…Hər sözdə vətən axtaran soydaşımız
Tarix: 20.05.2019 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Onun yaradıcılıq nümunələri xalqımız, dövlətimiz, eləcə də Belarusdakı diasporumuz üçün mənəvi sərvətlərdir


Öz səmimiliyi, dürüstlüyü, fəaliyyəti ilə cəmiyyətdə nüfuz qazanmaq hər insana nəsib olmur. Bu dəyərləri özündə yaşadanlar, sanki ətrafa pozitiv enerji yayırlar. Belə nümunəvi keyfiyyətlərə sahib olan insan hansı ölkədə yaşamağından asılı olmayaraq insanların qəlbinə yol tapır. Çünki səmimiyyətin, düzlüyün və əməksevərliyin hansısa xalqa, mentalitetə məxsusluğu olmur. Bu insani dəyərlər heç bir dövlətin qanunvericiliyilə belə, tənzimlənmir. Bir çox şəxsi keyfiyyətləri ilə mənəvi olaraq bütün sərhədləri aşan Belarusdakı ağsaqqal diaspor üzvü Məzahir Yusifov da bu baxımdan nümunə göstərilə bilər.
Xatırladaq ki, Məzahir Səməd oğlu Yusifov 20 may 1953-cü ildə Gədəbəy rayonunda anadan olub. Orta məktəbi qızıl medalla Şəmkir rayonunda bitirib. Sonra Sovet ordusu sıralarında hərbi xidmətdə olub.
Daha sonra Moskva Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində təhsil alıb. İxtisasca iqtisadçı olan Məzahir Yusifov 1994-cü ildən Belarus Respublikasında yaşayır. Belarusda milli diasporun formalaşmasında onun da xidmətləri var. O hazırda Belarus-Azərbaycan İcmaları Konqresinin təftiş komissiyasının sədridir. Ümumiyyətlə, Yusifovlar ailəsi diaspor sahəsində aktiv çalışırlar. Belə ki, Məzahir müəllimin oğlu Vüqar Yusifov Belarus Azərbaycan İcmaları Konqresinin sədr müavinidir.
Məzahir Yusifovun diaspor sahəsində gördüyü işlər konqres rəhbərliyi və kollektivi tərəfindən də yüksək qiymətləndirilir. Belarusda ağsaqqal diaspor üzvü olaraq hər zaman ona sayğı və ehtiram göstərilir.
Onu da əlavə edək ki, Məzahir Yusifov həm də söz, şeiriyyat adamıdır. Onun sözlərinə bir çox musiqi bəstələnib. Məzahir müəllim, əsasən mahnı yaradıcılığı ilə məşğuldur. Şairlərin sözlərinə bəstələdiyi onlarla mahnıları var. Həmin mahnıları tanınmış müğənnilərimiz; Gülyaz və Gülyanaq Məmmədova bacıları, Gülüstan Əliyeva, Cahangir Qurbanov, Mətanət İskəndərli, Eldəniz Məmmədov, Aşıq Zülfiyyə, Kamilə Nəbiyeva və başqaları ifa edirlər.

“Onunla yaxından tanış olanda daxilində necə böyük vulkanın olduğunu hiss edirsən”

