Bir elin salnaməsi
Tarix: 05.04.2019 | Saat: 14:04:00 | E-mail | Çapa göndər



Xeyirxahlıqdan yaranan kitab
Mətbuat yarandığı gündən bir məqsədə xidmət etmişdir: insanları məlumatlandırmaq, maarifləndirmək, millətin qaranlıq yolunu işıqlandırmaq, yayıldığı məkanda dünyaya tanıtmaq. Mətbuat üçün mövzu qıtlığı olmur. “Əkinçi” ilə millətin gözünə işıq bəxş edən Həsən bəy Zərdabi Azərbaycan ictimaiyyətinə çox şey verdi. Məqsədim “Əkinçi”nin gördüyü işləri sadalamaq deyil, millətin mətbu tarixinə ilk imza atan “Əkinçi” babamızın nəvə-nəticələri də bu günə kimi artıb çoxalıb. Ömür-günü də həmişə işıqlı, düz-hamar olmayıb. Bu yaxınlarda əlimə keçən vaxtı ilə “Kommuna yolu”, sonralar “Avanqard”, bu gün “Bərguşad” adı ilə buraxılan “Bərguşad” rayon qəzetinin 80 illiyi münasibətilə buraxılan sanballı bir kitab bu mətbu orqanın enişli-yoxuşlu yoluna, onun sevincli-acılı taleyinə həsr olunmuşdur.
Kitabın ən böyük və dəyərli məzəxlərindən biri budur ki, “Bərguşad”ın keçdiyi tarixi yol faktlarla göstərilmişdir. Qəzetin yaradıcıları, redaktorları, yazarları barədə ətraflı məlumatlar çox maraqlıdır. Bu, təkcə bir mətbu orqanıının deyil, yaşadığı və yayıldığı Qubadlı rayonunun bütün sahələrindən məlumat verir. İlk öncə rayonda sovet quruluşunun qələbəsindən, sonra sosializmin inkişafından, 1941-1945-ci illərin aclıq, səfalət dolu məqamlarından, bərpa illərindən, mənfur düşmənin torpaqlarımızın işğalından, qaçqın- köçkünlük dövrünün dünyaya sığmayan çağlarından yazan qəzet bu gün də yaşayır, Qubadlı harayını dünyaya yayır.
Hazırda Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı kimi fəaliyyətini davam etdirən “Bərguşad” qəzeti çətin, lakin şərəfli bir yol keçmiş, ölkəmizin intibahı dövründə rayonun həyatında – təhsili və səhiyyəsində, mədəniyyətində, habelə kənd təsərrüfatında, iqtisadi-siyasi hadisələrin fövqündə, savadsızlığın ləğvində, ziyalıların, milli və vətənpərvər kadrların yetişməsində, peşəkar jurnalistlərin formalaşmasında əvəzsiz rol oynamış, bir elin salnaməsini yaratmağa müvəffəq olmuşdur.
Qəzet “Kommuna yolu” və “Avanqard” adı ilə çıxan illərdə adlı-sanlı alimlər, istedadlı şair və yazıçılar qələmlərini burada sınaqdan keçirmişlər. Xalq yazıçı və şairləri Süleyman Rəhimov, Əli Vəliyev, Səməd Vurğun, İsmayıl Şıxlı, Nigar Rəfibəyli, Nəbi Xəzri, Məmməd Aslan, Davud Ordubadlı, Məstan Əliyev və başqalarının yazıları bu qəzetə hörmət və etibar qazandırmışdır.
Kitabdakı bir vaxtlar qəzetin səhifələrində yer almış yazıları oxuduqca bir daha inanırsan ki, mətbu orqan yarandığı gündən dövlət və dövlətçiliyin qorunması, möhkəmlənməsi keşiyində durmuş, ictimai- siyasi qəzet kimi özünü təsdiq etmiş, obyektiv, qərəzsiz və operativ yazıları ilə oxucu rəğbətini qazana bilmişdir.
Qəzetin yaranmasından bir neçə il sonra Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar ölkədə səfərbərlik elan edildi. “Hər şey Vətən üçün, hər şey cəbhə üçün” şüarı qəzetin əsas devizinə çevrilir. Çoxsaylı yazılar rayon sakinlərinin ovqatını yüksəltməyə, adamların bütün çətinliklərə qalib gəlməsinə ruhlandırmağa həsr olunmuşdur. Ümummilli lider Heydər Əliyev bütün dövrlərdə mətbuatın fəaliyyətinə önəm verərək yazırdı: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir... o həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir.”
“Bərgüşad” qəzetinin 80 illiyinə həsr olunmuş kitabı varaqladıqca yazılarında bu ruhu duymaq olur. Ötən əsrin müharibəyə qədərki illərində də, Böyük Vətən müharibəsi dövründə də, bərpa illərində də qəzetin təbliğatçılıq və təşkilatçılıq fəaliyyəti yüksəkdir.
