Gənclərin təhsil şüurunu necə inkişaf etdirməli?
Tarix: 31.07.2013 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


Eldar Aslanov: “İKT və texniki sahələr
üzrə ixtisaslara yiyələnmək daha aktualdır”


Bu gün cəmiyyətimiz üçün ən aktual məsələlərdən biri təhsil sahəsi ilə bağlıdır. Belə ki, cəmiyyətin təhsil şüurunun inkişafı və zamanın tələblərinə uyğun olaraq təhsilə yanaşma olduqca vacibdir. Bununla yanaşı, yeniyetmə və gənclərin düzgün ixtisas seçimi də olduqca aktuallıq kəsb edir.
Bu yöndə cəmiyyətin maarifləndirilməsi, bu sahədə KİV-də mütəmadi müzakirələr aparılması məqsədəuyğundur. Bu baxımdan sözügedən mövzuda ekspertlərin və gənclərin fikirlərini dərc etməyi lazım bildik. Qeyd edək ki, mövzu ilə bağlı fikir və rəylərin işıqlandırılmasını davam etdirəcəyik. Beləliklə, “Palitra”ya bu yöndə fikirlərini bildirən Azərbaycan Turizm İnstitutunun prorektoruEldar Aslanov qeyd etdi: “Azərbaycanda gənclərin təhsil şüurunun inkişaf etdirilməsi və onların düzgün ixtisas seçimi çox aktualdır. Bu sahədə maarifləndirmə və məlumatlandırma baxımından çox işlər görülməlidir. Gənclər, yeniyetmələr ilk növbədə intellektual əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnməyi bacarmalıdırlar, bunun üçün ilk vaxtlardan özləri üçün dügün strategiya və məqsəd formalaşdırmalıdırlar. Ümumiyyətlə, validyenlər və onların övladları olan şagird və tələbələr düzgün ixtisas seçimi üçün yeni yanaşma nümayiş etdirməyi, təhsilə yeni təfəkkürlə yanaşmağı bacarmalıdırlar. Qeyd edərdim ki, ilk növbədə İKT üzrə ixtisas və biliklərə, vərdişlərə mükənmməl yiyələnmək günün tələbidir. Ümumiyyətlə isə texniki sahələr üzrə ixtisaslara yiyələnmək daha aktualdır. Bu sahələr, ixtisaslar üzrə maarifləndirmələri olduqca vacib sayıram”.

Əlimərdan Sultanov:
“Gənclər ixtisas və universitet seçiminə xüsusi diqqət
yetirməlidirlər”


“2007-2015 ci illər Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın çərçivəsində Moskva Dövlət Linqvistika Universitetinin beynəlxalq jurnalistika ixtisasının məzunu, "Azərbaycanın müasir media məkanı" kitabının həmmüəllifi Əlimərdan Sultanov isə mövzu ilə bağlı belə bildirdi:
“Hesab edirəm ki, ilk növbədə xaricdə təhsil almaq haqqında düşünərkən gənclər ixtisas və universitet seçiminə xüsusi diqqət yetirməlidirlər. Bildiyimiz kimi, “2007-2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilib və hər il yüzlərlə gənc ən müxtəlif universitetlərə təhsil almağa göndərilir. Bu proqram dövlətimiz və gənclərimiz üçün böyük nailiyyətdir. Düşünürəm ki, gənclər üçün hazırkı şəraitdə ixtisas seçimi önəmli məsələlərdəndir. Çünki ölkəmizdə dəqiq elmlərin və bir sıra humanitar sahələrin, ümumilikdə strateji sahələrin inkişafına xüsusi ehtiyac var. Bu gün informasiya-kommunikasiya texnologiyaları üzrə sahələrin, humanitar sahələrdən olan sosiologiya, politologiya və jurnalistika kimi sahələrin inkişafı diqqətdə saxlanılmalıdır. Gənclər məzun olub qayıdandan sonra da təhsil aldıqları sahələrdə çalışmalı və müvafiq sahənin inkişafına öz töhfələrini verməlidirlər. 2007-2015-ci illər Dövlət Proqramı çərçivəsində təhsil aldığım Moskva Dövlət Linqvistika Universitetinin beynəlxalq jurnalistika ixtisasının məzunu kimi deyə bilərəm ki, xaricdə hansı ixtisas və universitet olmasından asılı olmayaraq hər bir Azərbaycan gənci diaspor fəaliyyəti ilə yaxından məşğul olmalı və yerləşdiyi ölkədə diaspor təşkilatları və eləcə də həmin ölkədə akkreditasiya edilmiş səfirliyimizlə sıx işləməli və Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıdır. Bu gün buna, doğrudan da, ehtiyac var. Yaddan çıxarmaq olmaz ki, xaricdə təhsil alan hər bir gənc Azərbaycanın qeyri-rəsmi səfiridir və öz ölkəsini layiqincə təmsil etməli, Azərbaycanın həmin ölkədə və cəmiyyətdə pozitiv imicinin formalaşmasında iştirak etməldir. Sözsüz ki, bu məzun olmuş şəxslərin həyatında bu xüsusi rol oynayır. Bu onların gələcək karyera yüksəlişinə də təsir edir. Nəzərə almaq lazımdır ki, yad, digər cəmiyyətdə təhsil almaq, orada müxtəlif sosial təsisatlarla sıx işləmək və xüsusilə də ölkəsinin müsbət obrazı üçün çalışmaq əvəzolunmaz bir təcrübədir. Ümumilikdə gənclərə təhsil aldıqları sahəni dərindən öyrənmələrini, bu sahə üzrə təcrübələrini artırmaq üçün bütün mümkün vasitələrdən istifadə etmələrini, çalışqan olmalarını tövsiyə edirəm”.

