“Sevgi adası”
Tarix: 27.07.2013 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Dünyanın cənnətidir gözəl Türkiyəm... Bu müqəddəs torpağın hər qarışını gəzmək, dolaşmaq, hər daşı, qayası tarix olan yerləri görmək, duymaq, hiss etmək böyük xoşbəxtlikdir. İllərdir xəyal edərdim, həsrətini çəkərdim, babamın doğulduğu, dünyaya göz açdığı Türkiyəmin nəfəsini duymağı, səmalarını, günəşini doya-doya seyr etməyi... Tanrı bu əlçatmaz günləri görməyi mənə nəsib etdi. İndi mən qarış-qarış gəzmək arzusunda olduğum bu diyarın əfsanəvi daşlarına, qayalarına, meşələrinə, dağlarına heyran oluram.
Səhərinin günəşi, axşamının qürub çağı dağların-daşların rənginin bir-birınə qarışdığı, günəşin şəfəqlərinin dənizə qovuşduğu təsvir edilməsi mümkünsüz mənzərələrdir. Başdan-başa tarixin sirləri süzülən bu torpağın tayı-bərabəri dünyanın heç bir yerində yoxdur.
Mənim builki səyahətim Kuşadasına oldu. Gözəlliyindən, nəğməsindən, doymadığım Kuşadasına. Amma mən bu adaya “Sevgi adası” deyərdim, səhər-səhər adanı qoynuna alan, dənizdən səpələnən sevdalı günəşiylə... Çırpınan dalğaların səsiylə oyanan şəhəri çiçəklərin ətri, meşələrin nəfəsi oxşayır.....
Kuşadasında olmaq, Efesdə olmaq, müqəddəs Məryəmin yaşadığı evi ziyarət etmək, yüz illərin nəfəsi duyulan daşlara toxunmaq, duyduğun gözəllikləri ruhunla yaşamaq nə qədər sehrlidir, gözəldir...
Sıldırım qayaların başında ucalan səs çatmayan, ün yetməyən qalalar sanki ulduzların ecazkar qüvvəsindən yaranıb. Efesin isə hər daşı, qayası bir əfsanədir.
Selcuk bölgəsində yerləşən Efes qədim yunan dövründə İyonyanın on iki şəhərindən biriydi. Qurulması daş dövrünün 6000 illərinə bağlıdır. Selcuk Kuşadası yolunun 8 km-liyində yerləşən Efes Böyük İsgəndərin generallarından Lysimakhos tərəfindən m.ö. 300-cü illərində qurulub. Roma imperatoru Avqust zamanında Asiya əyalətinin mərkəzi olmuş, əhalisinin sayı isə 200 000 nəfər olub.
1330-cu ildən Türkiyənin ərazisində olan və ildə 1,5 milyon insan tərəfindən ziyarət edilən Efes dünyanın sehrli əfsanəsidir.
Dünyanın 7 möcüzəsindən biri olan Artemis Tapınağının tarixi e.ə. VII əsrə qədər getməkdədir. Efesdə yerləşən Məryəm Ana evi müqəddəs Məryəmin son illərini keçirdiyi ziyarətgahdır. Burada 431-ci ildə tikilmış Məryəm kilsəsi Məryəm adına inşa edilmiş ilk kilsədir.
Məryəm ana evində olarkən bu möhtəşəm ziyarətgahın içində düşündüm ki, dünyanın bütün insanları eyni, tək bir Tanrıya dua edir.
Hər insan isə bir dünyadır... Yer üzünə ədalət, mərhəmət, sevgi yayan insanlar hər kəs üçün müqəddəsdir. Bu əfsanəvi yerlərin suyunu içib, nəfəsini duyunca hiss etdim ki, insanın ruhu sevinəndə həyat nə qədər gözəldir...
Efesin kitabxanası, tədbirlər keçirilən və konsertlər verilən 1400 nəfərlik zalı vardı; atəşi sönməməsi, əbədi həyat kimi qorunan salon və kitabxana meydanında teatra qədər uzanan küçələr insanın düşüncələrini uzaqlara, çox uzaqlara aparır... Neçə yüz illər öncə bu qədər dərin təfəkkürlə, məntiqlə qurulmuş bu şəhərdə xəstəxananın, məktəbin belə izləri qalmışdır. Bəlkə bu insanlar öz güclərinə inandıqlarından bu gücü istiqamətləndirməyi, idarə etməyi də bacarırlarmış.
Efesin əfsanəvi qurucusu Androklosun tikdirdiyi evlərdə divarlar mərmər və rəsmlərlə örtülmüş, evlərin hamısında kanalizasiya sistemi və hamam olub. 24000 nəfərin yerləşə biləcəyi teatr dünyanın ən böyük açıq hava teatrıdır... İdman oyunları, qladiator oyunları keçirilən stadion və böyük teatrdan Antik Limana uzanan 600 metr uzunluğunadək yol..... Heç bitməyəcək, sonsuz yol... Gözəl Türkiyəmə aparan bütün yollar unudulmayan əfsanəvi tarixin sehrindən keçir.
Kuşadasının tarixi yerlərinin tanıdılmasında, bütün bu gözəlliklərin, sanki sehrli dünyanın oğlum Anara və mənə bəxş edilməsində Yaşar Çələbiyə ürəkdən təşəkkür edirəm.
Doğmalıq, isti münasibəti duymaq və Kuşadasının hər qarışını gəzmək yalnız Yaşar bəyin köməkliyi, sayğısı sayəsində bizə nəsib oldu. Öncə Zeytun muzeyinə birlikdə səyahətimiz, çox sevdiyim varlıqlar-mübariz, cəsarətli, yenilməz atların saxlandığı yerlərə mənim istəyimlə getməyimiz, sahilləri dənizin nəfəsini çəkən adalara gəmi gəzintiləri, daha sonra isə bütün tarixi yerləri, muzeyləri dolaşıb zövq almaq Yaşar Çələbinin bizə ən böyük hədiyyəsi oldu.
Qəribə bir hissiyyat yaratdı içimdə- bu yerlərdə yaşamış kimi heyran olduğum, ruhumu cazibəsindən ayıra bilmədiyim bu məkandan.....
İndi mənə əziz olan xatirələr və unudulmayan
Kuşadası nəğməsi....

Kuşadası nəğməsi
Günəşə sevdalı, dəniz nəfəsli,
Açılan sabahın çiçək çələngli,
Hiss etdim mən sənin gözəl qoxunu,
Doymadım sehrindən qağayı səsli.
Kuşadası- nəğmən ürəyimin
susmayan səsi....

Çağlayır dənizin, dalğalar coşur,
Ləpələr titrəyir, sahillər susur,
Gecələr ulduzlar dənizdə yatır,
Mavi sularında nağıllar axır.
Kuşadası- qayaların, daşların
sevilməyi öyrədir.

Köksündən tarixin izləri keçir,
Səmanda həsrətin atəşi yanır,
Sevgi məbədində savab
yazan mələklər
Müqəddəs Efesin keşiyin çəkir.
Kuşadası- işığın məşəldir,
dünyaya yetir...

Səadət quşudur səmanda uçan,
Dağlardır səninlə məğrur dayanan.
Meşə pıçıltını külək oxşayan,
Kuşadası- Egeyə şəfəqlər saçan,
Həsrət damlaları qəlbimə axan,
Sonsuz xəyalımdır sənə bağlanan...

Bu nəğmə heç bitməsin-istəyirdim...
Zöhrə Əliyeva




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info