Yol düşüncələri, yaxud da 234 saylı otaq
Tarix: 04.04.2019 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Esmira Məmmədova |

ADPU-nun müəllimi,
Pedaqogika üzrə fəlsəfə doktoru


Beynimdə ailə qayğılarıyla, uşaqların dərsdən sonra mənsiz evdə nə edəcəklərini düşünə-düşünə iri addımlarla Sahil metrosundan çıxıb işə,Üzeyir Hacıbəyli 68 ünvanına tələsirəm. ADPU-nun həyətinə daxil olan kimi, həyətdə səliqə ilə əkilmiş ağaclar, onların kölgəsində quraşdırılmış skamyalar, aparılan təmir-bərpa işləridiqqəti cəlb edir. Həyətimiz kiçik olsa da, həmişə tələbələrlə, müəllimlərlə dolu olur. Tələbələrin əllərində kitab-dəftər görəndə daha çox sevinirsən, gələcəyə daha çox ümid bəsləyirsən.Bu şirin xəyallara dala-dala doğma kafedramıza doğru addımlayıram. Yuxarı qalxdıqca quruculuq, yaradıcılıq işləri açıq-aydın hiss olunur. Geniş, səliqəli, işıqlı dəhliz, sıra ilə yanaşı düzülmüş otaqlar adamın üzünə gülür.Fikriləşirsən ki, burda böyük dahilər, nəhəng alimlər dərs deyib. Özün də bununla qürur duyursan ki, belə bir müqəddəs məkandasan. Lakin buradakı bir otaq mənim üçün daha əzizdir, daha doğmadır. Otaq №234, Azərbaycan dili və onun tədrisi metodikası...Hərdən fikirləşirəm ki, bu kafedradakı nizam, intizam sanki onun nömrəsində də əks olunub. 234-dəki rəqəmlərin ardıcıl düzülüşü elə bil kafedranın təbiətindəki sistemliliyi, ardıcıllığı nümayiş etdirir. Otaqdakı mənzərə də bir növ bununla vəhdət təşkil edir: səliqə ilə, sistemli şəkildə rəflərə düzülmüş qalaq-qalaq kitablar, divardan asılmış böyük saat, həmkarlarımızın yaradıcılığını əks etdirən stend, həyətə açılan bir pəncərə, pəncərə qarşısındakı güllər və daha nələr, nələr...
Nədənsə həmin gülləri görəndə daxilən kövrəlirəm, gözümü qaçırdıram o güllərdən. Qəribədir, həmişə təravətli olan o güllər Əzizxan müəllimin yoxluğundan sonra soluxmağa başladı. Mənə elə gəlir ki, bu balaca canlılar da sanki Əzizxan müəllimin yoxluğuna dözmədilər...
Demək olar ki, bizim bu kafedrada daima işgüzar səs-küy, elmi müzakirələr, şirin söhbətlər, elmi polemikalar, müzakirələr gedir. İndi bu müzakirələr daha da genişlənib. Kafedrada təcrübə keçən magistrantlarımızla işləyən müəllimlərimiz elə həvəslə işləyirlər ki, adam böyük maraqla qulaq asır, istər-istəməz ayaq saxlayırsan. Ən əsası vaxtın keçdiyini hiss etmirsən. Buna görə də kafedramız universitetimizin ən yaxşı kafedralarından biridir. Kafedramızda 40-a yaxın müəllimçalışır. Onların arasında respublikamızda sözünü demiş alimlərimiz, professorlarımız da var. prof. Nadir Abdullayev, prof.Vafiq Qurbanov, prof.Fikrət Xalıqov, prof. Nabat Cəfərova, prof. Minəxanım Təkləli, dos. Kamil Bəşirov, dos. Pəri Paşayeva, dos. Məhərrəm Hüseynov, dos. Hümmətova Rəhilə,dos.Abbasova Sevda, dos.Adil Balıyev, dos.Allahverdi Hacıyevvə başqalarının adını çəkmək mənim üçün şərəfdir. Böyük qürur hissi keçirirəm ki, adət-ənənəsi olan belə bir kafedrada işləyirəm. Ona görə də “Sən hansı kafedrada çalışırsan” sualına böyük fəxrlə, qürur hissi ilə kafedramızın adını çəkərək cavab verirəm. Kafedramızın adını eşidəndə mənə, çox şanslı olduğumu bildirirlər. Görünür ki, bu da kafedramızın ənənəsindən irəli gəlir. Əzizxan müəllimdən sonra bu ənənəni dos. Kamil müəllim, daha sonra isə dos. Sevda xanım davam etdirir.