Ruslan Atakişiyev:
“Peşə ixtisaslarına da
diqqət yetirmək çox vacibdir”


İqtisadi Resursların Tədqiqi Mərkəzinin sədri, alim Ruslan Atakişiyev isə belə düşünür: “İlkin olaraq mövcud dövrdə daha çox real tələb olunan ixtisası müəyyənləşdirmək, dar ixtisas üzrə bilikləri möhkəmləndirmək, praktik stajlardan keçmək, bir sahə üzrə uzun illər işləmək karyeranın inkişafına gətirir.
Əksinə, avtoritet ixtisaslara yiyələnmək, çox sahəli biliklər almaq, gündə bir sahə dəyişmək, iş yerini tez-tez dəyişib bir-biri ilə ardıcıl əlaqəsi olmayan vəzifələr daşımaq karyeranın uğursuz nəticələnməsinə gətirib çıxarır. Almaniya təcrübəsindən deyə bilərəm ki, orta məktəbi bitirən şagirdlərin haradasa 35-40%-i ali məktəbə daxil olur. Qalan şagirdlər isə peşə məktəblərinə göndərilərək onlara 3 il ərzində müəssisələrin ehtiyacına uyğun peşələr öyrədilir. Həmin məktəbləri bitirənlər isə sonra asan şəkildə müxtəlif fabriklərdə, zavodlarda işə düzəlir. Yəni bizdə peşə ixtisaslarına da diqqət yetirmək çox vacibdir”.

Cəfər Mənsimi: “İxtisas seçimini edənlər
həyatlarını tamamilə dəyişə
biləcək bir ixtisas seçməlidirlər”


Şimali Kipr Doğu Akdeniz Universitetinin İctimai Əlaqələr və reklamçılıq bölümünün 3-cü kurs tələbəsi Cəfər Mənsimi isə deyir: “İxtisas seçimini edənlər həyatlarını tamamilə dəyişə biləcək bir ixtisas seçməlidirlər.
Bunun üçün abituriyentlər SWOT analizi edərək öz zəif və güclü tərəflərini müəyyənləşdirməklə yanaşı, daxili və xarici ətrafdan qaynaqlanan fürsət və təhdidləri təyin edə bilər. Təəssüf ki, çox zaman gənclər üçün hansı ixtisas üzrə təhsil almaq deyil, ali məktəbə qəbul olmaq önəmli olur. Məncə, belə oduqda o gəncdən çox şey gözləməyə belə, dəyməz. Çünki belələri cəmiyyətdə uğurlu yeri tuta bilməzlər. Unutmamaq lazımdır ki, ali məktəbə qəbul olmaq nə qədər önəmlidirsə, ixtisas seçimi ondan daha çox önəmlidir.
Hər şey məqsədli şəkildə olmalıdır. Bununla yanaşı, inam, istək və inadkarlığı özündə cəmləşdirməlisən. Bunları özündə cəmləşdirməyənlər ali məktəbi qazanmadıqda həyatlarının alt-üst olduğunu zənn edir və getdikləri yolda dururlar. İnsan gedəcəyi yolda yorulduqda, istədiyi yerdə olduğunu gözünün önünə gətirib yola davam etməlidir.
Azərbaycan təhsil sistemi ilə xaricdəki təhsil arasında yerlə-göy qədər fərq var. Misal üçün, xaricdə universitetə qəbul olmaq çox asandır. Elə ixtisas seçmək də. Çünki universitetə müəyyən şərtlərlə (attestat və xarici dil bilik səviyyən) qəbul olduqdan sonra istədiyin ixtisası seçmək şansın var. Yerlərin dolu olub-olmamasıyla da bağlı heç bir problem yaşamırsan. Yəni hər hansı bir kvota qoymurlar. Həmçinin hazırda təhsil aldığın universiteti, istədiyin başqa bir universitet və ixtisasla dəyişib təhsilini belə də davam etdirə bilərsən. Amma bizdəki təhsil sistemi gənclərin ixtisas seçmələri baxımından əlverişli deyil. Abituriyentlərimiz yığdıqları bala və həmin ildə açılmış yerlərin sayına görə, universitetə qəbul olsalar belə, istədikləri ixtisas üzrə təhsil ala bilmirlər. Ya onların yığdıqları bal buna imkan vermir, ya da ki həmin il üzrə açılmış yerlərin sayı. Həm də onlar yığdıqları balla hansı fakültəyə, hansı universitetə düşdükləri barəsində məlumatsız olurlar. Axı hər il ballar keçən illərə nəzərən gah yuxarı, gah aşağı olur. Mənə görə, güclü təhsil almağın və cəmiyyətdə fərqlənməyin yolu xaricdən keçir. Sanki bizim təhsil bir gənci məhv etməyi qarşısına məqsəd qoyub. Uğurlu karyeraya gəlincə isə həmyaşıdlarıma söyləmək istərdim ki, bacardıqları qədər bənzərliklərdən uzaq qaçsınlar. Məncə, bənzərliklərdən nə qədər uzaq olsaq, bir o qədər fərqli olacağıq. Buna görə də cəmiyyətdə fərqlənmək üçün bənzərliklərdən qaçmaq lazımdır. Həmçinin həmyaşıdlarıma söyləmək istərdim ki, həyatda pinsipial olun. Harada olduğunuzdan asılı olmayaraq daim vətənin təbliği sayəsində yorulmadan çalışın. Həmyaşıdlarımı, birlikdə, əl-ələ sosial işlərdə daha da aktiv iştirak etməyə, dil biliklərinə yiyələnməyə, zamanın qədrini bilməyə, təcrübə toplamağa, rəqabətcil olmağa səsləyirəm”.
Tələbə bildirir ki, bu zaman uğur mütləq sizinlə olacaq.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info