İndi seçim zamanıdır
Tarix: 01.08.2013 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Ərəb ölkələrində baş verənlər bizə dərs olmalıdır

Dünya ölkələrinin bir çoxunda baş alıb gedən ictimai-siyasi nizamsızlıq, sosial-iqtisadi uğursuzluq keçən hər bir gün daha geniş əhatədə vüsət almaqdadır. Əsasən də Avropa zonasında cərəyan edən bu xoşagəlməz hallar həmin məkana daxil olan ölkələrin əhalisinin də maddi vəziyyətinin aşağı düşməsinə səbəb olub. Tənəzzülün meydana çıxardığı problemlər genişmiqyaslı işsizlik hallarının mövcudluğu ilə müşayiət olunmaqdadır. Bir sözlə, sadalanan amillər siyasi çəkişmələr, iqtisadi problemlər və hərbi təsirlər fonunda bütövlükdə dünyanın müasir görüntüsündə arzuolunmaz halların və gerçəkliklərin baş verməsinə gətirib çıxarmaqdadır.
Bu, bir təəssüfləndirici həqiqətdir ki, bizim də ölkəmiz 1988-1993-cü illərdəki zaman boşluğunda həmin ağrılı-acılı dövrlərini yaşadı. Göstərilən müddətdə bir tərəfdən tarixi düşmənlərimiz ermənilərin torpaqlarımıza etdikləri təcavüz, bir tərəfdən daxili ictimai xaosdan qaynaqlanan siyasi çəkişmələr, digər tərəfdən isə bu kimi mənfi hallara sadəcə tamaşaçı mövqeyi sərgiləyən böyük dövlətlərin və beynəlxalq təşkilatların laqeyd münasibətləri onsuz da ağır olan dərdi daha da ağırlaşdırırdı. 1990-cı ilin qanlı 20 Yanvarı, 1992-ci ilin faciəli 26 fevral Xocalı soyqırımı, tarixi Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və digər ərazilərin işğalı bu acı həqiqətlərin tərkib hissələrindəndir.
Göründüyü kimi, daxildə uçuruma yuvarlanan ölkə, xaricdə isə yağlı tikə olaraq, pay kimi bölüşdürülməyə hazırlanan respublika olmaqla, Azərbaycan Heydər Əliyev siyasətindən əvvəlki dövrlərdə çarəsiz vəziyyətə düşüb. Az qala siyasi çaxnaşmaların beşiyinə çevrilməklə Azərbaycanda dövlət çevrilişləri, terror hadisələri adi hal alaraq tez-tez təkrar olunurdu.
1993-cü ildən Heydər Əliyev onu sevənlərin, xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə həqiqi siyasi sabitliyin əsasları qoyuldu, sosial ədalət bərqərar olundu, xalqla hakimiyyət arasında qırılmaz tellər yarandı. Milli zəmində ictimai-siyasi, sosial-iqtisadi, mədəni-hüquqi firavanlıq özünə kök saldı. 1994-cü ildə tarixə haqlı olaraq Heydər Əliyevin neft strategiyası kimi düşən “Əsrin Müqaviləsi” imzalandı, 1995-ci ildə isə müasir iqtisadi sistem qanunları əsasında müəyyən olunan iqtisadi islahatlar başladı. Ölkəmiz təlatümün, anarxiyanın, uçurumun, təhlükənin, yox olmanın bir addımlığından qayıdıb, inkişafın, intibahın, tərəqqinin, yüksəlişin ortasında özünə məkan saldı. 1994-cü il üçün üç illik müstəqillik tarixi olan ölkəmiz bir əsrdən artıq müstəqillik tarixi olan ABŞ ilə yanaşı, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yaponiya, Böyük Britaniya, Norveç və digər ölkələrlə müasir dünyanın ən böyük hadisəsi və nailiyyəti olan “Əsrin Müqaviləsi”nin tərəfdaşı kimi çıxış edə bildi və buna ev sahibliyi etdi. Bu gün qitələr və materiklər arasında iqtisadi əməkdaşlıq simvoluna və təminatçısına çevrilən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, regionda və cahanda sülhün, əmin-amanlığın təsdiqi olan Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər gerçəkləşdirilən nəhəng iqtisadi layihələr məhz Heydər Əliyev siyasətinin nailiyyətləri və xalqımıza bəxş etdiyi sevincli günlərin bir hissəsidir.
