“Canlı əfsanə”, bir neçə rekordu qıran Əliyar Musayev: “İstərdim ki, mənə dəstək olunsun və “Ginnesin” Rekordlar kitabına adımı yazdırım”
Tarix: 13.05.2019 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


“Hazırda 58 yaşa keçmişəm. Mən 56 yaşımda gir daşları çeçələ barmağımda 31 dəfə qaldırmışam və bu, rekorddur. “Dünya rekordunda ukraynalı pəhləvan onu 54 yaşında 21 dəfə təkanla qaldırmışdı. Ancaq mən təkansız qaldırmışam”

Ölkəmizdə qədimdən bəri tanınan pəhləvanlarımız olub və onlar müxtəlif tədbirlər, el şənliklərində çıxış edərək öz məharətlərini göstəriblər. Bu gün pəhləvanlarımızın sayı azalsa da, onlar bu ənənəni hələ də yaşadırlar. Belə pəhləvanlarımızdan biri, “canlı əfsanə” kimi tanınan, pəhləvan Əliyar Musayevdir.
Tamaşaçıların böyük maraq və təəccüblə qarşıladığı nömrələrin heç də asan başa gəlmədiyini deyən pəhləvan Ə.Musayev bütün çətinliklərə baxmayaraq, bu peşəni sevdiyini və gələcək nəsillərə çatdırmaq niyyətində olduğunu deyir:
- Mən 10 yaşımdan ağır çəkili daşları qaldırmaqla məşğulam. Sonra 6-cı sinifdən Şərur rayonunda 4 il sərbəst güləşlə məşğul olmağa başladım. Lakin mən 3-cü sinifdə sol biləyimdən və dirsəyimdən zədə almışdım. Əsgərlikdə olarkən 19 yaşımda 140 kiloqram ağırlığında “ştanq” qaldırdım. Ancaq bu zaman ağrılar hiss elədim və sonra mən “ştanqı” dayandırdım və gir daşlarla məşğul olmağa başladım. Artıq 46 ildir ki, bu idman növü ilə məşğulam. Lakin mənim bir məqsədim olub ki, Vətənimi, xalqımı, bayrağımızı dünyaya tanıdam. Hər gün 3-4, hətta 8 saat bu idmanla məşğul olmuşam. Bu, mənim hobbim olub. Mənim heç bir müəllimim olmayıb, özümün həm müəllimim, həm şagirdim olmuşam. Bəzi ölkələrdə, o cümlədən Rusiyanın Moskva, Ukraynanın Xarkov, Odessa şəhərlərindəki idman zallarında davamlı məşqlər etmişəm. Məşq zamanı orada olan idmançılardan öz gücümlə fərqlənmişəm. Mən uşaq yaşlarımdan öz gücümü hiss etmişəm. Hazırda da 58 yaşa keçmişəm. Mən 56 yaşımda gir daşları (şişronu) çeçələ barmağımda 31 dəfə qaldırmışam və bu, rekorddur. Dünya rekordunda ukraynalı pəhləvan onu 54 yaşında 21 dəfə qaldırsa da, onu təkanla qaldırmışdı. Ancaq mən təkansız qaldırmışam. Bundan başqa, 2017-ci ildə televiziya kanallarından birində rekord qırdım. Sonra digər televiziya kanallarında bu nömrəni göstərmişəm. Sonra Naxçıvana getdim və sağ olsun Ali məclisin sədri Vasif Talıbov, icazə verdilər ki, Naxçıvan, yaxud Şərur rayonunda tədbir təşkil edim. Ancaq mən bu tədbirə öz yaşadığım kənddə başlamaq istədim. Təmənnasız olaraq, 3 tədbir təşkil etmişəm və bunun müqabilində heç nə tələb etməmişəm. Mən peşəkar pəhləvan deyiləm, ancaq mənim gücüm var, hazırda özümdə çox güc hiss edirəm, qaldırdığım daşlar da buna bir sübutdur. Mən vətənimə, xalqıma könüllü olaraq, bir borc kimi bu tədbirlərdə təmənnasız çıxış etmişəm və istərdim ki, dövlətimiz mənə dəstək olsun və “Ginnesin” Rekordlar kitabına adımı yazdırım.

- Pəhləvan kimi silsilə olaraq tədbirlərdə çıxış edirsinizmi?

