“Gəmi mühiti insana möhkəm, iradəli olmağı öyrədir”
Tarix: 23.05.2019 | Saat: 12:15:00 | E-mail | Çapa göndər


Cahangir Mirzəyevin: “ASCO-nun gəmilərində gənclərə çox rast gəlmək olar”

Cahangir Mirzəyevin 28 yaşı var. Hazırda ASCO-nun Xəzər Dəniz Neft Donanmasına məxsus “Kapitan Ağasıyev” liman yedək gəmisində böyük mexanik kimi çalışır. Demək olar ki, Donanmanın ən gənc böyük mexaniklərindəndir.
Cahangir babası Məhəmmədhüseyn Mirzəyev və atası Mehdi Mirzəyevin yolunu davam etdirir və bununla qürur duyur.

- Necə oldu ki, dənizçiliyi seçdiniz sualı yersiz olar. Hər halda, səbəb babanız və atanızdır.

- Bəli, babam Məhəmmədhüseyn Mirzəyev 35 il dənizdə işləyib. Atam isə artıq 38 ildir ki, bu sahədədir. Hazırda Xəzər Dəniz Neft Donanmasında kapitan kimi çalışır. Təəssüf ki, babamla dənizçilik barədə danışmaq imkanım olmayıb. O, mən uşaq olanda dünyasını dəyişib. Amma atamın təcrübəsindən xeyli yararlanmışam. O, özü də dənizçi olmağımı çox istəyirdi.

- Tələbəlik illərini xatırlayaq…

-Azərbaycan Balıq Sənayesi Texnikumunu bitirmişəm. Təhsil aldığım illərdə söhbətlərimiz ancaq dəniz və gəmi haqqında olurdu. Bu gün sevindirici haldır ki, qrup yoldaşlarımın böyük əksəriyyəti dənizdə çalışır. Onlarla tez-tez görüşürük.

- Karyeranıza haradan və necə başladınız?

-2009-cu ildə texnikumu bitirib, hərbi xidmətə getdim. Qayıtdıqdan sonra 2010-2011-ci illərdə xarici şirkətlərin birində motorçu kimi təcrübə keçdim. Fəaliyyətimə də motorçu olaraq başladım, daha sonra növbətçi mexanik diplomu aldım. 2011-ci ildə Xəzər Dəniz Neft Donanmasına işə qəbul oldum. Əvvəlcə kiçik həcmli gəmilərdə ikinci mexanik kimi çalışdım. Sonradan qarşıma məqsəd qoydum ki, donanmamızın flaqman gəmilərində işləməli və vəzifədə yüksəlməliyəm. 2014-ci ildən “İrgiz”, “Aydın Məmmədov”, “Ramiz Hacıyev”, “Avior”, “Ədalət Gülməmmədov”, “Kapitan Ağasıyev” və bir çox gəmilərdə ikinci mexanik işləmişəm. Hazırda “Kapitan Ağasıyev” gəmisinin böyük mexanikiyəm.

- Dənizçi kimi özünüzə aid xüsusi prinsipləriniz varmı?

-Çalışıram ki, vəzifə öhdəliklərimi qüsursuz yerinə yetirim. İşimi donanma qaydalarına uyğun, şirkətin maraqları çərçivəsində qururam. Ən əsası, vəzifəmi vicdanla yerinə yetirirəm. Düşünürəm ki, insan vəzifəsindən asılı olmayaraq ilk hesabatı özünə verməlidir. Mən “görəsən, etimadı doğrulda bilirəm, ya yox?” sualını özümə tez-tez verirəm. Hər kəs bacardığı işlə məşğul olmalıdır. Bacarmırsansa, öyrənməyə çalış. Burda qəbahət yoxdur. Cəhd edirsən və yenə də alınmırsa, deməli, başqa sahənin adamısan.

- Gəmi mühitindən danışaq. Evdən çox gəmidə olursunuz. Bu mühitdə nə tələb olunur?

-Gəmi mühiti insana möhkəm, iradəli olmağı öyrədir. Çalışmaq lazımdır ki, hər bir çətinliyin öhdəsindən gələsən. Bir də dənizdə dəqiq və keyfiyyətli qərar qəbul etmək vacib məsələdir. Bəzən bir dənizçinin kiçik səhvi böyük faciəyə səbəb ola bilər. Bu məsuliyyəti dərk etmək lazımdır. Özünü, ailəni təhlükələrdən necə qoruyursansa, dənizçi dostlarını da elə qorumalısan!

- Donanmanın ən gənc böyük mexaniklərindənsiniz. Bunu necə bacardınız?

-Dənizçilik elə bir sahədir ki, burda ancaq zəhmət, səbr və əzmkarlığın hesabına uğur qazanmaq mümkündür. Düşünürəm ki, məndə sadaladığım keyfiyyətlər olmasaydı, istəyimə nail ola bilməzdim. Ümumiyyətlə, ASCO-nun gəmilərində gənclərə çox rast gəlmək olar. Buna ancaq sevinmək və onlara stimul vermək lazımdır.

- Hədəfiniz nədir?

-Öncə hazırda aldığım ali təhsilimi bitirmək istəyirəm. Gələcəkdə isə idarəetmə sahəsində işimi davam etdirmək fikrim var.

- Dənizçi dostlarınıza nələri tövsiyə edərdiniz?

-Hər kəsə bu sahəyə gəlməmişdən qabaq hər bir məqamı yaxşı incələməyi və şəxsi fikirləri ilə seçim etmələrini məsləhət görürəm. Peşənizi sevin, daim axtarışda olun, oxuyun, həm də işləyə-işləyə zamanınızı səbirlə gözləyin. Mütləq nəticə yaxşı olacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”
13.09.2019
“Təqdim etdiyimiz yeni məhsul mövcud könüllü həyat sığortası məhsullarından çox fərqlidir”
13.09.2019
“Gürcü dilini bilən azərbaycanlı gəncin vəzifə tutması üçün heç bir maneə yoxdur”
12.09.2019
“Endoskopik əməliyyatın aparılması mümkündürsə - aparılmalıdır!”
27.08.2019
Müxalifət partiyaları illərdir uğursuzluqlarının səbəbini guya seçkilərin qeyri-demokratik olmasıyla ört-basdır etməyə çalışırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info