“İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
Tarix: 21.05.2019 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Vahid Rzayev: “Şuşa, Naxçıvan, Gəncə, Quba, Lənkəran o dövrün ictimai mühit mərkəzləri idi”

Müsahibimiz Vahid Məmməd oğlu Rzayev 1952 - ci il fevralın 3 - də Naxçıvan Muxtar Respublikası, Şərur rayon Şərur qəsəbəsində anadan olub.1969 -cu ildə Siyaqut kənd orta məktəbini bitirib. V. M. Rzayev 1971- ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olub və 1975 -ci ildə təhsilini başa vurub. 1975 - ci ildən Şərur rayon Aşağı Daşarx kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1979- cu ildən müsabiqə yolu ilə Naxçıvan Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasına müəllim vəzifəsinə təyin edilib.
Sonralar kafedranın baş müəllimi olub, hazırda isə dosentdir. İki seçki müddətinə universitetin Pedaqogika və psixologiya kafedrasına (2007-2017) rəhbərlik edib. 1989- cu ildə “ Zaqafqaziya xalqlarının pedaqoji əlaqələri ( XIX əsr və XX əsrin əvvəlləri)” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimidir. 9 kitabın, 3 metodik vəsaitin və 110-dan artıq elmi məqalənin müəllifidir. Tədqiqat sahəsi Azərbaycan məktəb və pedaqoji fikir tarixi, o cümlədən onun çox mühüm tərkib hissələrindən biri olan Naxçıvan mədəni mühiti, burada məktəb təhsilinin və yeni pedaqoji ideyaların yayılması və inkişaf mərhələləri ilə bağlıdır. Bir sıra beynəlxalq kofranslarda (Uluslararası ”Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” simpoziumu, Tbilisi18-21mart 2012 və s.) iştirak edib və beynəlxalq jurnallarda (Kanada, İngiltərə, Rusiya, Ukrayna və Türkiyə) Azərbaycan məktəb və pedaqoji fikrinin bir sıra problemlərinə aid məqalələr nəşr etdirib. “Murad Tutayuk” (Naxçıvan, “Qeyrət” mətbəəsi, 2001), “Naxçıvanda qadın təhsili və tərbiyəsi tarixindən” (Naxçıvan, “Məktəb” nəşriyyatı, 2013), “XIX əsr və XX əsrin əvvəllərində İrəvanda və Naxçıvanda məscid məktəbləri və mədrəsələr” (Naxçıvan, “Əcəmi”, 2016), “XIX əsrin sonları və XX əsrin əvvəllərində Naxçıvanda təhsil və pedaqoji fikir”, (Naxçıvan, “Məktəb” nəşriyyatı, 2014), “Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri)”, II nəşri, Naxçıvan: “Əcəmi”, 2018) adlı kitabları, “Zaqafqaziya xalqlarının pedaqoji əlaqələri” (XIX əsr XX əsrin əvvəlləri) adlı fəlsəfə doktoru dissertasiyası elmi-pedaqoji mühitin diqqətini çəkib, maraqla qarşılanmış tədqiqatlardır.
Rusiya tərəfindən Azərbaycanın şimal hissəsinin işğalı zamanı “Amanat” götürülmüş uşaqların təhsili, Naxçıvan rus-Azərbaycan oğlan, həmçinin qız məktəbinin yaranması və inkişaf mərhələləri, Naxçıvan Müəllimlər Seminariyasının meydana gəlməsi və fəaliyyəti haqqında araşdırmaların aparılması dosent Vahid Rzayevin axtarışları əsasında elmi dövriyyəyə daxil edilib. XIX əsrdə Rus dövlət məktəbləri kimi Naxçıvan qəza məktəbi (1837), Ordubad şəhər ibtidai məktəbi (1854) və əsrin sonlarına yaxın bir çox kənd ibtidai məktəblərinin struktur-məzmun xüsusiyyətləri və verdiyi faydanın öyrənilməsi, elmi oçerklər kimi işlənib hazırlanması da V. Rzayevin axtarışlarının nəticəsidir. Milli təhsil təcrübəmizin unikal nümunəsi kimi Məhəmməd Tağı Sidqinin “Tərbiyə məktəbi”nə aid yeni və əhatəli araşdırmalar ilk dəfə Vahid Rzayev tərəfindən aparılıb, yeni tarixi sənədlər, arxiv materialları əsasında görkəmli maarifçi-məktəbdarın həyat və fəaliyyətinin öyrənilməmiş səhifələri üzə çıxarılıb. Tədqiqatlarda adıçəkilən, lakin mahiyyəti və əhəmiyyətinin nədən ibarət olduğu haqqında heç bir məlumat verilməyən “Xeyriyyə” çəmiyyəti və onun nəzdində fəaliyyət göstərən məktəblə bağlı elmi araşdırmalar da V. Rzayevə məxsusdur.