Elə 1990-cı illərin əvvəllərindən miras qalan torpaq işğalına son qoyularaq davamlı atəşkəs rejiminin yaradılması, bununla da anaların oğul fəryadına, bacıların qardaş harayına, uşaqların ata dərdinə son qoyulması məhz böyük siyasətin uğurları ola bilərdi.
İndi seçim zamanıdır. Elə qarşıdan da növbəti prezident seçkiləri gəlir. Pis gün olmasa yaxşı günün qədri bilinməz. Gözümüz qarşısında Liviyanın çökməsini, Suriyanın dağılmasını, Misirin anarxiyasını canlandıraq və ölkəmizin firavanlığı ilə müqayisə etməklə qəti qərarımızı verək. Həmin ölkələr kimi olmaq, yaxud da öz ölkəmizin 1993-cü ilə qədər olan vəziyyətinə qayıtmaq istərdikmi? Əlbəttə ki, yox. Seçkiqabağı kampaniyalarda hər bir siyasətçi istədiyini deyə bilər. Amma şirin vədlərin gerçəkləşdirilməsi necə, mümkündürmü? Sonrakı peşmançılıq fayda verməz, əziz seçicim. Nə qədər ki gec deyil, tələsməyək. Özümüz özümüzə sahib çıxmasaq, kimsə bizə qucaq açmayacaq. Yüz düşünək, bir qərar verək. İki yol var: biri ölkəmizin xanlıqlara parçalanması, torpaqların işğalının davam etməsi, əhalinin təhlükəsizliyinin (hələ maddi demirəm) sıfra enməsi, ictimai-siyasi xaosun bütün regionlara sıçraması, hər gün onlarla, yüzlərlə, minlərlə bacı-qardaşın, ata-anaların, övladların ölüm hallarının olması, başqa belə faciələrin mövcudluğu, digəri isə əldə olunan hərtərəfli sabitliyin daha da möhkəmlənməsi, inkişafın davamı, sosial-iqtisadi vəziyyətin daha da güclənməsi, üzümüzə açılan hər bir sabahın firavan, sabit, sakit, hətta yüksəliş tempi ilə irəliləyişi və s.
Əziz seçicim, hər birimiz dünyanın gündəlik ictimai-siyasi, sosial-iqtisadi xəbərlərinə baxır və izləyirik. Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində adicə körpü altında gecəsini və gündüzünü keçirən Suriya uşaqları, Misirdə öz evinə həsrət qalan əhali, İraqda gündəlik iş qrafikinə salınmış kimi baş verən terror hadisələri, Pakistanda hələ də davam edən hərbi çaxnaşmalar hər gün acı xəbərlərin dəhşətli əks-sədasını təşkil etməkdədir.
Digər tərəfdən, İspaniyanı, Yunanıstanı, Fransanı, Almaniyanı, İtaliyanı iqtisadi böhranlar içərisində təsəvvür edərkən, onların əhalisinin isə işsizliklə mübarizə apardıqlarının, amma yenildiklərinin də şahidiyik.
