“Vətənimiz Azərbaycanı heç vaxt yadımızdan çıxarmırıq”
Tarix: 02.04.2019 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Eyvaz Məhəmmədhəsənov: “Qazaxıstanda mədəniyyətimizin və adət- ənənələrimizin tanınmasında bütün imkanlardan istifadə edirik”

Qazaxıstanda azərbaycanlıların formalaşdırdığı diaspor bu ölkədə sayılıb seçilənlərdəndir. Orta Asiyanın aparıcı dövlətlərindən olan Qazaxıstan ilə Azərbaycanın tarixi əlaqələri orta əsrlərə gedib çıxır. Böyük "İpək yolu" dövlətləri olan Qazaxıstan və Azərbaycan arasında əlaqələr ticari və mədəni əsaslarla inkişaf edib. Qazaxıstan azərbaycanlılarının bu ölkədə diaspor olaraq formalaşması XX əsrin 60-cı illərindən sonrakı dövrə təsadüf edir.
1920-ci illərdə Sovetlər Birliyində başlanan siyasi repressiyaların ən ağır zərbəsi Azərbaycana dəydi. Bunun nəticəsində azərbaycanlıların çox hissəsi Vətəndən didərgin düşənlər Orta Asiya, Sibir kimi yerlərə sürgün edilirdilər. Belə azərbaycanlıların müəyyən hissəsi, təqribən 120 minə qədəri Qazaxıstana sürgün olublar. İlk sürgün edilən soydaşlarımız Canbul, Çimkənd və Almaatı vilayətində məskunlaşıblar. Bundan sonra 40-50-ci illərdə davam edən repressiya prosesində azərbaycanlıların bura köçürülməsi ilə nəticələnmişdi. Bu köçürülənlərin arasında hazırda Qazaxıstanın Almaatı şəhərindən aktiv diaspor fəaliyyəti göstərən Eyvaz Məhəmmədhəsənovun da ailəsi olub. O, qəzetimizə müsahibəsində bu və digər məsələlər haqda danışıb.

- Eyvaz müəllim, ilk olaraq mümkünsə özünüz haqqında ətraflı məlumat verərdiniz. Nə vaxtdan Qazaxıstanda yaşayırsınız?

- Mən Məhəmmədhəsənov Eyvaz İmamverdi oğlu 1958-ci ildə Qazaxıstan Respublikasının Canbul vilayətinin Tolebi rayonunun Jana-Jol (Yeni-Yol) kəndində anadan olmuşam. 1976-cı ildə hərbi xidmətimi Kiyev şəhərində başa vurduqdan sonra Almaatı şəhərinə gəlmişəm. 1991-1992-ci illərdə Almaatı Sovet Ticarəti Texnikumunda oxumuşam. Şəxsi mülküyyətçiyəm. Restoran biznesi ilə məşğul oluram. Ailəliyəm, 2 övladım var. Qazaxıstanın ən yüksək dövlət mükafatlarına, medallara (5 ədəd) və “Kormet” ordeninə layiq görülmüşəm. 2008-ci ildə Qazaxıstanda Azərbaycan Respublika Cəmiyyətinin Almaatı şəhər şöbəsinin sədri vəzifəsinə seçilmişəm. Arzum Qazaxıstan azərbaycanlılarını yumruq halında birgə fəaliyyətdə görməkdir.

- Qazaxıstanda Azərbaycan diasporunun təşkilatlanması prosesi hansı səviyyədədir və bu prosesin sürətlənməsində Siz hansı işlər görürsüz?

- Almaatı şəhərində cəmiyyətin işləri yüksək səviyyədədir. Biz Qazaxıstanda mədəniyyətimizin və adət- ənənələrimizin tanınmasında bütün imkanlardan istifadə edirik. Azərbaycan və Qazaxıstanın dövlət bayramlarını yüksək səviyyədə keçiririk. Bu işlərin görülməsində Respublika cəmiyyətinin sədri Əbülfəz Xamedov və cəmiyyət sədrinin birinci müavini Allahverdi Məmmədovun böyük əməkləri var.

- Qazaxıstanda diasporumuzun nəsilləri arasında əlaqə hansı formadadır. Yəni bildiyimiz ki, ötən əsrin 20, 30, 40-cı illərində Azərbaycandan Qazaxıstana sürgün olunmuş insanlar var. Bu gün onlar özlərini Azərbaycan diasporu hesab edirlərimi?

