbəsinin qazlaşdırılması tam başa çatdırılacaq.