Dənizçi Rövşən Dəmirov: “Yarım saat dayanmadan gəmini güllələdilər”
Tarix: 22.04.2019 | Saat: 13:53:00 | E-mail | Çapa göndər


“40 ildən çox dənizçilik təcrübəm var. Amma hələ də hər gün nə isə öyrənirəm”

Müsahibimiz Rövşən Dəmirovdur. Dəmir kimi adamdır. Dənizin hər üzünü görüb və bu, onu daha da möhkəmləndirib.
Tibb işçisi olmaq istəsə də, yollar onu dənizçiliyə gətirib. Dediyinə görə, qardaşının istəyini yerinə yetirib. Amma sonralar dənizçilik onun həyat tərzinə çevrilib.
“Nəinki dənizçi olmaq fikrim, dənizçilik haqqında təsəvvürüm belə olmayıb. Qardaşım haradansa eşitmişdi ki, yaxşı sahədir. Mənə müraciət etməyi məsləhət gördü. 14 yaşındaydım, qardaşımla birlikdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbinə gəldik. Orada bir neçə sual verdilər. Yadımdadır, ilk sual kapitanın və mexanikin gəmidə vəzifəsinin nə olması ilə bağlıydı. Cavab verə bilmədim”, – deyir.
-Amma sizi ora qəbul etdilər…
-Bəli, əslində imtahanları müvəffəqiyyətlə verdim. 1974-cü ildə “Gəmi sürücülüyü” fakültəsinə qəbul oldum. 1978-ci ildə oranı uğurla bitirdim. Dörd il müddətində peşənin bütün sirlərini öyrənməyə çalışdım.
-Əmək fəaliyyətinizə haradan başladınız?
-Təhsilimi bitirdikdən sonra təyinatla məni Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göndərirdilər. Amma mən xahiş etdim ki, Xəzər Dəniz Neft Donanmasına gedim.
-Sizin üçün fərqi nə idi?
-Düzü, elə ciddi səbəbi yox idi. Hər ikisində işləmək yaxşı perspektiv vəd edirdi. Sadəcə təcrübə müddətində çox adamı Xəzər Dəniz Neft Donanmasına, yalnız məni Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göndərmişdilər. Ona görə də, tərsliyə düşüb təkid etdim ki, Xəzər Dəniz Neft Donanmasında işləmək istəyirəm. Bu dəfə xahişimi nəzərə aldılar və mən 10 yanvar 1979-cu ildə kran gəmisində kapitanın 3-cü köməkçisi vəzifəsində əmək fəaliyyətimə başladım.
-Təcrübənizi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində keçib, Xəzər Dəniz Neft Donanmasında işləmək sizin üçün çətin deyildi ki?
-Çətin idi. Mən bərə, quru yük, tanker gəmilərində təcrübə keçmişdim. Neft Donanmasının gəmiləri isə fərqliydi. Düzü, bir qədər peşman olmuşdum. Amma sonralar yavaş-yavaş öyrəşdim. Daha sonra müxtəlif təyinatlı gəmilərdə kapitanın 2-ci, baş köməkçisi və 1987-ci ildən kapitan oldum. 2003-cü ildə istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirdim. 2005-2013-cü illərdə SOCAR-ın Azneft İB-də Avtomobil və Dəniz Nəqliyyatı şöbəsinin rəisi, daha sonra SOCAR-ın baş ofisində müxtəlif vəzifələrdə çalışdım. 2014-cü ildən ASCO-nun Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Departamentinin rəis müavini vəzifəsində işləyirəm.
-Departament olaraq hansı işləri görürsünüz?
-Biz gəmilərin təhlükəsizliyi üçün sənədlər, təlimatlar hazırlayırıq. Çalışırıq ki, hər hansı çatışmazlıq olmasın. Əsas məqsədimiz qəzalardan qaçmaq və onların baş vermə ehtimalını minimuma endirməkdir.
-Təcrübəli dənizçi kimi gənc nəslə nələri tövsiyə edərdiniz?
-40 ildən çox dənizçilik təcrübəm var. Amma hələ də hər gün nə isə öyrənirəm. Çalışıram ki, bilmədiyim nə isə qalmasın. Bu peşəni seçən hər kəs daim öz üzərində işləməlidir. Bunu etməyən nə hörmət sahibi olacaq, nə də karyera pillələrində yüksələcək. İndi hər cür imkan var. İnternetdə dənizçiliklə bağlı nə istəsəniz tapmaq olar.