- Son tədbirlərdən biri kimi Xətai rayonunda Novruz bayramında Heydər Əliyev adına parkda tədbir keçirdim və orada müəyyən nömrələri göstərdim. Ancaq ani səhvim nəticəsində sağ qolum zədə aldı, hazırda ay yarımdır ki, həkim nəzarətindəyəm. Bununla yanaşı, idmanla, məşqlərimlə məşğul oluram. Lakin həkim hazırda ağır daşlar qaldırmağa icazə vermir. Sentyabr ayında öz əvvəlki gücümdə olacağam. Son tədbirlərdən biri kimi, mayın 5-də ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə bağlı 28 may Dəmiryolu vağzalında təşkil olunan tədbirdə həkim icazə verməsə də çıxış etdim. Sol əlimlə 24 kq qaldırdım. İstəyirəm xalqım məni tanısın, dünya səviyyəsində tanınım. Öz rekordlarımı qıra-qıra gedirəm. Fiziki olaraq heç bir problemim yoxdur. Xalqıma, Vətənimə xidmət etməyə hazıram. Hazırda sosial şəbəkələrdə dostlarım çoxdur və bizim tanınmış idmançılarımız, məşqçilərimizlə dostluğum var. Onlar məni “canlı əfsanə” adlandırırlar. Bu yaşda 5 barmağın içərisində ən incə barmaqda 55-60 kilo gir daşı göydə saxlamaq çətindir. Mən bunun üzərində çox işləmişəm, ona görə də bədənim buna tab gətirir, bu əziyyətlərə dözə bilirəm. Mənə olan inamı öz nömrələrimlə sübut edirəm. Öz “Facebook”, “İnstagram” səhifəmdə də yazıram ki, “Azərbaycanın və dünyanın ən güclü pəhləvanı, şərurlu Əliyar Musayev”. Yəni bu sözümün arxasında da dururam. Bilirəm ki, nümayiş etdirdiyim nömrələrə görə, mənə rəqib yoxdur. Mən “Youtube”da da dünyada gir daşları qaldıran pəhləvanların hamısını izləmişəm, dünya səviyyəsində özümə rəqib görmürəm.

- Bir zamanlar məşhur pəhləvanlarımız olub. Bu gün gənc nəsil pəhləvanlar yetişirmi?

- Çox sağ olsun Prezidentimiz İlham Əliyev idmana böyük diqqət, qayğı göstərir. Bütün ölkənin demək olar ki, hər yerində Olimpiya kompleksləri tikilib istifadəyə verilib. İdmançılarımız dünyanın hər yerində bayrağımızı yüksəklərə qaldırırlar, ölkəmizə medallara qayıdırlar, onlar bizim fəxrimizdir. Ancaq onu da qeyd edim ki, hazırda Azərbaycanda pəhləvan sənəti tükənmək üzrədir. Buna görə də Gənclər və İdman Nazirliyinə müraciət etdim. İdman akademiyasının prorektoru Yusif Babanlı ilə görüşdüm, söhbət etdik. Ona da dedim ki, istərdim pəhləvanlarımız cəmiyyət şəklində bir yerə yığılsın. Onlar üçün bir zal açılsaydı yaxşı olardı, orada yazılsın ki, “Pəhləvan zalı”. Ölkəmizdə əvvəllər güclü pəhləvanlarımız olub, ancaq onlar indi təqaüddədirlər. İstərdim ki, onların səyi ilə bir yerə toplaşıb, yeni gəncləri cəlb edək, məsləhət alaq, pəhləvanlıq həvəsində olanlara məşq keçək, bu sənəti dünya səviyyəsinə qaldıraq və öz gücümü tanıdaq. Bu fikirlərimi o da bəyəndi, bildirdi ki, bu bizə də tapşırılıb. Ölkə başçısı da qeyd edib ki, güclü, istedadlı gəncləri üzə çıxarsınlar, onları idmana daha da həvəsləndirsinlər. Eyni zamanda nazirliyin nümayəndəsi Aydın Məmmədov da mənim təklifimi bəyənib və kömək etməyə söz veriblər.

- Ailənizdə sizin bu sənəti davam etdirən varmı?