Mənim indiki kimi yadımdadır. 1990-cı illərdə yaşadığımız Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltaq kəndinin Mədəniyyət evinin qarşısında QAZ 53 markalı avtomobillər ehtiyatda durmuşdu. Səbəbi isə göstərilən il üçün aydın olar, yəqin. Tarixi düşmənlərimiz ermənilərin Sədərək üzərindən ərazimizə təcavüzü... Hər an həmin maşınlar bizləri apara bilərdi. Bəli, apara bilərdi... Amma hara? Taleyin, ulu Tanrının bizim üzümüzə gülməsinin nəticəsi idi ki, həmin illərdə Naxçıvanın qeyrətli övladları bir yumruq kimi ayağa qalxdı və iki böyük işi bir anda gördü. Bir tərəfdən ermənilərə tutarlı cavabı verdi, digər tərəfdən isə təcrübəli siyasətçi Heydər Əliyevi Naxçıvan MR Ali Məclisinin sədri seçməklə (3 sentyabr 1991-15 iyun 1993-cü illər), onun ətrafında sıx birləşməklə ermənilərin çirkin niyyətlərini puç elədi. Bununla da, həmin avtomobillər öz işlərini görməyə yollandılar, biz isə öz ev-eşiklərimizdə yaşadıq. Və çox şükürlər olsun ki, bu gün də yaşamaqdayıq.
Hər bir siyasətçi seçkiqabağı vədlərdən ibarət platformasını təqdim edə bilər və etməlidir. Bu, təbiidir. Lakin həmin vədlərin gerçəkliyə yaxınlığı, mümkünlük mexanizmi, daha doğrusu, gerçəkləşdirmək bacarığı necə, hamıda ola bilərmi? “Əsrin Müqaviləsi” imzalandıqdan sonra AXCP-Müsavat cütlüyündən onların dövründə bunun əsaslarının qoyulması haqda iddialar irəli sürüldü. Olsun. Nə deyirik. Bəs onda niyə gerçəkləşdirilmədi? Çünki bu istiqamətdə və sahədə təcrübə, bacarıq, idarəetmə yox idi.
Xalqımız yaxşını pisdən seçməyi, yaxşının qədrini bilməyi bacarır. Bütün siyasətçilərin proqramları, platformaları, vədləri, iddiaları müxtəlif ola bilər, amma ümumi bir prisipləri var: bu da hər addımın xalq, dövlət üçün atılmasından ibarətdir. Və vədlərin həyata keçirilməsi üçün heç də hakimiyyətə gəlmək zəruri deyil. Bizim Prezidentimiz demokratik dəyərlərə üstünlük verən, bu dəyərləri daha da genişləndirən rəhbərdir və müxalifətin də xalq, dövlət naminə olacaq təkliflərinə də hörmət edər. Əgər məqsəd, doğrudan da, yalnız xalqımız və dövlətimizdirsə, onda hər kəs əmin olsun ki, ölkəmizdə hər iki amil üstün tutulur, hətta müxalifətin platformasında yer alan nə olarsa, hamısından da artığı reallaşır və bundan neçə onilliklər sonra da reallaşacaq.
Beləliklə, Heydər Əliyev siyasəti bizim üçündür. Biz də o siyasət üçün olmalıyıq. Hələ Naxçıvan MR Ali Məclisinin sədri işləyərkən qışın oğlan çağında soyuq iş otağında çıraq işığı ilə naxçıvanlılarla qaldı, yaşadı, erməni təcavüzü, dövrün çətinlikləri və problemləri ilə birgə mübarizə apardı, qələbə qazandı və etibarlı əllərə ərməğan etdi. 1993-cü ildən etibarən isə bu günlərimizə, hətta bu anlarımıza qədər keçdiyimiz tarixi inkişaf yolu bütün dediklərimizə əyani sübutdur. Azərbaycan Respublikasını müstəqillik yolunda yenicə addımlayan bir vəziyyətdən inkişaf etmiş, regionda liderə, dünyada isə qətiyyətli söz sahibinə çevirdi. İnanırıq ki, 1993-cü ilin Azərbaycanı ilə 2013-cü ilin Azərbaycanını bütün sahələrdə müqayisə edən, etməyi bacaran hər bir səsvermə hüququ olan kəs seçki günü öz səsinin dəyərini bilməklə mövcud siyasətin, öz xoşbəxt gələcəyimizin davamına səs verəcək.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info