Kamança mənim üçün bir həyatdır”
Tarix: 31.07.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Zemfira Kərimova: “Əvvəllər hər yerindən duran oxuyan
olmurdu”


Müsahibim S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin inspektoru və ikinci kamançaların konsertmeysteri Zemfira Kərimovadır. 50 ildən çox orkestrdə fəaliyyət göstərən, qocaman kaman ustası Zemfira xanımla sənət yolu və orkestrdə fəaliyyəti haqqında həmsöhbət
olduq:


Kərimova Zemfira Rəhim qızı 1938-ci il avqustun 15-i Bakı şəhərində anadan olub. 1946-1954-cü illərdə 18 nömrəli orta məktəbdə təhsil alıb. Orta məktəbdə oxuduğu illər 1 nömrəli musiqi məktəbində də kamança ixtisası üzrə təhsil alıb. 1955-ci ildə A.Zeynallı adına musiqi texnikumuna (indiki Bakı musiqi kolleci) daxil olub. 1960-cı ildə Azərbaycan Dövlət Televiziyası və Radiosu nəzdində fəaliyyət göstərən Xalq Çalğı Alətləri orkestrində kaman ifaçısı vəzifəsində fəaliyyətə başlayıb. 1962-ci ildə M.Əliyev adına İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Mədəni maarif fakültəsinə daxil olub. 1966-cı ildən orkestrdə kitabxanaçı vəzifəsində, 1992-ci ildən orkestrin ikinci kamançaların konsertmeysteri, 2005-ci ildən 2013-cü ilə qədər orkestrin inspektoru vəzifəsində çalışıb. 1963-cü ildə təşəkkürnaməyə, 1982-ci ildə orkestrdə peşəkar fəaliyyətinə görə fəxri fərmana layiq görülüb.

-52 illik musiqi fəaliyyətiniz həyatınızda nə kimi rol oynadı?
- 1959-cu il idi. Səid müəllim yaratdığı Xalq Çalğı Alətləri orkestri ilə Moskva şəhərinə qastrol səfərə hazırlaşırdı. Orkestri böyütmək məqsədilə kamança, tar ifaçıları axtarırdı. Səid müəllim məni orkestrə qəbul etmək üçün öncə yoxladı və mənim bacarığımı görən kimi tez bir zamanda orkestrdə çalışmağa başlamağımı məsləhət gördü. Hətta Moskva şəhərinə qastrola da aparmağı söylədi. Mən isə müəyyən səbəbdən qastrola gedə bilmədim.
Bir il sonra 1960-cı ildə Səid müəllim məni orkestrə qəbul etdi. Orkestrə gəlişim belə başladı. Səid müəllim mənim orkestrdəki fəaliyyətimin yüksək olduğunu görüb, mənə orkestrin kitabxanaçısı vəzifəsini məsləhət gördü. Mən neçə il orkestrdə kitabxanaçı vəzifəsində çalışdım. Daha sonra inspektor vəzifəsinə layiq görüldüm. O vaxtdan bu ilin fevral ayına qədər orkestrdə həm ikinci kamançaların konsertmeysteri, həm də inspektor vəzifəsində çalışmışam.
- Səid müəllimlə olan xatirələrinizi necə xatırlayırsınız?
- Həyatım musiqiçilərin arasında keçib, ən başda Səid müəllim olmaqla. O həm zəhmli, həm də çox qəlbi təmiz, mülayim bir insan idi. Təxminən 1967-1968-ci illər idi. Orkestr qastrol səfərə hazırlaşırdı. Mədəniyyət Nazirliyindən xəbər gəldi ki, bizim orkestr qastrol səfərində iştirak etməyəcək. O zaman biz orkestrin üzvləri çox məyus olduq. Səid müəllimin bu məsələdən xəbəri yox idi. Bir gün Səid müəllim bizim məyus olan halımızı görüb soruşdu: “Niyə belə oturmusunuz?” Orkestrin üzvlərindən biri ayağa qalxıb məsələni Səid müəllimə açıqladı. Səid müəllim məsələdən xəbər alan kimi, bizə cavab gözləməyimizi dedi. Bir gün keçəndən sonra Səid müəllim gəlib bizə dedi ki, hazırlaşın axşam yola düşürsünüz. Biz orkestrin üzvləri çox sevindik. Mən o zaman bildim ki, Səid müəllimin sənət aləmində nə qədər hörməti var. Səid Rüstəmov görkəmli bəstəkar, Xalq artisti, professor olmağı ilə yanaşı, həm də nüfuz sahibi bir insan idi. Bu da onun hörmətini birə beş artırırdı.
Biz Səid müəllimlə bir çox ölkələrdə qastrol səfərdə olmuşuq. Moldovada, Gürcüstanda, hətta 10 gün Ermənistanda da konsert proqramı ilə çıxış etdik. O zaman 10 günlük konsert proqramında ermənilər ayaq üstə bizə əl çalırdılar. İndi görürsən ki, musiqimizə sahib çıxmaq istəyirlər. Düzdür, bizim milli musiqimizə heyran olmamaq mümkün deyil. Mənfur ermənilər də elə əzəldən Azərbaycan musiqisinin heyranı olublar.
-Dünya arenasında Azərbaycan incəsənətinə maraq sovetlər dövründə daha çox idi, yoxsa müstəqil Azərbaycanın indiki dövründə daha çoxdur?
- Mən belə düşünürəm ki, əvvəllər hər yerindən duran oxuyan olmurdu. Əvvəllər səhnələrimizdə Rəşid Behbudov, Əbülfəz Əliyev, Anatollu Qəniyev, Gülağa Məmmədov, Lütfiyar İmanov, Yaşar Səfərov, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sanballı ifaçılar oxuyurdu. Bu gün isə televiziyamızda Ramil Qasımovun əməyi çox böyükdür. Ana televiziyamızın musiqi kollektivlərinin bədii rəhbəri olan Ramil müəllim efirlərdə ifa edən gənclərin belə, yaxşılarını, səviyyəlisini üzə çıxarır. Onun bugünkü fəaliyyəti gələcəkdə incəsənət sahəsində yüksəlişlər yaradacağına inam yaradır. Hətta Ramil Qasımovun sənəti belə göz qabağındadır. Onun ifası bu gün biz yaşlı nəsli xəyalən keçmişə aparır, korifey sənətkarları xatırladır.
-Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin fəaliyyəti haqda...
- Orkestr bu gün çox yüksək səviyyədə fəaliyyət göstərir. Kollektivin fəaliyyətində müstəsna rolu olan şəxs də, şübhəsiz ki, Ramil Qasımovdur. Onun orkestrə olan diqqəti, xüsusi qayğısı bu gün hər kəsin göz önündədir. Əlbəttə, bu orkestr inanıram ki, gələcəkdə də Azərbaycan incəsənətinə misilsiz töhfə olaraq yaşayacaq.
- Kamança sizin üçün nə deməkdir?
- Kamança mənim üçün bir həyatdır. Ümumiyyətlə, incəsənət mənim üçün həyatın anlamıdır. Çünki mən özümü dərk edəndən musiqi ilə yaşamışam. Musiqi sanki mənim nəfəsim qədər doğma və yaxındır. Hər zaman musiqi eşitmək, musiqi duymaq istəyirəm. Bu dünən də belə olub, bu gün də belədir, yəqin ki, sabah da belə olar.
-Sənət fəaliyyətinizdə arzularınız...
- Arzularım sonsuzdur. Ən əsas xoş günlər çox olsun...
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info