Seçki şikayətləri üzrə sübut etmə vəzifəsi seçki komissiyalarının üzərinə düşür
Tarix: 01.08.2013 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasının (MSK) təşəbbüsü ilə dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. Dünən kursda iştirakçılar Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev ilə görüşdülər. İman Nağıyevin “Seçki hüququnun apelyasiya məhkəmə instansiyasında müdafiəsi (apelyasiya şikayəti, icraat qaydası, müddətlər, sübutlar, sübutetmə yükü və s.)” mövzusunda məruzəsi dinlənildi.

İ. Nağıyev bildirdi ki, hazırda ölkədə 5 apellyasiya məhkəmə instansiyası fəaliyyət göstərməsinə baxmayaraq, işlərin böyük hissəsinə mərkəzi apelyasiya qurumu kimi Bakı Apelyasiya Məhkəməsində baxılır. Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliyə əsasən, artıq məhkəmələrə verilən şikayətlər üzrə baxılan işlərdə sübut etmə vəzifəsi seçki komissiyalarının üzərinə düşüb: “2012-ci ilə qədər şikayətlərə Mülki Prosessual Məcəlləyə əsasən baxılırdısa, artıq bu proses İnzibati Prosessual Məcəllə ilə tənzimlənir və şikayətlərə inzibati məhkəmələrdə baxılır. Qanunvericilikdə edilən dəyişikliyə görə, məhkəmə prosesində seçki komissiyalarının qərarlarının qanunauyğunluğunu komissiyaların özləri sübut etməlidir”.
İ. Nağıyev ölkədə keçirilən seçkilər zamanı Bakı Apelyasiya Məhkəməsinə edilən şikayətlər haqda da məlumat verdi: “Apellyasiya Məhkəməsinə 2008-ci ildə keçirilən prezident seçkilərində 5, 2009-cu ildə Konstitusiyada dəyişikliklə əlaqədar keçirilən referendumla əlaqədar 3, bələdiyyələrə keçirilən seçkilərlə bağlı 16, 2010-cu ildə keçirilən parlament seçkiləri ilə əlaqədar 190 iş daxil olub. Bunlardan 160-na baxılaraq, müvafiq qərarlar verilib. 25 iş isə şikayət zamanı prosessual qaydalara riayət edilmədiyindən icraata götürülməyərək, geri qaytarılıb”. O qeyd etdi ki, Bakı Apelyasiya Məhkəməsində seçkilərlə əlaqədar baxılan işlər qanunvericiliyin tələblərinə riayət edilməklə aparılıb. İ. Nağıyev Bakı Apelyasiya Məhkəməsində baxılan bəzi işlərdə maraq doğuran məqamlar haqda da kurs iştirakçılarını da məlumatlandırdı.

DSK və MSK üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək

Dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək. Bunu kursda çıxışı zamanı MSK Hüquq şöbəsinin müdiri İradə Hacıyeva bildirdi. İ. Hacıyevanın sözlərinə görə, adıçəkilən kurslar Mərkəzi Seçki Komissiyasının (MSK) təşəbbüsü ilə dairə seçki komissiyaları (DSK) sədrləri üçün keçirilən tədbirlərin davamı olaraq reallaşacaq.
Kurslar regionlarda 5-7 avqust tarixlərində keçiriləcək. Qeyd edək ki, kurslar Prezidentin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar təşkil olunur.
MSK katibliyinin Ümumi şöbəsinin müdiri Elşən Əsgərov “Dairə seçki komissiyalarında kargüzarlığın aparılması qaydaları” mövzusunda çıxış etdi. Elşən Əsgərov dairə seçki komissiyalarının sədrlərini kargüzarlığın aparılması qaydaları ilə tanış etmiş və onları maraqlandıran sualları ətraflı cavablandırdı. MSK katibliyinin İnformasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov “Seçici siyahılarının tərtib edilməsi, dəqiqləşdirilməsi və seçicilərə təqdim edilməsi qaydaları və şərtləri. Seçki prosesində DAİS-dən istifadəyə dair tələblər” mövzusunda çıxış etdi. Rüfət Gülməmmədov komissiya sədrlərini siyahıların tərtib edilməsi, dəqiqləşdirilməsi və seçicilərə təqdim edilməsi qaydaları və şərtləri ilə bağlı məlumatlandırdı.

Məhkəmələr heç kimdən
asılı deyil


“Məhkəmələrin siyasi hakimiyyətdən asılılığı haqda iddiaların heç bir əsası yoxdur”. Bunu jurnalistlərə Bakı Apellyasiya Məhkəməsinin sədri, Hakimlərin Seçki Komitəsinin rəhbəri İman Nağıyev deyib. İ. Nağıyev məhkəmələrin siyasi hakimiyyətdən asılılığı barədə səslənən iddialara cavab olaraq deyib ki, belə bir asılılığın olması haqda danışanlar bu iddianı sübuta yetirməlidirlər: “Sübut edin ki, mən hansısa işlə bağlı qərar verərkən asılı olmuşam. Bunu sübut etsəniz, doğru olduğunuzu təsdiqləyərəm. Gətirin, göstərin. 25 ildir hakim işləyirəm və mənə elə bir misal göstərin ki, bu 25 ildə hansısa verdiyim qərarda asılılığım olub. Onda deyərəm ki, düz danışırsınız. Amma belə bir şey yoxdur”. İ. Nağıyev İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan məhkəmələrinin qərarlarından verilən şikayətlərin kütləvi xarakter daşımadığını da qeyd edib: “2010-cu ildə Milli Məclisə keçirilən seçkilərlə bağlı bir sıra məhkəmə qərarları olub. Əlbəttə, bu qərarların bəziləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən beynəlxalq qanunların müddəalarına uyğun hesab edilməyib. Amma bunu seçkilərlə bağlı kütləvi pozuntu halı kimi qəbul etmək və dəyərləndirmək olmaz”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info