Tədqiqatçı Naxçıvan mədəni mühitinin ziyalı zümrəsinin əsasını təşkil edən pedaqoq-müəllimlərin bir çoxunun ömür yolu və pedaqoji fəaliyyətini arxiv sənədləri və dövri nəşrlər əsasında işləyib hazırlayıb. Rus dövlət məktəblərində işləyən Molla Allahverdi Sultanov, Mirzə Sadıq Quliyev, Salah bəy Zöhrabbəyov, Əlirza Rasizadə, Məmməd bəy Zamanbəyov və başqaları, həmçinin Sergey Sergeyev, Konstantin Nikitin, Maqomed Kotiyev (Mehmet Ketey), Georgi Uturqauri haqqında ilk və əhatəli məlumatlar V. Rzayevin tədqiqatlarında əks olunub.
- Yaradıcılığım adətən pedaqoji fikir tarixi, məktəb təhsili tarixi ilə bağlıdır. 80-ci illərin əvvəllərindən İrəvan, Tbilisi, Bakı, Naxçıvan, Moskvada bir sıra arxivlərdə işləmişəm. Mənim doktorluq dissertasiyama gəldikdə isə elə həmin dövrdə arxivlərdə çalışarkən Naxçıvanla bağlı maraqlı faktlar qarşıma çıxdıqda onları götürürdüm. Sonra, müstəqillik dövründə bunlar həqiqətən mənə lazım oldu. Çünki bu dövrdən başlayaraq Naxçıvanın tarixini, mədəniyyətini, təhsilini öyrənmək dövlət səviyyəsində vacib oldu və hətta Ali Məclis Sədrinin şəxsi təşəbbüsü ilə ayrıca olaraq universitetdə “Naxçıvanşünaslıq” mərkəzi yaradıldı. Naxçıvanla bağlı nəşrləri, arxiv sənədləri orada toplayırdılar. Əvvəllər doktorluq dissertasiyası üçün başqa mövzu götürmək istəyirdim. Lakin sonradan arxiv materiallarına diqqət yetirdikdə gördüm ki, Naxçıvan təhsilinin tarixini, pedaqoji fikrini öyrənmək vacibdir. Sovet pedoqogikaşünaslığında adətən demokratik mərkəziyyət prinsipi əsas götürülürdü. Bakıda, yaxud digər yerlərdə olan təhsil müəssisələri, orada olan pedaqoji hadisələrə daha çox diqqət yetirilirdi. Şuşa, Naxçıvan, Gəncə, Quba, Lənkəran o dövrün çox gözəl ictimai mühit mərkəzləri idi. O mühit mərkəzlərini öyrənmək ümumi Azərbaycan məktəbinin, pedaqoji fikrinin mənzərəsini formalaşdırmaq üçün çox zəruri bir məsələdir. Çalışdım ki, bu məsələləri araşdırım, öyrənim.

- Vahid müəllim araşdırmalarınız zamanı hansı faktları aşkar etdiniz?

- Bir cəhəti deyim ki, bu dövrü, xüsusilə Naxçıvanın, İrəvan quberniyasının tarixini, mədəniyyətini, təhsilini, pedaqoji fikrini öyrənərkən başqa regionlara nisbətən, rus çarizminin tamamilə başqa bir siyasətini müşahidə etdim. Məsələn, Qazaxın Şəmşəddil mahalına aid bir arxiv materialına rast gəldim. Türkmənçay müqaviləsi ilə İrəvan, Naxçıvan torpaqları rus çarizminin işğal zonasına çevrildi, həmin dövrdən etibarən erməniləri Naxçıvana, xüsusən İrəvan quberniyasına, 16 mahala yerləşdirmək siyasəti başladı. Mən onu əsərdə də göstərmişəm. Bundan başqa, bir monoqrafiyam çıxmışdı, İrəvan və Naxçıvanda məscid-məktəb- mədrəsələrinin tarixinə dair, həmçinin XIX-XX əsrə aid külli miqdarda materiallar var idi. Bu arxiv materiallarını oxuduqca, öyrəndikcə hiss edirsən ki, doğrudan da bura doğma Azərbaycan torpaqlarıdır. Bu faktlar, Rusiyanın statistik rəqəmləri açıq etiraf edir ki, bura qədim Azərbaycan torpaqları, burada məskunlaşan xalq Azərbaycan türkləridir. Şəmşəddil mahalında da, İrəvanda da Türkiyəyə, İrana həmsərhəd olduğuna görə, bunlar müstəmləkəçiliyin digər vasitələrindən istifadə edirdilər. Məsələn, Şəmşəddil mahalında yüksək zümrənin uşaqlarını amanat götürüb, aparırdılar Tbilisiyə. Əgər o zümrə yenidən Türkiyəyə meyillənmiş olsaydı, onda o uşaqlar geri qaytarılmırdı. Onlar belə bir vasitədən istifadə edirdilər. Naxçıvanda da daha çox erməniləşmə faktorundan istifadə edirdilər. Türkmənçay müqaviləsi bağlandığı gündən ermənilərin buraya kütləvi axınını təşkil etdilər. Məsələn, Ordubadda 1828-ci illərdə 30 erməni ailəsi var idi, bu ailələr də buraya köçürülmüşdü. Ermənilərin kütləvi köçürülməsi müstəmləkə siyasətinin başlıca vasitəsi oldu. Onlar erməniləri bu ətrafa köçürməklə istəyirdilər ki, torpaqları erməniləşdirməklə, xalq Türkiyədən, Qacar sülaləsindən təcrid olunsun.

(ardı var)

Nigar





 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Azərbaycan İlahiyyat İnstitutunda bu il ilk dəfə doktoranturaya qəbul həyata keçiriləcək
17.09.2019
Samir Mustafayev: “İdmanla daha çox məşğul olduqca, ürəkdə olan kiçik kapilyarlar daha yaxşı inkişaf edir”
17.09.2019
Əhalisi 1 milyon olan şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 В Великобритании перешли на систему образования СССР
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info