“Vergilər Nazirliyi tərəfindən hesabat formalarının optimallaşdırılması ilə bağlı əlavə tədbirlər nəzərdə tutulub”
Tarix: 05.04.2019 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadə bir sıra maraqlı məqamlarla bağlı müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik:

- Nigar xanım, artıq bu ildən başlayaraq sosial sığorta haqları ilə bağlı yığımlar Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Yığımlara nəzarət funksiyasının Vergilər Nazirliyi tərəfindən aparılması bu sahə üçün nəyi dəyişib?

- Cari ildən etibarən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilib. Məqsəd sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin qanunauyğun tənzimlənməsi, əməkhaqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması və bu sahədə inzibatçılığın təkmilləşdirilməsidir. Artıq vergi ödəyicinə nəzarət bir orqan tərəfindən həyata keçirilir.
Cari ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalardakı artım bu sahədə aparılan dəyişikliklərin müsbət nümunəsidir. Dəyişiklik Vergilər Nazirliyinin fəaliyyətinin əsas hədəflərindən biri olan "kölgə iqtisadiyyatı"nın azaldılması məqsədinə xidmət göstərəcək. Həmçinin, qanunla təsbit edilmiş dəyişikliklərə əsasən, sosial sığorta ödənişlərindəki məbləğ dəyişməsə də, ödəyicilər arasında faiz nisbəti yeni bölgüdə müəyyənləşib. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən sığorta haqqına cəlb edilən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində 200 manatadək olduqda məcburi dövlət sosial sığorta haqqı sığortaolunanın gəlirindən 3 faiz, sığortaedənin vəsaitindən 22 faiz, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 faizi üzrə tutulur. Məsələn, əmək müqaviləsi ilə işləyən vətəndaş 650 manat əməkhaqqı alırsa, o, gəlir vergisi ödəmir. Vətəndaşın məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirləri olmadığı halda, 650 manatın 200 manat hissəsi üçün 3 faiz sosial sığorta haqqı əməkhaqqından tutularaq ödənilir. Bu zaman müəssisə 22 faiz sosial sığorta haqqı ödəyir. Əməkhaqqının qalan 450 manatı üçün vətəndaşın əməkhaqqından tutularaq 10 faiz, müəssisə tərəfindən isə 15 faiz sosial sığorta haqqı ödənilir. Eyni zamanda, 650 manatın 0,5 faizi vətəndaşın əməkhaqqından tutularaq işsizlikdən sığorta haqqı müəssisə tərəfindən ödənilir. Bu zaman müəssisə 650 manatın 0,5 faizi miqdarında işsizlikdən sığorta haqqı ödəyir.

- Cari ildən etibarən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçotunun aparılması vergi siyasətində bir yenilikdir. Bu barədə məlumat verərdiniz...

- Doğru qeyd edirsiniz ki, cari ildən "Sosial sığorta haqqında" Qanunda edilmiş dəyişikliyə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Bununla bağlı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyata alındıqdan, yəni VÖEN verildikdən sonra həmin məlumatlara əsasən sığortaedənlərə avtomatik sığortaedənin uçot nömrəsi (SUN) verilir.
Torpaq mülkiyyətçisi sığortaedən kimi qeydiyyata alınmaq məqsədilə müraciət edən zaman fiziki şəxsin uçota alınma meyarını "Torpaq mülkiyyətçisi" kimi qeyd etməlidir. Qeydiyyat zamanı torpaq mülkiyyətçisinin və onun ailə üzvlərinin, o cümlədən torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd haqqında məlumatlarını tam və dəqiq doldurmalıdır. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş etməlidir.

- Artıq 2019-cu ilin 1-ci rübü yekunlaşıb. Sosial sığorta hesabatlarının yeni formaları istifadəyə verilib. Bilmək istərdik ki, hesabat formalarında nələr dəyişib?