- Mənim iki oğlum və iki nəvəm var. Balaca nəvəmə adımı qoyublar və indidən onun əllərinə baxıram, görürəm ki, mənim əlimə bəzəyir, onu məşq etdirirəm, qaldırıram “turnikə”, orda möhkəm tutur, asılı vəziyyətdə qalır. Digər nəvəm bir qədər zəifdir. İdmanla məşğul olacaq, ancaq dünya səviyyəsinə qalxması çətindir. İki oğlum da birinci sinifdən 4 il karate ilə məşğul oldular. İkisi də qara kəmər alıblar. Hazırda universitetdə oxuyublar, ancaq pəhləvanlıqla məşğul olmadılar, mənə dedilər ki, sən davamlı idmanla məşğul olursan, o əziyyətlərə biz davam gətirə bilmərik. Mən məşqlərim üçün evimdə hər bir şərait yaratmışam. Uşaqlarıma rəva görmədim. İstədim boyları bir qədər hündür olsun. Mən ağırlıq qaldırdıqdan sonra hər zaman “turnik”dən istifadə etmişəm. Pəhləvanın əsas möhkəmliyi belindədir. Əgər bel möhkəm olsa, o pəhləvan hər bir gücə malikdir. Bəzən gənclər bədəni gücləndirmək məqsədilə müəyyən gücləndirici vitaminlərdən istifadə edirlər. Bu doğru deyil. Onlara deyirəm ki, çalışın gün ərzində 2-3 saat artıq idman edin, ancaq təbii güclü bədən formalaşsın.

- Gələcəkdə hansı planlarınız var?

- Mənim tədbirimi öz kəndimdə keçirməkdə məqsədim o idi ki, kənddəki gənclərimiz idmana daha da həvəslənsinlər. İstərdim ki, mənim davamçılarım olsun. Mənim dostluğumda Qarabağ əlilləri var, onlardan biri də qazi Mehdi Əzizovla da görüşmüşəm, onunla da bu mövzuda söhbət etmişəm. Digər məqsədim odur ki, mən hərbi hissələrdə çıxış edib, əsgərlərimizə də öz nömrələrimi göstərim. Onlar da gəncdirlər, idmana, bu sənətə həvəslənsinlər. Güclü bir pəhləvan kimi xalqıma xidmət etməyə həmişə hazıram. Ümid edirəm ki, əlaqədar qurumlar mənim səsimi eşidəcək və mənə dəstək olacaqlar və mənə Ginnesin “Rekordlar” kitabına düşmək üçün şərait yaradacaqlar.
Mən idmanda professionalam. Mən istərdim ki, pəhləvan zalı açılsa, həvəskar gənclərdən 5-10 gənc seçim və onları 5 il ərzində dünya səviyyəsinə qaldıram, hərəsini bir nömrə üzrə çalışdırım.
Bundan başqa, Moskvanın “Mir” Tv kanalından gəlmişdilər və dedilər ki, çəkib 9 Avropa ölkəsində göstərəcəyik. Dənizkənarı Milli Parkda çəkiliş oldu və geniş reportaj hazırlandı. Hazırda Kiyevdən azərbaycanlılar dəvət edirlər ki, səni “Moy talant” proqramında təqdim edə bilərik. Məqsədim var ki, oktyabr ayında gedim. Bir də Moskvadan “1 kanal”a dəvət ediblər. İstəyirəm bu ölkələrə də çıxış edim. Mənim iş yerimə İrandan, Türkiyədən, Rusiyadan gəlirlər, deyirlər səni izləyirik, niyə “Rekordlar” kitabına salınmamısan? Mən yenə rekordlarımı davam etdirəcəm.
Yəqin ki, 65 kq giri barmağımda saxlıyacam. Əgər adım “Rekordlar” kitabına düşərsə, mən istərdim ki, xarici ölkələrə gedəndə rekord qıran bir pəhləvan kimi çıxış edim. Bu addan daha da fərəhlənim. Daha çox çıxışlar edim. Bunu etmək çox çətindir, çox çətin ki, kimsə mənə dünyada rəqib olsun.
Gələcəkdə də ağır nömrələrim olacaq. Yəni bütün gücüm yalnız qolumda deyil.
Sentyabr aylarında stol üzərində “şpaqatda”, hər iki əlimdə iki ədəd 24 kq çəkidə gir qaldıracam. Bundan başqa, söz vermişəm ki, qatarı iki çeçələ barmağımla çəkəcəyəm. Hazırda idmanla məşğulam, hazırlaşıram. Bu il ərzində verdiyim sözə əməl edəcəyəm, xalqım da görəcək. Dünya səviyyəsində də bunu təqdim edəcəyəm.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur”
17.09.2019
Samir Mustafayev: “İdmanla daha çox məşğul olduqca, ürəkdə olan kiçik kapilyarlar daha yaxşı inkişaf edir”
17.09.2019
Əhalisi 1 milyon olan şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info