“Rüstəm İbrahimbəyovun “Milyarderlər İttifaqının” üzvü olması, onun israrı ilə “milli şura”nın təsis bəyannaməsində Azərbaycanın xarici siyasət kursunun qeyri-müəyyən saxlanması və rusiyalı politoloq Duqinin müsahibəsi “milli şura”nın xarici layihəsi olduğunu sübut edir. Bu faktların üst-üstə düşməsi “milli şura”nın istiqamətini müəyyənləşdirir”.
Bu açıqlamanı Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev verib.
Ə.Əliyev müxtəlif ölkələrin “milli şura” kimi qurumlardan Azərbaycan hakimiyyətinə qarşı təzyiq kimi istifadə etdiyini qeyd edib. Partiya sədri bildirib ki, “milli şura” ölkə ictimaiyyətinin dəstəyini qazana bilməyib: “Milli şura”nın təsis olunmasından 2 aya yaxın vaxt keçsə də, yalnız “milli şura” rəhbərliyində olan şəxslərin siyasi turist səfərləri müşahidə olunur. Ölkə ictimaiyyəti ilə danışmaqdansa, proseslərdə önə çıxmaqdansa, yalnız beynəlxalq aləmdə özlərinə dəstək axtarmağa cəhd edirlər. Fikrimcə, bəzi dövlətlər ölkənin daxilindəki müxalifətdən siyasi hakimiyyətə qarşı istifadə edirlər və onların istəklərinə lazımlılıq dərəcəsinə görə qarşılıq verirlər. Təəssüf edirəm ki, Azərbaycan siyasətçiləri daim alət olmağa vərdiş ediblər. İndi də seçkiöncəsi Rusiyadakı dairələrin əlində alət olmağa qərar veriblər. Bu, çıxılmazlıqdan atılmış bir addımdır. Azərbaycan xalqının dəstək vermədiyi, xüsusən də belə bir təhlükəli layihə uğurlu ola bilməz”.
Qorqud
|