Nazir: “TANAP və TAP böyük bir coğrafiyada enerji təhlükəsizliyinin təminatına töhfə verir”
Tarix: 25.04.2019 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Energetika naziri Pərviz Şahbazov Çində “Kəmər və Yol Enerji Tərəfdaşlığı”na dair çıxışlar edib. Energetika Nazirliyindən bildirilib ki, P.Şahbazov Çində “Bir kəmər, bir yol” 2-ci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində keçirilən “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nın inauqurasiya mərasimində iştirak edib. Nazir çıxışında “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nı qlobal əməkdaşlıq platforması kimi qiymətləndirib və bu yeni əməkdaşlıq modelinin böyük miqyasda enerji resurslarını, infrastrukturu, texnologiyaları, investisiya imkanlarını əhatə etdiyini deyib: “Biz bu əməkdaşlığı hər kəsin malik olduğu imkanların, təcrübələrin, xoş məramın təqdim edildiyi və hər kəsin də lazımi ehtiyaclarını ödəyə bildiyi bir platforma kimi təsəvvür edirik. Bu gün bu, bir həqiqətdir ki, güclü, səmərəli və qarşılıqlı maraqlara əsaslanmayan əməkdaşlıq olmadan yalnız enerji imkanları hesabına ayrı-ayrılıqda uğur qazanmaq mümkün deyildir. İnanırıq ki, “Kəmər və Yol Enerji Tərəfdaşlığı” bu layihədə təmsil olunan hər bir ölkəyə enerji sektorunda fayda gətirən uğurlu əməkdaşlıq modeli olacaq”.
Energetika naziri mühüm nəqliyyat, logistika və enerji mərkəzinə çevrilən, enerji-kommunikasiya layihələri ilə beynəlxalq əməkdaşlığa töhfə verən Azərbaycanın “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsündə iştirakından da bəhs edib. “İpək Yolu İqtisadi Kəməri”nə xidmət edən layihələrin reallaşmasında ölkənin enerji siyasətinin rolunu diqqətə çatdırıb. İpək Yolu dəhlizinin enerji komponentini təşkil edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində TANAP və TAP qaz kəmərləri böyük bir coğrafiyada enerji təhlükəsizliyinin təminatına, sosial rifaha, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verən nümunələr kimi qeyd edilib.
P.Şahbazov “İnfrastruktur əlaqələri” mövzusuna həsr olunmuş sessiyada da çıxış edib. Nazir Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutu - Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizində 25 milyon tonadək yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətini təmin edən digər infrastruktur layihələri, eləcə də neft-qaz kəmərləri barəsində ətraflı məlumat verib. Bu infrastruktur əlaqələrinin “Bir kəmər, bir yol” ölkələri ilə çoxşaxəli və davamlı əməkdaşlığa imkan yaratdığını bildirib.
“İnfrastruktur olmadan enerji resurslarından böyük faydalar əldə etmək mümkün deyil. Təcrübədə görürük ki, infrastrukturun yoxluğu səbəbindən karbohidrogen ehtiyatlarının həcminə görə dünyada ön sıralarda gələn bəzi ölkələrdə bu resurslar yalnız ehtiyat olaraq qalmaqdadır. Azərbaycanın açıq dənizlərə birbaşa çıxışı yoxdur. Amma Xəzər regionundan karbohidrogen ehtiyatlarını dünya bazarlarına nəql edən neft-qaz infrastrukturunun yaradılması, enerji layihələri ilə dənizləri, regionları və qitələri birləşdirmək missiyası məhz onun adı ilə bağlıdır”, – deyə nazir əlavə edib.
Energetika naziri hazırda həyata keçirilən nəhəng infrastruktur layihəsi Cənub Qaz Dəhlizinin əhəmiyyətinə də toxunub. Bildirib ki, bu dəhliz Azərbaycana Türkiyə bazarına qazın ixracını iki dəfə artırmağa, eləcə də Cənub-Şərqi Avropa, Balkan ölkələrinin bazarlarına, növbəti mərhələdə isə Qərbi Avropaya çıxmağa imkan verəcək. Eyni zamanda, bu layihənin dəhliz xarakteri gələcəkdə qaz mənbələrinin, tədarükçülərin və istehlakçıların sayını artırmaqla daha böyük miqyasda şaxələnməni mümkün edə biləcək. Çıxışda, həmçinin qeyd olunub ki, neft-qaz layihələri ilə yaradılmış “Şərq-Qərb” enerji dəhlizi üzərindən artıq 4 ildir Gürcüstan və Türkiyəyə elektrik enerjisi ötürülür. Azərbaycan, Rusiya və İran arasında elektrik enerjisinin ixracı sahəsində mövcud imkanlar “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin də formalaşdırılmasına şərait yaradır və bu istiqamətdə işlər aparılır.
İndiyədək Çindən Azərbaycana yatırılan 800 milyon ABŞ dollarından çox sərmayənin məhz neft sektorunun payına düşməsini isə nazir Azərbaycan-Çin enerji əməkdaşlığının mühüm göstəricisi hesab edib. Çinlə neft-qaz, neft-kimya, emal sənayesi, neft və neft məhsullarının ticarəti, elektrik stansiyalarının yenidən qurulması tədbirləri üzrə əməkdaşlığın yeni layihələrlə, investisiya qoyuluşu, bərpaolunan enerji, yaşıl texnologiyalar kimi yeni istiqamətlərlə genişlənə biləcəyini bildirib.
Qeyd edək ki, “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nın inauqurasiya mərasimində Tərəfdaşlığın “Əməkdaşlıq Prinsipləri və Konkret Addımlar”ı sənədi qəbul olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info