“Mühüm məqsədlərdən biri mədəniyyətimizin zənginliyini dünyaya layiqincə təqdim etməkdir”
Tarix: 31.07.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Ruhəngiz Əliyeva: “Vətənimiz haqqındakı
həqiqətləri çatdırmaq üçün vacib tədbirlər görürük”


Xaricdəki diaspor təşkilatlarımızın fəaliyyəti getdikcə güclənir. Bu gün diaspor təşkilatlarımızın əksəriyyətində gənclərimiz də təmsil olunur ki, onlar artıq bu sahədə fəaliyyəti ilə seçilirlər. Müsahibimiz Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspor Gəncləri İctimai Təşkilatının sədri, Regionlararası Personalın İdarə olunması Akademiyasının tələbəsi Ruhəngiz Əliyevadır:

-Başqa bir ölkədə, başqa bir xalqın arasında öz dövlətin və xalqın haqqında fikir formalaşdırmaq istəyirsənsə, o zaman mütləq o xalqın içərisində olmalısan, onun necə fikirləşdiyini, dünyaya baxışını ciddi şəkildə təhlil etməlisən, yaşadığın dövlətin sosial-iqtisadi inkişafında fəal iştirak etməlisən. Prezident İlham Əliyevin rəhbərliyi altında, dövlət siyasətinin bütün sahələrində olduğu kimi, Azərbaycan diasporunun güclənməsi, azərbaycançılığın, türkçülüyün milli düşüncə olaraq möhkəmlənməsi istiqamətində ardıcıl addımlar atılır. Prezident Dünya Azərbaycanlılarının II qurultayında (2006) bununla bağlı deyib: «Biz hər istiqamətdə çox sürətlə, düşünülmüş proqram əsasında irəliləyirik. Bu işdə Azərbaycan diasporunun böyük əhəmiyyəti var. Mən istəyirəm ki, həm Azərbaycanın dünyada təbliğ edilməsində, həm də həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu amil daha da güclü olsun. Bu, bizim mövqelərimizi möhkəmləndirir. Bizim sayımız 50 milyondur. Bu, o deməkdir ki, biz dünya miqyasında böyük xalqıq. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək».
- Son illər diaspor təşkilatlarında gənclərin fəaliyyəti getdikcə artır. Bir gənc kimi bunu necə dəyərləndirirsiniz?
- Azərbaycandan kənarda, xüsusən də Ukraynada yaşayan, müxtəlif peşə sahibi olan soydaşlarımız fəaliyyətlərini inkişaf etdirmək üçün vacib işlər görürlər. Hesab edirəm ki, son illər ərzində Ukraynadakı Azərbaycan diasporu kifayət qədər mühüm işlər görməyi bacarıb. Burada Azərbaycan dövlətinin xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində apardığı işlər diqqətə layiqdir. Həm dövlət başçısının, həm də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dünyadakı fəaliyyəti çox sevindiricidir. Azərbaycan dostlarının daha da çoxalması üçün Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət müəllimin gördüyü işlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bayram günlərinin, müxtəlif yarışların təşkilində Ukraynada yaşayan və təhsil alan gənclər də iştirak edirlər.
-Hazırda Ukraynadakı gənclərin diasporda fəaliyyəti ilə bağlı nə deyərdiniz?
- Biz, Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu olaraq azərbaycançılıq ideologiyasını, milli-mənəvi irsimizi, dilimizi, Azərbaycan mədəniyyətini yaşadığımız cəmiyyətdə düzgün təbliğ edirik. Hazırda Hikmət müəllimin köməyi sayəsində biz çoxsaylı layihələri gerçəkləşdiririk. Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor Gəncləri İctimai Təşkilatı (UABDG) olaraq adından da göründüyü kimi, iki qardaş ölkə arasında mədəni əlaqələri qarşılıqlı inkişaf etdirmək üçün fəaliyyət göstəririk. Bu sahədə müxtəlif istiqamətlərdə iş aparırıq və xalqlarımız arasındakı dostluq əlaqələrini möhkəmləndiririk. Əsas məqsədlərimizdən biri də təhsil almaq məqsədi ilə müxtəlif ölkələrdən gələn xarici tələbələrə öz vətənimiz və millətimiz haqqında məlumatları doğru anlatmaqdır. Bir sıra beynəlxalq konfranslar, toplantılar və sərgilər təşkil etdik. Ölkəmizin tanıdılması üçün təmənnasız fəaliyyət göstəririk. Mən Regionlararası İdarəçilik Akademiyasında təhsil alıram. Bizim ali məktəbdə xarici tələbələrlə yanaşı, təcrübəli və tanınmış professor-müəllim heyəti var. Biz də Azərbaycanımız haqqında müsbət fikir olmasına çalışırıq. Fürsətdən istifadə edib demək istəyirəm ki, bunun üçün mövcud olan bütün məsələləri açmağa, ölkəmizin həqiqətlərini, xüsusilə gerçəklərini tanıtmağa çalışırıq.