Qəzetin 1 sentyabr 1941-ci il tarixli nömrəsindəki bir yazısında oxuyuruq: rayonumuzda Qızıl Ordu sıralarında olan gənclərdən onlarca məktub alırıq, bu məktublarda gənc patriotlar özlərinin german faşizminə qarşı fədakarlıqla mübarizə etdiklərini bildirirlər...
Qayalı kənd sakini, indi cəbhədə döyüşən Cahangirov Atlıxan kolxozçulara və kolxozçu qadınlara müraciətən yazır: “Döyüşən ordu sırasında olan mən də son damla qanım qalanadək xalqımı, vətənimi sosializm nailiyyətlərimizi alçaq düşmənlərdən qoruyacağam. Siz də arxa cəbhədə bütün işilərinizi Qızıl Ordunun mənafeyinə tabe edin”.
Qəzetin 16 aprel 1955-ci il tarixli nömrəsində dərc etdiyi “Qulamın toyu” satirik yazısından görünür ki, “Avanqard” cəmiyyətdəki neqativ hallara, antipodların tənqidinə də biganə qalmır.
Azərbaycan müstəqilliyinə qovuşandan sonra qəzet “Bərgüşad” adı ilə nəşr olunur. Qəzetin bundan sonrakı taleyi də çətin illərə düşür. Erməni faşizminin tüğyanı, Qubadlının işğalı, insanların faciəli həyatı, şəhər və kəndlərin dağılması, tarixi abidələrin, ata-babaların uyuduqları qəbiristanlıqların yerlə yeksan edilməsi qəzetin yana-yana, ağrı-acılarla dərc etdiyi materiallardan aydın olur.
“Bərgüşad” qəzetinin 2 yanvar 1991-ci il tarixli ilk nömrəsində dərc etdiyi “Sizi deyib gəlmişəm” yazısında müstəqilliyin qorunmasından, qarşıda çətin və məşəqqətli bir tarixin yaşanacağından bəhs olunur, adamlara mübarizə yolu göstərilir.
“Bərgüşad”ın bundan sonrakı nömrələrində verilən yazıları narahatçılıqla oxumamaq mümkün deyil. Qəzetin 4 mart 1992-ci il nömrəsində dərc edilmiş rayon icra hakimiyyətinin başçısı H.Əsədovun rayon zəhmətkeşlərinə qısa müraciətində çox mətləblərə səhifə açılır. Müraciətdə qeyd edilir ki, respublikada, eləcə də onun bir guşəsi olan Qubadlıda vəziyyət gərgindir. Adamlar ömürlərinin ən çətin günlərini yaşayır. Hər cür iqtisadi çətinliklər, nankor erməni quldurlarının basqınları bizi qorxutmamalıdır. Belə çətin anlarda bir-birimizə dayaq olmalı, yumruq kimi birləşməliyik. “Bərguşad”ın 14 avqust 1992-ci il tarixli nömrəsində dərc etdiyi “ 7 avqust - Qara günümüz” yazısı böyük bir elin faciəsinə ağı kimi səslənir.
Rayonun işğalından sonra qəzetin ilk nömrəsi 1994-cü il fevralın 2-də Sumqayıt şəhərində çıxır və bu tarix də “Bərguşad”ın fəaliyyətində yaddaqalandır. 82 ildə böyük və şərəfli yol keçən “Kommuna yolu”– “Avanqard” və “Bərguşad” bu gün də mübarizliyi qoruyur, bu yolda inamla addımlayır, “Bərguşad” elini inandırır ki, çox çəkməz sular durular, xalqımız torpaqlarını murdar ayaqlardan təmizləyər, adamlar doğma ata-baba yurdlarına qayıdarlar. Həyat yenidən dirçələr, müqəddəs torpaqlar düşmənə qəbir yeri olar.
2017-ci ildə “Bərgüşad” qəzetinin 80 illiyi münasibəti ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı
Malik İsaqovun təşəbbüsü və dəstəyi ilə hazırlanıb nəşr olunan bu kitab çox təqdirəlayiqdir. Bir əsrə yaxın zaman çərçivəsində Bərguşad elinin tarixini, mədəniyyətini, adət-ənənələrini, iqtisadiyyatı, təhsili, səhiyyəsini işıqlandıran bir mətbu vasitəsinin fəaliyyətini toplayıb gələcək nəslə ərmağan etməkdən şərəfli və məsuliyyətli iş ola bilməz. Mən də bu kitabı dəyərləndirir və həmkarlarıma bu çətin və şərəfli yolda yaradıcılıq uğurları arzulayıram

Əlihüseyn ŞÜKÜROV
Masallıda çıxan həftəlik "Yeni həyat" qəzetinin Baş redaktoru
Azərbaycan və Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bilik Günü Masallıda üç yeni məktəb binası istifadəyə verilib
16.09.2019
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanası açılıb
15.09.2019
Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
15.09.2019
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14.09.2019
Masallıda peşə təmayüllü siniflər yaradılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info