“Azərbaycanla aviasiya təhsili sahəsində əməkdaşlıq etməyi düşünürük”
Tarix: 05.08.2013 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Ersin Doğruer: “Aviasiya sektoru ilə bağlı bütün ixtisaslara mükəmməl yiyələnmək üçün çox ciddi təhsilimiz və ən yüksək
səviyyədə şəraitimiz var”


Müsahibimiz Türk Hava Qurumu Universitetinin təmsilçisi Ersin Doğruerdir. O, bizimlə müsahibəsində təmsil etdiyi Türk Hava Qurumu Universitetinin Azərbaycanla bağlı təhsil planlarından və təhsil sahəsində əməkdaşlıq məsələlərindən danışdı. Müsahib öncə özü haqda məlumat verməklə söhbətə başladı:
-Universiteti Türkiyədə bitirmişəm - Qazi Universitetini. Bitirdikdən sonra ABŞ-a getdim və magistraturanı orada bitirdim. Müxtəlif sektorlarda çalışmışam. Sığorta, təhsil sahələrində çalışmışam. Sonradan səyahətlər sahəsində çalışmağa başlamışam. 2013-cü ilin mayında Türk Hava Qurumu Universitetinin rektorunun dəvəti və təklifi ilə Türkiyəyə gəldim. Universitetin xarici əlaqələr üzrə direktorluğunu artıq 3 aydır təmsil edirəm. Türk Hava Qurumu Universiteti 2011-ci ildə fond universiteti olaraq özəl ali məktəb kimi qurulub. Fond universiteti və ya özəl universitet statusunda təhsil verməkdədir. İzmirdə bu il açılan fakültəsi ilə birlikdə 5 fakültəyə malikdir. Artıq 3-cü ildir ki fəaliyyət göstərir. Qurumun peşə liseyi də var. Bu ilin iyun ayında ilk peşə liseyi məzunlarını buraxıb. Onların demək olar ki, tam əksəriyyəti işlə təmin olunub. Universitetin bir fakültəsi pilot yetişdirir. Kosmos və havaçılıq üzrə fakültəsi də hava mühəndisliyi üzrə ixtisaslaşıb. Burada hava mühəndisliyinə aid beş ixtisas var. İşlətmə fakültəsi isə işlətmə bölümünə aiddir. Bu gün onun havaçılıq işlətməçiliyi və logistik işlətməçiliyi bölümləri fəaliyyət göstərir və sair.
Bizim universiteti digər dünya universitetlərindən fərqləndirən xüsusiyyət var ki, bu da universitetimizdə 2013-2014-cü il üçün 97 fərqli ölkədən tələbə var. Bu baxımdan universitetimiz beynəlxalq universitet halındadır, orada çoxlu millətlərin nümayəndələri təhsil alır. Bu nəticəyə gəlinməsində universitet rəhbərliyinin çox ciddi səyləri var. Bizdə təhsilin real keyfiyyətinə çox ciddi diqqət yetirilir. Bu sahədə dünyada cəmisi 37-38 universitet var. Bizim bu sahədə partnyorlarımız Nyu-Yorkdakı, Moskvadakı, Polşadakı və sair dünya təhsil müəssisələridir. Bizim universitet digərlərindən fərqli olaraq təkcə tələbələrinə pilotluq öyrətmir, həm də aldıqları təhsil kreditindən asılı olaraq pilotçuluqdan əlavə, mühəndislik və sair kimi ikinci ixtisasa və iki universitet bitirmə şansına sahib olurlar. Həmçinin iki ilə yaxın bir müddətdə magistratura kursu var ki, magistr səviyyəli pilotlar yetişdirir. Universitet bi ilin iyulunda Türk Hava Yolları ilə imzalanmış bir protokolla Türk Hava Yolları ilə iş qarantili pilotlar yetişdirmək üzrə tələbə qəbul etməkdədir. Həm bakalavr, həm də magistr səviyyəli pilotlar yetişdirməklə yanaşı, bizim peşə liseyi məktəblərimiz də aviasiya sektorunun ehtiyacı olan peşələrin hamısı ilə bağlı mütəxəssis hazırlayır. Bizim geniş laborator imkanlarımızdan yararlanmaq üçün Nigeriyadakı müvafiq universitet bizimlə əməkdaşlıq edir. Bununla bağlı anlaşmamız var. Eləcə də digər ölkələrin müvafiq təhsil müəssisələri bizimlə bu barədə anlaşma əsasında əməkdaşlıq edirlər ki, nəticədə onların bizim təhsil və laborator vasitələrimizlə təkmilləşən tələbələri eyni zamanda bizim də universitetin məzunu sayılmış olurlar. Biz təkcə universitetimizin imkanlarını deyil, bu ərəfədə Türkiyənin təhsil imkanlarını Azərbaycan abituriyentlərinə təqdim edirik. Xüsusilə qeyd etmək istəyirəm ki, aviasiya sektoru ilə bağlı bütün ixtisaslara mükəmməl və akademik səviyyədə yiyələnmək üçün çox ciddi təhsilimiz və ən yüksək səviyyədə şəraitimiz var. Bu baxımdan bütün dünya ölkələrindən olan tələbələrə, xüsusilə də soydaşlarımız olan azərbaycanlı tələbələrə ən yüksək səviyyədə aviasiya sahəsi ilə bağlı ixtisaslara yiyələnməyə tam təminat veririk. Hazırda artıq dünyanın dörd bir yanından gələn 400 nəfərə qədər tələbəmiz var. Bundan başqa, Azərbaycan-Türkiyə qardaşlığının, strateji əməkdaşlığının daha da gücləndirilməsi yönündə uğurlu siyasətinə və prinsipiallığına görə hörmətli Prezident İlham Əliyev də bizim universitetin Fəxri Doktoru adına layiq görülüb. Onu da qeyd edim ki, universitetimiz Azərbaycana çox həssaslıqla yanaşır. Bu ilin fevralında Xocalı soyqırımının möhtəşəm bir şəkildə Türkiyədə qeyd edilməsində universitetimizin təşkilatçılığını qeyd etmək istərdim. Bu aksiyada, onun çərçivəsində keçirilmiş konfransda Azərbaycan dövlət rəsmiləri ilə yanaşı, Türkiyənin dövlət rəsmiləri və millət vəkilləri də iştirak etdilər. Bununla bağlı olaraq Türkiyənin “TRT Avaz” telekanalı canlı yayım etdi. Bu, bir daha onu göstərir ki, universitetimiz Türkiyə-Azərbaycan qardaşlığına, strateji müttəfiqliyinə, bütün sahələrdə birgə çıxış etməyə ən səmimi şəkildə həmişə töhfəsini verməyə hazırdır.