- Ötən əsirin ortalarınadək Azərbaycandan 100 mindən çox günahsız insanlar Qazaxıstana sürgün olunub. Bu insanlar öz adət- ənənələrini qoruyaraq, Azərbaycan diasporunun inkişafında böyük işlər görüblər. Onlar Qazaxıstan Respublikasının ictimai- siyasi həyatında da yüksək səviyyədə çalışıblar. Bunlardan 17 nəfər SSRİ -nin yüksək mükafatına- Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüblər. Mənim atam Məhəmmədhəsənov İmamverdi Kəlbi oğlu, atası ilə bir yerdə 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Qızılağac kəndindən Qazaxıstana sürgün olunublar. Atam Böyük Vətən Müharibəsi iştirakçısı olmaqla bərabər, 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rayon mərkəzində onun büstü qoyulub, o cümlədən adına küçə verilib.

- Ümumiyyətlə, Qazaxıstanın elmi, mədəni inkişafında azərbaycanlıların nə kimi rolu var?

- Biz öz adət- ənənələrimizi, mədəniyyətimizi, dilimizi gənc nəsillərə ötürməklə, onlara təbliğ edirik. Vətənimiz Azərbaycanı heç vaxt yadımızdan çıxarmırıq. Həmişə Azərbaycan ideyaları və varlıqları ilə yaşayırıq. Ümumiyyətlə, Qazaxıstanda insanların milli, dini, irqi zəmində heç bir problemi yoxdur. Bu ölkədə bacarığı sayəsində yüksək pillədə qarar tutmuş çoxlu azərbaycanlılar var. Dövlət strukturlarının hamısında azərbaycanlılar təmsil olunurlar. Vəkillər, alimlər arasında da xeyli soydaşlarımız var. Daxili işlər nazirliyi sistemində, hərbi sahədə, vergi orqanlarında yüksək rütbə daşıyan çoxlu həmvətənlərimiz fəaliyyət göstərirlər.

- Qazaxıstanın ictimai-siyasi işlərində diaspor olaraq hansısa fəallıq göstərə bilirsinizmi?

- Qazaxıstan Respublikasının elm və mədəniyyət sahələrində böyük miqdarda Azərbaycan ziyalıları yüksək səviyyədə çalışırlar. Cəmiyyətimizin üzvlərindən bir neçəsi Qazaxıstan Xalqlar Asambleyasının üzvləridir, həmçinin Qazaxıstanın ən yüksək medal və ordenləri ilə təltif olunublar.
Onların arasında ölkəmizin elm və təhsilinin inkişafına qiymətli töhfə vermiş görkəmli elm xadimləri var. Sevindirici haldır ki, Qazaxıstan rəsmiləri də diasporumuzun fəaliyyətini çox yüksək qiymətləndirir. Onların fikrincə bu ölkədəki Azərbaycan diasporu hər iki xalqı birləşdirən özünəməxsus “etnik körpü” rolunu oynayır. Bu da təəccüblü deyil, çünki azərbaycanlılar və qazaxlar qardaş xalqlar olub, ümumi tarixi köklərə malikdirlər. Bizim dillərimiz çox yaxındır. Biz ümumi mədəni irsə malikik.

- Qazaxıstandakı Azərbaycan diasporunun özəlliyi nədədir?

- Qazaxıstanda aparılan statistik göstəricilər görə Azərbaycan diasporu digər diasporlardan mühacirətə az meylli olmağı ilə seçilir. Demoqrafik cəhətdən seçilən Azərbaycan diasporu mədəni və ictimai fəaliyyətlə məşğul olur. Hüquq, iqtisadiyyat, ictimai işlər, texniki, elmi və digər sahələrdə çalışan soydaşlarımızın müəyyən hissəsi öz peşəsi üzrə xeyli qabağa gedərək, mühüm postları tutublar. Onlar yerli əhali və rus, özbək, türkmən, qırğızla isti əlaqələr quraraq, bir-birlərinin mədəni tədbirlərində fəal iştirak edirlər. Qazaxıstan azərbaycanlılarının çox hissəsi Vətənə gedərək orada ailə həyatı qurmağa üstünlük verirlər. Qazax və ruslarla qarışıq nikaha girən bəzi soydaşlarımız isə ailələrində azərbaycanlı ənənələrini təbliğ edirlər.

- Azərbaycanın Qazaxıstandakı səfirliyi Sizin hər hansı problemlərinizin həll olunmasında köməklik göstərirmi?

- Bizim işlərimizdə, problemlərin həlində Azərbaycanın Qazaxıstandakı səfirliyi həmişə kömək edir və bizimlə bir yerdədirlər. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədova, eləcə də səfirliyin əməkdaşlarına cəmiyyətimiz adından öz minnətdarlığımızı bildiririk!

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
“Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
19.08.2019
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19.08.2019
“Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
15.08.2019
“Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
08.08.2019
“İlahiyyat İnstitutu olaraq, tələbələrə öz övladlarımız kimi yanaşdıq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info