- Vergilər Nazirliyi tərəfindən "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat"ın və "İşsizlik sığortası üzrə rüblük hesabat"ın yeni formaları, onların tərtib olunması qaydaları təsdiq edilib. 2019-cu il və sonrakı dövrlər üzrə həmin hesabatlarda bəzi dəyişikliklər edilib. Hesabat təqdim olunan zaman vergi ödəyicisinin bir sıra məlumatları hesabatda əks etdirməsi vacibdir. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən hər bir sığortaolunanın muzdlu işdən sığorta haqqına cəlb edilən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı üzrə yeni bölgüdə tutulmalar göstərilməlidir.
"İşsizlikdən sığorta haqqında" Qanunun 11-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün sığortaolunanın sığorta stajı bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddətə görə hesablandığı üçün "İşsizlik sığortası üzrə rüblük hesabat"ın formasına rüb ərzində əməkhaqqı və gəlir hesablanmış, eləcə də hesabına işsizlikdən sığorta haqqı ödənilmiş sığortaolunanlar (işçilər) barədə məlumatlar əlavə edilməlidir.
"Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat"ı və "İşsizlik sığortası üzrə rüblük hesabat"ı həm kağız, həm də elektron qaydada təqdim etmək mümkündür. Hesabatlarla bağlı məlumat əldə etmək üçün vergi ödəyiciləri Nazirliyin xidmət mərkəzlərinə və "195" Çağrı Mərkəzinə müraciət edə bilərlər.

- Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatı vaxtında təqdim etməyən sahibkarları hansı cərimələr gözləyir?

- 2019-cu ilədək sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatı vaxtında təqdim etməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunurdu və bu halda qanunda heç bir istisnaların nəzərdə tutulmadığı üçün hər hansı texniki və ya sair səbəbdən vaxtında hesabat verməyən sığortaedənə də böyük cərimələr tətbiq olunurdu ki, nəticədə sahibkara zərər dəyirdi.
Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən, vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
Hazırda qanunvericiliyin bu tələbinə əsasən, sosial sığorta hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına uyğun olaraq, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

- 2018-ci ilin 4-cü rübünün nəticələri üzrə hesabatlar təqdim edilərkən şəxsi hesab vərəqələrində qeydlərin aparılması ilə bağlı müəyyən çətinliklər yaranmışdı. Hazırda bu istiqamətdə işlər nə yerdədir?

- Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini qorumaq Vergilər Nazirliyinin fəaliyyətində ən başlıca prinsipdir və bu tip problemlərin gələcəkdə də yaranmaması üçün optimallaşdırma tədbirləri aparılmaqdadır. Vergi ödəyiciləri tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 2018-ci ilin 4-cü rübünün hesabatları da Vergilər Nazirliyinə təqdim olunub. Lakin həmin dövr üzrə hesabatların təqdim edilməsi zamanı vergi ödəyicilərinin sosial sığorta üzrə məlumatları Vergilər Nazirliyinin proqram təminatına inteqrasiya olunaraq uyğunlaşdırılması prosesi davam etdirilirdi. Bu səbəbdən də şəxsi hesab vərəqələrində yaranmış texniki uyğunsuzluqlar Vergilər Nazirliyi tərəfindən aparılmış tədbirlər nəticəsində qısa zamanda aradan qaldırılıb. Bununla yanaşı, artıq vergi ödəyicilərinin həm vergi, həm də sosial üzrə ödənişləri, borc öhdəlikləri və digər məlumatlar şəxsi hesab vərəqələrində əks etdirilir.

- Gələcəkdə hesabatların daha da təkmilləşdirilməsi və ya hansısa yeniliklər gözlənilirmi?

- Hal-hazırda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə Vergilər Nazirliyi tərəfindən hesabat formalarının daha da optimallaşdırılması və daha da təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər nəzərdə tutulub. Yaxın gələcəkdə hesabatların modifikasiya olunaraq vahid formada verilməsi və daha da sadələşdirilməsi istiqamətində işlər aparılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Fuad Abbasov saxlanmasının əsl səbəbini açıqlayıb
23.05.2019
Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
23.05.2019
“Gəmi mühiti insana möhkəm, iradəli olmağı öyrədir”
21.05.2019
“İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
20.05.2019
Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info