-Ümumiyyətlə, dənizçiliyin perspektivini necə görürsünüz?
-Perspektiv hər zaman var. Bilirsiniz ki, hazırda biz təkcə Xəzər dənizində fəaliyyət göstərmirik. Xarici sularda 14 gəmimiz üzür. Getdikcə ölkəmizdə bu sahə daha da inkişaf edir. İstər donanmalarımızın tərkibinin genişlənməsi, istərsə də təhsil və təlim sahəsindəki uğurlarımız gələcək üçün yaxşı imkanlar vəd edir.
-Bəzən deyirlər ki, dənizçi üçün təkcə savad, bacarıq kifayət deyil. Peşəyə bağlılıq da vacib şərtlərdəndir. Siz necə düşünürsünüz?
-Çox adam dənizçi kimi dünyaya gəldiyini deyir. Mən düşünürəm ki, insanı düşdüyü mühit formalaşdırır. Elə bir yerdə ola bilərsən ki, ən sevdiyin işə belə səndə nifrət yaranar. Bu baxımdan bəxtim gətirib. Bir də insanda prinsipiallıq, məqsəd olmalıdır. Biz yeni işə başlayanda kadrların əksəriyyəti ruslardan ibarət idi. Onlar bizə ancaq yatmağı məsləhət görürdülər. Düşünürdülər ki, birdən nə isə öyrənərik. Amma bu məni qətiyyən ruhdan salmırdı, ona görə də geri çəkilmədim.
-Rövşən müəllim, 20 Yanvar hadisələrində Xəzər dənizində iş başında olmusunuz. Həmin günə qayıdaq…
-Bəli, biz dənizdə öz işimizlə məşğul idik. Ayın 19-dan 20-nə keçən gecə bütün gəmilər ratsiya ilə bir-birilərinə xəbər verdilər ki, Sovet ordusu Bakıya soxulub. Həmin vaxt mən “Nefteqaz-64” gəmisində işləyirdim. Gəmi ilə yavaş-yavaş Dəniz vağzalına doğru gəldik. 20-si axşam dedilər ki gəmilər meyitləri aparırlar. İstədik ki, onların qarşısını kəsək. Gecə 8-in yarısı olardı. Gördük saxlamırlar, birini vurub batırmaq qərarına gəldik. Bunu görüb onlar atəş açmağa başladılar. Düz, yarım saat dayanmadan gəmini güllələdilər. Bir salamat şüşə qalmamışdı, ətrafı görmürdük. Hələ də “Nefteqaz-64”-də həmin güllə izləri qalıb. Gördük ki, əl çəkmirlər, qəza işığını yandırdıq. Bu o deməkdir ki, artıq gəmi saya oturub. Nəhayət, atəşi dayandırdılar.
Kapitanlar ratsiya vasitəsilə məsləhətləşməyə başladılar ki, nə edə bilərik? Qərara alındı ki, “Kapitanlar Şurası”ı rəyi yaradaq. “Sabit Orucov” sərnişin gəmisi qərargah seçilmişdi. Bu gəmi Bakı limanının sərnişin vağzalında dayanmışdı. Sahildə bütün xəbərləri dənizçilər oradan alırdılar. Gəmilər radiotelefonla idarə edilirdi. Bizim bütün danışıqlarımıza hərbçilər də qulaq asır, maqnitofona köçürürdülər. Hərbi dənizçilər arasında yüksək vəzifəli ermənilər də var idi. Onlar hər dəqiqə bizi hərbi dənizçilərlə üzbəüz qoymağa çalışırdılar. Hərdənbir bizimlə telefon əlaqəsinə girir, çaşdırıcı suallar verirdilər.
Olduqca ağır gün idi. Bir onu bilirəm ki, ordunun vəhşiliyi qaranlıqda dənizdən çox aydın görünürdü. Bu çətin gündə bir araya gələ bilməyimiz qürurvericidir. Dənizçilər bir daha öz həmrəyliyini, vətənpərvərliklərini sübut etmişdilər. Başqa cür də ola bilməzdi.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Fuad Abbasov saxlanmasının əsl səbəbini açıqlayıb
23.05.2019
Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
23.05.2019
“Gəmi mühiti insana möhkəm, iradəli olmağı öyrədir”
21.05.2019
“İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
20.05.2019
Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info