Bu gün II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
Tarix: 02.08.2013 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə aydınlıq gətirdi. TQDK avqustun 3-də 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.
İmtahan 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada ümumilikdə 42 binada keçiriləcək. İmtahanların idarə olunması üçün 174 imtahan rəhbəri və 1869 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib. TQDK sədrinin sözlərinə görə, 2013-cü ildə II qrup üzrə 23052 abituriyent ərizə təqdim edib. Onlardan 20544 nəfəri Azərbaycan bölməsinin, 2508 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 14566 nəfərini oğlanlar, 8486 nəfərini isə qızlar təşkil edir. 14265 nəfər orta ümumtəhsil məktəblərinin builki, 7388 nəfər isə əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 123 abituriyent xarici ölkələrin vətəndaşıdır. 97 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1302 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdür. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın Facebook səhifəsində (facebook.com TQDK) yerləşdiriləcək.
M. Abbaszadə bildirdi ki, bütün qruplar üzrə ixtisas seçimi avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 18-dən 22-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

4 il öncə 250 baldan yuxarı nəticə göstərənlərin 2,5%-i bu il ali
məktəbi bitirməyəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aşağı balla ali məktəbə qəbul olanların da sonradan ali məktəbdə akademik borclarının olub-olmadığını araşdırıb. TQDK sədri bildirdi ki, 2009/2010-cu ildə əyani və axşam şöbəsinə qəbul olanların, 2008/2009-cu ildə qiyabi fakültəyə qəbul olanların sayı 8 186 nəfər olub. Onun sözlərinə görə, 2012/2013-cü tədris ilində 7 912 nəfərin diplom alması gözlənilir: “250 baldan aşağı toplayan və təhsil müəssisəsini bitirməyənlərin sayı 77 nəfərdir (0,94 faiz). 250 baldan yuxarı nəticə göstərənlərin 197 nəfəri (2,41 faizi) bu il ali məktəbi bitirməyəcəklər. Minimal balla qəbul olan uşaqlar 4 il ərzində ali məktəbin proqramını başa çatdırıb diplom alırlarsa, deməli, proqramı mənimsəyə bilirlər. Yaxud proqramı mənimsəyə bilmirlərsə, akademik borca görə 5-ci kursa qalırlar. Əgər onlar ali məktəb proqramını mənimsəyib bitirirlərsə, bizim onların qarşısını kəsməyə hüququmuz yoxdur”.
TQDK sədri bu il qəbul imtahanlarında abituriyentlərin göstərdikləri nəticələrə də aydınlıq gətirib. O qeyd edib ki, bu il abituriyentlərin nəticələri keçən illə müqayisədə 1-2 faiz aşağıdır: “Yekun nəticələr imtahanlar bitəndən sonra açıqlanacaq. Biz ümumilikdə nəticələrin yaxşılaşdığını söyləyə bilmərik”.

İmtahanda qaydaları pozanlara ikinci şans verilməyəcək
Bu il ərzində keçirilən qəbul imtahanları zamanı təşkilatı nöqteyi-nəzərdən hər hansı çətinlik olmayıb. TQDK sədri bildirdi ki, regionlarda imtahan proseslərinə cəlb olunanlar region müəllimləri olub: “Biz qorxurduq ki, bu müəllimlər yerlipərəstlik edərək köçürmə hallarına yol verəcəklər. Ancaq belə narahatedici məqam olmayıb. Biz hər il müəyyənləşdirdiyimiz keçid balından yuxarı nəticə göstərənlərin nəticələrini yoxlayırıq. Biz keçid balından yuxarı nəticə göstərənlərin imtahan zamanı köçürüb-köçürmədiyini araşdırırıq. Bu il hələlik apardığımız araşdırma nəticəsində məlum olub ki, regionlarla Bakı üzrə abituriyentlərin köçürmə nəticəsi eyni olub”. M.Abbaszadə imtahanlar zamanı qaydaları pozanlara bu il ikinci dəfə şans verilməyəcəyini vurğuladı: “İmtahanda qaydaları pozanlara niyə ikinci şans verilməlidir? Belə şans verilməyəcək”.