“İnsanlarınız çox mədənidir. Bundan başqa, gördüyüm insanların 80 faizə qədəri gənclərdir. Şəhəriniz çox təmizdir. Sizdəki parklar, abadlıq, səliqəlilik çox xoşuma gəldi. Türkiyədə, İstanbulda bu cür parklar və bulvar yoxdur. Sizdə çox sürətli və geniş miqyaslı tikinti işləri və şəhərsalma prosesi gedir”

Beləliklə, yüksək səviyyədə aviasiya ixtisaslarına yiyələnmək üçün istənilən tələbləri qarşılamaq üçün azərbaycanlı tələbələri də məmnuniyyətlə gözləyirik. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycandan tələbələri onların burada göstərdikləri təhsil nəticələri və göstəricilərinə əsasən qəbul edəcəyik. Həmçinin ingiliscəsi zəif olanlar üçün bir il ayrıca xarici dil kursu fəaliyyətə başlayacaq. Çünki tədrisin dili ingiliscə olacaq. Həmçinin bizim diplomlarımızı ən yüksək səviyyəli beynəlxalq təhsil qurumları və şirkətlər tanıyır. Məzunlarımız mütəxəssis olaraq bütün ölkələrdə işçi kimi qəbul ediləcək. Onu da deyim ki, təhsilimiz ödənişlidir. Özəl universitet sayılır. Amma azərbaycanlı tələbələr üçün endirim və güzəştlər nəzərdə tutulub. Həmçinin xaricdən gələn tələbələrimiz öz mühitlərindən fərqli bir mühitdə oxumayacaqlar. Yəni biz onları toplu halda yerləşdirib öz mədəniyyət və adətlərini təqdim etmələri, ölkələrinin xüsusiyyətlərini digərlərinə göstərmələri üçün xüsusi şərait yaradacağıq.
- Sözügedən sahə ilə bağlı Azərbaycanın hansı qurumları ilə əməkdaşlıq etməyi planlaşdırırsınız?
- Hazırda Kaspi Təhsil Mərkəzi, Milli Aviasiya Akademiyası ilə bu barədə danışıqlar aparırıq. Sertifikat kursları, proqramları və qısa və uzun müddətli kurslar təşkil etməyi planlaşdırırıq. Azərbaycanda bu sahədə təhsillə bağlı bütün planlarımızı sürətli bir şəkildə və tez bir zamanda reallaşdırmağa çalışacağıq. İki illik peşə məktəbi açmağı da düşünürük. Bunu Kaspi Təhsil Mərkəzi ilə və ya özümüz ayrıca açmağı düşünürük. Bunu universitetimizin Bakı kampusu şəklində reallaşdıra bilərik. Onu da deyim ki, Türk Hava Qurumunun bu yaxınlarda Azərbaycanda təmsilçiliyi fəaliyyətə başlayacaq. Qurumun hazırkı təmsilçisi Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramovdur. Bu qurumu, məlum olduğu kimi, Atatürk yaradıb. Bu qurum Atatürkün yaratdığı mükəmməl və zamanın tələbinə uyğun sürətlə inkişaf edən qurumlardan biridir.
- Siz ən çox Azərbaycanda universitetinizin kampusunun açılmasına, yoxsa buradan tələbə aparmağa çalışırsınız?
- Biz özəl universitetik. Bu baxımdan çalışmamızın maliyyə, infrastruktur əsasları olmalıdır. Bunları formalaşdırmaq və təmin etmək lazımdır. Bu baxımdan öncə Türkiyədə artıq bu baxımdan tam təminatlı olan universitetimizə tələbə almaq daha birinci olaraq reallaşmalıdır. Bundan sonra isə Azərbaycanda da təhsil verməyimiz üçün burada lazımi şərait və imkanları yaratmağı düşünürük. Yəni Azərbaycanda da bir fakültəmizin olması bizi artıqlaması ilə məmnun edəcək.
- Bakını gördünüz. Sizə necə təsir bağışladı?
- Bakı çox gözəl və sürətlə yeniləşən şəhərdir. Diqqətimi çəkən bir çox şeylər rahatlıq verir. Məsələn, insanlarınız çox mədənidir. Hər kəs səssiz, öz iş-gücündədir. Bundan başqa, gördüyüm insanların 80 faizə qədəri gənclərdir. Ən çox 30-35 yaşında insanlarla rastlaşdım. Şəhəriniz çox təmizdir. Sizdəki parklar, abadlıq, səliqəlilik çox xoşuma gəldi. Türkiyədə, İstanbulda bu cür parklar və bulvar yoxdur. Bakının üç tərəfi dənizlərlə çevrələnib. Sizdə çox sürətli və geniş miqyaslı tikinti işləri və şəhərsalma prosesi gedir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info