- Təşkilat tərəfindən hansı tədbirlər həyata keçirilib?
- Bizim diasporun sayəsində çoxsaylı tədbirlər, layihələr təşkil olunub: Azərbaycan günləri, Azərbaycan həqiqətləri, “Azərbaycan dilini öyrənirəm” adlı layihəri. Bizim layihələrimizdən söz açmaq istərdim. Ali təhsil alan bir gənc olaraq gənclərin təhsil səviyyəsi haqda çox danışa bilərəm. Amma mən gənclərin boş vaxtlarının necə dəyərləndirilməsi məsələsinə toxunmaq istəyirəm. Məhz bizim Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor Gəncləri (UABDG) fəal, savadlı tələbələrlə zəngindir. Onların arasında İskəndər Zamanov, Fəridə Kərimova, Turxan Namazov, Aleksandr Şvecov və digərləri var. Biz birlikdə bir çox layihələri ərsəyə gətirdik. Onlardan biri “Azərbaycan tələbələrinin xaricdə yaşamaları üçün uyğun şəraitin qurulması müddəti” adlanır. Bundan başqa “Azərbaycançılıq ideologiyasının xaricdə düzgün təbliği”, “Azərbaycan dilini öyrənirəm” layihələridir. May ayının 18-də bəhs olunan diaspor təşkilatımızın təşəbbüsü ilə Ukrayna azərbaycanlılarının I Forumu təşkil olundu. Gənclərlə bağlı mövzu “Ukrayna Azərbaycanlıları Diasporunun əsas inkişaf məsələləri” idi. Bu toplantıda Azərbaycanın Ukraynada yaşayan və fəaliyyət göstərən alimləri, ziyalıları, millət vəkilləri, iş adamları və digər qonaqlar iştirak edirdilər.
- Bakıda diasporla bağlı bir sıra tədbirlər olur. Bunların diasporumuzun fəaliyyətində əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, 21 iyun Türkdilli ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirildi. 44 ölkə forumda iştirak etmişdi. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstanın diaspor təşkilatlarının təmsilçiləri, dövlət və hökumət rəhbərləri, QHT nümayəndələri, elm və mədəniyyət xadimləri var idi. Türkdilli ölkələrin beynəlxalq səviyyədə tanıdılması, onların problemlərinin həlli istiqamətində diaspor təşkilatları mühüm fəaliyyət göstərir. Dünyada yaşayan türklərin birliyinin vacibliyini diqqətə çatdırmaq lazımdır. Forumun yekununda isə bəyannamə qəbul olundu. Bu bəyannamədə türk xalqlarının birliyinin möhkəmləndirilməsinin regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanır. Dövlət başçılarına müraciətdə isə qeyd olunur ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərləri dövlət başçılarını əmin edir ki, türkdilli xalqların vahid birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin böyük məsuliyyət və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün var güclərini əsirgəməyəcək, bu istiqamətdə səylərini daha sıx birləşdirəcəklər. Digər bizim iştirak etdiyimiz tədbir Azərbaycan Gənc Diplomatlar Birliyi (AGDB) tərəfindən dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 10-cu ildönümünə həsr olunmuş “Azərbaycan diplomatiyası yeni inkişaf mərhələsində” mövzusunda konfransdır. Burada Azərbaycanın uğurlu siyasəti, dünya arenasında tutduğu mövqeyi, diaspor fəaliyyətindən söz açıldı. Konfransın sonunda bəyanat qəbul olundu. Bəyanatda bildirilir ki, Azərbaycan lider dövlət səviyyəsinə yüksəlir.
- Gələcəkdə bu istiqamətdə fəaliyyəti daha da gücləndirmək məqsədilə hansı tədbirlər nəzərdə tutulur?
-Azərbaycanın hazırda dünyadakı yeri, nüfuz dairəsi barədə söz edərkən dünyanın bizi, bizim isə dünyanı necə, hansı dəyərlərə görə tanıyıb qəbul etməyimiz üzərində düşünmək lazımdır. Bu gün dünyada Azərbaycanın qarşısında duran mühüm məqsədlərdən biri millətimizin mədəniyyətinin zənginliyini dünyaya layiqincə təqdim edərək faydalı əməkdaşlıq edə bilməsidir. Əlbəttə ki, biz gənclər Azərbaycanımız haqqında gözəl fikirlərin olmasına çalışırıq. Qeyd etmək istəyirəm ki, bunun üçün mövcud olan bütün məsələləri həll etmək, Vətənimiz haqqındakı həqiqətləri cəmiyyətin diqqətinə çatdırmaq üçün vacib tədbirlər görürük.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info