Məzahir müəllim yaradıcılıq işləri ilə bağlı Azərbaycanda bir çox söz adamları ilə əməkdaşlıq və dostluq edir. Məzahir müəllimin ad günündə bu dostlardan bir neçəsi onunla bağlı arzu və istəklərini bizimlə bölüşdülər. Filologiya üzrə fəlsəfə doktoru, şair Tofiq Xəlil dedi ki, Məzahir Yusifov çox səmimi dostlarından biridir: “Dost kimi çox diqqətli, qayğıkeşdir. Bizi təkcə dostluq telləri deyil, eyni zamanda yaradıcılıq sahəsində əməkdaşlıq telləri bağlayır. Məzahir müəllim ildə bir neçə dəfə Azərbaycanda olur. Lakın biz, demək olar ki, hər gün bir-birimizlə əlaqə saxlayırıq. Açığı deyim, onun qürbətdə olduğunu hiss etmirəm. Çünki özü də qaynayıb-qarışan, dost axtaran insandır.
Məzahir müəllim həm lirik, şən, həm də hərbi vətənpərvərlik mövzusunda olan mahnıların müəllifidir. Onu da deyim ki, Məzahir müəllim hərbi vətənpərvərlik mövzusuna yaradıcılığında daha çox yer ayıran ziyalılarımızdandır. Təxminən hərbi vətənpərvərlik mövzusunda 10-dan çox mənim şeirlərimə mahnı bəstələyib. Hətta bir neçə mahnı müsabiqəsində bizim mahnımız birinci yer tutmuşdu.
Onun çox qəribə, özünəməxsus xüsusiyyətləri, yaradıcılıq cəhətləri var. Çox sakit təbiətli adamdır. Amma onunla yaxından tanış olanda daxilində necə boyük vulkanın olduğunu hiss edirsən. Çünki o daim düşünür, daimi yaradıcılıq axtarışlarındadır. Onu bəlkə də cavan saxlayan məhz bu keyfiyyətləridir. Məzahir müəllim həm də prinsipialdır. Yəni həqiqi sözü deyən adamdır. Özü necədirsə, dediyi kəlmələr də xarakterini ifadə edir.
Məzahir müəllim kövrək, həssas yaradıcı adamdır. O, həm həyatda, həm də yaradıcılıqda çox tələbkar insandır. Məsələn, mahnıda adi bir söz yerinə düşməyəndə dəfələrlə müzakirə edir. Yəni sözün mahnıda çəkisini, yerini bilir.
O, böyük humanist keyfiyyətlərə malik insandır. Bəlkə də onu söz sənətinə meyil etdirən məhz onun bu keyfiyyətləridir.
Məzahir müəllim Azərbaycanı Belarusda vicdanla, məhsuldar təmsil edən diaspor üzvlərindəndir. Qürbətdə yaşadığına görə hər sözdə, kəlmədə vətən axtarır. Mənim "Qəribəm" adlı şerim var. Elə, əslində, qürbətdə yaşayan belə insanlara bu şeiri həsr etmişəm. Bir gün zəng vurdu ki, bu şeirin sözlərinə mahnı yazmışam. Bu mahnını Kamilə Nəbiyeva ifa edib.
Məzahir müəllim mənim xeyli sayda şeirlərimə mahnı bəstələyib. Onlardan "Əsgər oğluyam", "Şuşam mənim", "Gələrəm görüşə", "Belə dayanıb baxma" kimi şeirlərimin adını çəkə bilərəm. Bu mahnılar hazırda tanınmış müğənnilərin ifasında səslənir.
Məzahir Yusifov gözəl saz ifa edir, amma aşıq deyil. O çox mənalı sözlər deyə bilir, amma şair deyil. Amma sazdakı pərdələrdən, sözdəki kəlmələrdə o ən incə mətləbləri duya bilən həm aşıqdır, həm də şairdir. O, gözəl ailə başçısıdır. Bu gün nəvələri ilə nəfəs alır. Mən Məzahir müəllimə uğurlar arzu edirəm”.

Bir melodiya kimi...

Yazıçı Firuz Mustafa da yaxın dostu Məzahir müəllim haqda xatirələrini bizimlə bölüşdü. O, dedi ki, Məzahir Yusifov Azərbaycandan kənarda yaşasa da ürəyi Vətənlə bir döyünən, daim doğma ocağa bağlı olan Vətən övladıdır: “Məzahir müəllim uzun illərdir ki, bizə dost olan Belarus Respublikasında yaşayır. Yaşadığı ölkədə vətənimizlə bağlı bütün tədbirlərdə fəal iştirak edən Məzahir Yusifovu həmyerlilərimiz də yaxşı tanıyır, ona ehtiram göstərirlər.
Mən Məzahir müəllimi daha çox bir mədəniyyət, mənəviyyat adamı kimi tanıyıram. O, həm də bizim ədəbiyyatımıza bağlı bir insandır. Artıq dediyim kimi, o, bir neçə ildir ki, dost ölkədə məskunlaşıb. Amma Azərbaycan efir və ekranında vaxtaşırı onun adını eşitmək olar. Bu, nə ilə bağlıdır? Məsələ burasındadır ki, Məzahir Yusifov həm də istedadlı bəstəkardır. Doğrudur, o, özünü professional musiqi xadimi deyil, həvəskar hesab edir. Lakin ortada olan melodiyaları onun maraq göstərdiyi sahəyə necə məsuliyyətlə yanaşdığını sübut edir.
Məzahir Yusifovun musiqi yaradıcılığından Vətən və vətənpərvərlik mövzusu qırmızı bir xətt kimi keçir. O, qəhrəman əsgərlərimiz, zabitlərimiz haqda bir neçə maraqlı musiqi parçaları yazıb, sevdiyi şairlərin sözlərinə melodiyalar bəstələyib.
Bu gün Məzahir müəllim ömrünün müdriklik çağını yaşayır. İllər bir-birini sürətlə qovur, biz zamanın axarı ilə keçmişdən gələcəyə doğru addımlayırıq. Amma bəzən bu zaman sanki bir anlığa dayanır, nəfəs dərir. Daha doğrusu, bu “dayanmalar” vaxtı həmin sürətli və sürəkli zamanın ayrı-ayrı anları musiqi notlarına çevrilir. Məzahir Yusifovun qəlbindən qopan o notlar insanların yaddaşına hopur, ürəklərdə əks-səda verir.
Məzahir müəllimlə hər görüş bir yaddaqalan xatirəyə çevrilir. O, dostluğa sədaqətli bir insandır. Və bütün müdrik insanlar kimi, Məzahir Yusifov da dostluğa bir sənət əsəri kimi yanaşir, onu qoruyur, onun dəyərini yüksək qiymətləndirir.
Düzdür, biz dostları onu sıx-sıx görə bilmirik. Amma onun melodiyaları bir dostluq körpüsü kimi, daim insanları bir-birinə yaxınlaşdırır, könülləri bir-birinə qovuşdurur. Elə dostumuzun adı da bizim ürəyimizdə bir melodiya kimi səslənir, etibar və sədaqət melodiyası kimi...
Mən dostumuz Məzahir müəllimə bundan sonra da ilhamlı yaradıcılıq, işlərində uğurlar, möhkəm cansağlığı arzu edirəm. Qoy onun bütün arzuları çin olsun”.