Yaxşı yadımdadır, rəhmətlik prof. Əzizxan Tanrıverdiyev mənimlə birgə, AMİ-dən gələn müəllimləri də çox mehribanlıqla qarşılamış və bizə qayğı ilə yanaşmışdı. Ona görə də biz kafedranın müəllim kollektivinə tez bir zamanda uyğunlaşdıq. İndi də sevinirəm ki, belə böyük bir ziyalılarla eyni kafedrada çalışıram və bu mənim üçün həm şərəfli, həm də məsuliyyətli işdir.Kafedramızda çox savadlı, təcrübəli, təvazükar müəllimlər və laborantlar çalışır.
Azərbaycan dili və onun tədrisi metodikası kafedrası ADPU-nun ən köklü fakültələrindən olan Filologiya fakültəsinin tərkibində olan kafedralardandır.Filologiya fakültəsinin dekanı prof. Mahirə xanım bizim kafedranın əməkdaşları ilə xoş münasibət qurur. Mahirə xanım bizim müəllimlərin fəaliyyəti ilə daha yaxından maraqlanır və lazım bildikdə öz tövsiyələrini də verməyi unutmur. Dekan müavinləri- dos. Pəri xanım və dos. Məhərrəm müəllim də bizim kafedranın əməkdaşlarıdır.dos. Pəri xanım və dos. Məhərrəm müəllim çalışqan, zəhmətkeş, təvazökar müəllimlərdir. Onlar həm dekanlığın, həm də kafedranın işlərində əzmlə çalışırlar.Mən də artıq üç ildir ki, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında çalışıram. Mənə burada işləmək, ən böyük səadət və xoşbəxtlik bəxş edir. Rəhmətlik prof. Əzizxan müəllim tez-tez deyərdi: “ Bura mənim, sizin ailənizdir. Mənim üçün bura işdən əlavə doğma yerdir.” Biz də bu etimadı həmişə doğrultmağa çalışırıq.Vətənimizin demək olar ki, bütün kənd və şəhər məktəblərində minlərcə ADPU-nun tələbəsi müəllim kimi çalışır. Onların müəllim kimi formalaşmağında əməyi olan bizim kafedranın daadını xüsusi ilə vurğulamaq lazımdır.
Bu il kafedramızın 60 ili tamam olur. Yaşı mənim yaşımdan 24 il çox olan 60 il... və bu illər ərzində neçə-neçə tələbəyə doğma dilimizin sirlərini, onun tədrisi metodikasını öyrədən kafedra. Kitablarını sevə-sevə oxuduğumuz, əsərlərini elmi fəaliyyətimizdə, tədqiqat işlərimizdə istifadə etdiyimiz dünyasını dəyişmiş prof. A.Abdullayevin, prof. H. Balıyevin, dos. Ş.Nəbiyevanın və digər ziyalılarının ruhu var.Burada hər il onlarca elmi-tədqiqat işi, onlarca magistr dissertasiyaları müzakirə olunur. Bütün bunlar daima bizi təkmilləşməyə sövq edir.
Təsadüfi deyil ki, prof. Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor təyin edildikdən sonra gənc müəllimləri universitetimizdə tez-tez görə bilərsiniz. Biz gənclər rəhbərlikdən dəstək aldıqda, daha həvəslə çalışırıq. Elmi seminarlarda, konfranslarda gənc müəllimlərin təqdimatları olur. Biz, daima ümummilli liderimiz Heydər Əliyevin davamçıları kimi çıxış edir və onun siyasətini dəstəkləyirik. Fakültəmizdə də, kafedramızda da bu sahədə silsilə tədbirlər təşkil olunur.
Əziz oxucu! Bacardığım qədər 234 nömrəli otağı —kafedramızı sizlərə təqdim etmək istədim. Düzdür, bacardığımı hələ deyə bilmərəm. Axı 60 illik fəaliyyəti olan bir kafedranı kiçik bir mətndə necə təsvir etmək olar?!
60 il ərzində kafedranı bu səviyyəyə çatdıran, əməyi olan hər kəsi təbrik edirəm!Dünyasını dəyişən müəllimlərə Allahdan rəhmət diləyirəm!Filologiya fakültəsinə, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına və ümumilikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, prof. Cəfər müəllim olmaqla, bütün müəllim və işçi kollektivinə uğurlar arzu edirəm!
60 yaşımız mübarək! Yaşımız çox olsa da, daim gənc qalmaq arzusu ilə!





 
Müəllifin son yazıları

05.02.2019 Ömrü şərəflə yaşayan müəllim
24.08.2016 Erməni addımı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info