“Valideynlər ixtisas seçimində
abituriyentlərə təzyiq edir”

TQDK sədri bildirdi ki, IV ixtisas qrupu üzrə qəbul imtahanı verən abituriyentlər aqrar ixtisaslara az meyl göstərirlər: “Onlar daha çox tibb ixtisaslarında təhsil almaq istəyirlər. Amma bu gün ölkəmizdə aqrar sahədə mütəxəssislərə tələbat daha çoxdur”. O bildirdi ki, tibb ixtisaslarına nisbətən aqrar ixtisasları seçənlər ali məktəbi bitirdikdən sonra daha tez iş tapacaqlar. TQDK sədri qeyd etdi ki, 500 baldan az toplayanların 890 yerin olduğu Tibb Universitetinə, xüsusən müalicə işinə qəbul olması şansları azdır: “Aqrar sahədə ixtisasları seçmək hüququ verilən abituriyentlərin sayı 3298 nəfərdir. IV ixtisas qrupu üzrə ayrılan vakant yerlərin 1051-i Bakıdakı, 1093-ü regionlardakı ali məktəblərin, 593-ü Azərbaycan Dövlət Aqrar Universitetinin, 330-u isə özəl ali məktəblərin payına düşür”.
Bildirildi ki, birinci mərhələdə ixtisas seçiminin düzgün aparılması çox vacibdir. Onun sözlərinə görə, nisbətən yüksək bal toplayan abituriyent tutaq ki, daha yüksək bal tələb edən ixtisası seçir, qəbul ola bilmir: “Valideynlər uşaqların sərbəst ixtisas seçiminə şərait yaratmalıdır. Yəni çox vaxt abituriyentlər valideynlərin təzyiqi altında qalır. Valideynlər övladlarını cəmiyyətdə daha prestijli sayılan ixtisaslarda görmək istəyirlər”. M. Abbaszadə ixtisas seçimi zamanı abituriyentlərə sərbəstlik verilməsi ilə bağlı valideynlərə xəbərdarlıq edərək bildirdi ki, ixtisas seçimi aparan zaman abituriyentə 2 məhdudiyyət ailə tərəfindən qoyula bilər: “Bunlardan biri gənc yaşadığı şəhərdə, yoxsa ayrı bir şəhərdə olan ali məktəbi seçməsi, digəri isə abituriyentin dövlət sifarişi yox, ödənişli yerlərdə oxumasına imkanın verilməsidir. Bu iki məsələni valideyn uşaqla birgə müzakirə etməlidir. Amma ixtisas seçimi zamanı qalan proseslərdə valideynlər uşaqlara sərbəstlik verməlidilər”.

IV ixtisas qrupu üzrə hərbi
ixtisasların keçid balları açıqlandı

TQDK IV ixtisas qrupu üzrə hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (feldşer ixtisası üzrə) keçirilən qəbul imtahanı nəticəsində müəyyənləşən keçid ballarını açıqladı. Hərbi həkim olmaq istəyənlər 350 balla Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (feldşer ixtisası üzrə) qəbul olublar. Bu ixtisasa seçimdə yalnız oğlanlar iştirak edib və onlar imtahandan öncə müəyyən edilən tələbləri ödəməli olublar. Bundan əlavə, IV ixtisas qrupu üzrə imtahan verən abituriyentlər minimal 150 balla Orta ixtisas tibb məktəbinə, 200 balla Naxçıvanski adına Hərbi Liseyə, o cümlədən 200 balla Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunublar.
Bundan başqa o da bildirildi ki, 9 illik bazadan kolleclərdə təhsil almaq istəyən 25 minə qədər abituriyent sənəd verib. İndiyədək 9 illik təhsil bazasından kolleclərə (texnikumlara) sənəd vermək istəyən 25 minə qədər abituriyent öz ərizələrini təqdim edib. 9 illik ümumi təhsil bazasında kolleclərə (texnikumlara) qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbuluna iyulun 17-dən başlanılıb və bu proses avqustun 15-dək davam edəcək. 9 illik təhsil bazasından kolleclərə (texnikumlara) imtahan isə avqustun 25-də keçiriləcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info