“Məzahir müəllimin mahnılarında onun ruhu iştirak edir”

Məzahir Yusifovun yaradıcılığında vətənpərvərlik mövzusunda mahnılar üstünlük təşkil edir. Onun bu mövzuda bəstələrini, əsasən müğənni Cahangir Qurbanov ifa edir. Cahangir müəllim da öz yaradıcılıq yoldaşının ad gününü təbrik etməkdən məmnunluq duyduğunu dedi: "Məzahir müəllim həyatımda gördüyüm ən diqqətcil, səmimi dostumdur. O, həqiqətən mənim üçün dəyərli ağsaqqaldır. Bizim aramızda o qədər səmimi münasibət var ki, mən onun oğlanlarına qardaş deyə müraciət edirəm. Çox ailəcanlı, tərbiyəli, vətənpərvər, savadlı və mərd insandır. Ona görə də onunla iş birliyimiz alınıb. Mən onun bir neçə mahnısını oxumuşam. Bunların hamısı hərbi vətənpərvərlik ruhunda olan mahnılardır. Məsələn, "Əsgər oğluyam" mahnısını Müdafiə Nazirliyinin hərbi orkestrinin müşaiyətilə mən ifa etdim. Hətta, o mahnıya klip də çəkilib. Ümidvaram ki, dinləyicilər bu mahnını da bəyənərlər.
Məzahir müəllimlə bizim əməkdaşlıq ona görə yaranıb ki, onun özü də ehtiyatda olan zabitdir. Mən də zabitəm. Bizim ruhumuz birdir. Mən bu mahnıları ifa edəndə əsgərlərin gözündə parlayış, işıltı görürəm. Hiss edirəm ki, bu mahnılar onlarda böyük ruh yüksəkliyi yaradır.
Məzahir müəllimin mahnılarının özəlliyi ondadır ki, onun hər bir sözündə, mahnısında Vətən sevgisi var. Biz də vətənimizi sevdiyimiz üçün o gözəl, dəyərli sözləri ifa etməyi özümüzə borc bilirik. Həm bir dost kimi, həm bir vətən oğlu kimi özəlliyi ondadır ki, Məzahir müəllimin mahnılarında onun ruhu iştirak edir. Məzahir müəllimin hər bir kəlməsində onun ruhun hiss etmək olur. Onun necə səmimi, gözəl xasiyyətli insan olduğunu mahnılarını dinləyəndə bilmək olur.
Məzahir müəllimə arzum odur ki, özünü qorusun. O bizə lazımdır. Ona uzun ömür, cansağlığı, yaradıcılığında uğurlar arzu edirəm. İlham pəriləri heç zaman onu tərk etməsin".
Məzahir Yusifov vətən sevgisini pafos şəklində sözlə deyil, işi, yaradıcılığı ilə yaşadan soydaşlarımızdandır. Bunun sübutu isə onun ortaya qoyduğu yaradıcılıq nümunələridir. Bütün bunlar həm də Məzahir müəllimdən xalqımız, dövlətimiz, eləcə də Belarusdakı diasporumuz üçün qalan mənəvi sərvətlərdir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib
21.10.2019
“Opalus Partners Group” şirkəti HR sahəsi ilə bağlı təlimləri uğurla həyata keçirir
21.10.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info