Elcan Aşurov: “Məqsədim beynimdəki layihə ilə texnologiyanı birləşdirməkdir”
Tarix: 27.05.2019 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


9-cu sinif şagirdi: “Mənim ən çox marağım olan sahə kompüter mühəndisliyidir. İstəyirəm ki, kompüter mühəndisliyi ilə öz layihəmi birləşdirib daha böyük bir iş görüm”


Bu gün ölkədə gənclərin təhsil alması üçün hər bir şərait yaradılıb. Yeni binalar, kompüterlərlə təchiz edilmiş məktəblərdə təhsil alan şagirdlərimiz yüksək ballarla ali məktəblərə qəbul olurlar. Dərslərində müvəffəqiyyət qazanan məktəblilər bu gün beynəlxalq yarışlarda öz layihələri ilə çıxış edirlər. Belə gənclərimizdən biri olan Elcan Aşurov hazırda 9-cu sinifdə təhsil almağına baxmayaraq, xaricdə kompüter texnologiyası üzrə təhsil almaqla yanaşı, yeni layihə ilə çıxış edəcəyini deyir:
- Mən 2003-cü ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuşam. 2010-cu ildə elə həmin kənddə Q. Allahverdiyev adına 1 saylı tam orta məktəbdə təhsil almağa başladım. Sonra biz Rusiyada yaşamağa başlasaq da, yenidən Şəmkirə geri döndük və mən 5-ci sinfə qədər yenə həmin məktəbdə oxumağa davam etdim. Daha sonra biz Bakıya köçdük və burada S.Hacıyev adına 5 saylı tam orta məktəbdə 7-ci sinfə qədər təhsil alsam da, bir qədər keçdikdən sonra Nərimanov rayonunda yaşamağa başladıq. Burada mən 178 saylı orta məktəbdə oxumağa başladım və hazırda 9 a sinfində təhsil alıram. Bu məktəb mənim həyatımda çox böyük əhəmiyyət daşıyır. Çünki bu məktəb özümü kəşf etdiyim il, mənə böyük fürsətlərin yaradıldığı bir yerdir. Bu məktəb mənim sanki həyata atılmağımda, hər şeyi dərk etməyimdə mühüm rol oynadı. Təbii ki, bunların hamısı bizim müəllimlərimiz sayəsində oldu. Xüsusilə də Azərbaycan dili müəlliməm Natəvan Əbilovanın mənə daha çox köməyi oldu. O zamanlar çox fikirlərim var idi, nəsə yaratmaq istəyirdim. Uşaqlıqdan bir məqsədim var idi ki, Elcan Aşurov adı dünyada necə məşhur ola bilər. Bir çox fikirlərim var idi və onlardan biri də “Yerdəki ulduzlar” layihəsi idi. Uşaq olduğum üçün həmişə uşaqlarla bağlı plan hazırlamaq istəmişəm. Düşünürdüm ki, göydə ulduz var və o parıldayan işıqdır, uşaqlar isə yerdə parlayan işıqdır. Mən də layihəmin adını “Yerdəki ulduzlar” qoydum. Layihəmin məqsədinə gəldikdə isə kimsəsiz uşaq evlərindən çıxan uşaqlar həyata atılan zaman özlərini həyatda tapana qədər hər hansı maddi vəsaitlə, işlə təmin etmək kimi bir çox işlər görmək istəyirəm. Niyə məhz kimsəsiz uşaqlar? 2018-ci ildə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin səhifəsində uşaqlar gördüm. Mənim hər zaman kimsəsiz uşaqlara böyük diqqətim olub. Mən Birliyin sədrinə yazdım ki, könüllü olaraq ibtidai sinifdəki uşaqlara riyaziyyatdan kömək etmək istəyirəm. O, bu fikirdən məmnun olduğunu bildirdi ki, ilk məktəbli kimi orada uşaqlara təhsil verəcəkdim. Mən orada işləməyə başladım və gördüm ki, ailəsi tərəfindən atılan uşaqlar var, onlar bu gün düşünürlər ki, uşaq evləri, sığınacaqların rəhbərləri onların arxasındadır. İstədim onlar həyata atıldıqdan sonra bu layihə ilə onlara kömək edək. Mən istəyirdim ki, bu layihə bütün dünyada tanınsın və inşallah bu məqsədimə nail olaram. Çünki məktəbimizin rəhbəri, müəllimlərim mənə çox böyük qayğı göstərirlər və fikirlərimlə maraqlanırlar. Eyni zamanda mən məktəbimizin dərnəyində aktyor kimi fəaliyyət göstərirəm. Müxtəlif ictimai tədbirlərdə yer tuturam. Aktyorluq elə bir aləmdir ki, bir həyat və bir də insanın şüuraltında olan həyat var. Aktyor kimi kiminsə həyatını, obrazını oynayırsan. İlk dəfə oynadığım obraz da kimsəsiz uşaq rolu olub. Həqiqətən də bu rolu oynayanda gördüm ki, kimsəsiz uşaq həyatda nələr çəkib. Elə buna görə də kimsəsiz uşaqlara yardım etmək istədim. Mən öncə istədim sığınacaq açım və sonra düşündüm ki, bununla mən o qədər insanlara kömək edə bilmərəm. Bir gün mən televiziya verilişində bir ingilis qadın gördüm və o həyatın keşməkeşlərinə rəğmən çox işlər görüb, insanlara kömək edib. Ancaq insanları bu layihə ətrafında birləşdirərək həmin işləri görüb. Mən də artıq böyük bir layihəni yaratmaq, uşaqlara kömək etmək istəyirəm.

- Təhsilini hansı ixtisas üzrə davam etdirmək istəyirsən?

- Mən məktəbdə oxumağa başladığım ilk sinifdə məktəb birincisi olmuşam, ən sevdiyim fənn riyaziyyatdır. Çünki həyat riyaziyyat, hesablama üzərində qurulub. Mən 6-cı sinifdə oxuyarkən “Nəsimi” adlı bir yarışmaya qatıldım. Orada mən 1-ci yerə çıxdım və nailiyyətlərimi getdikcə artırdım. Qiymətlərim yaxşıdır, çalışıram ki, biliyimi daha da artırıb insanlara daha çox kömək edə bilim. Mənim ən çox marağım olan sahə isə kompüter mühəndisliyidir. İstəyirəm ki, kompüter mühəndisliyi ilə öz layihəmi birləşdirib daha böyük bir iş görüm. Yəni indi texnologiya, informasiya dövrüdür və məqsədim də onu beynimdəki layihə ilə texnologiyanı birləşdirməkdir. Buna görə də mən kompüter mühəndisliyini seçirəm. Ölkəmizdə mənim fikrimcə, kompüter sahəsi ADA universitetində daha yaxşı tədris edilir və mən də bu universiteti seçirəm.

- Bu yaxınlarda Yasin Quliyev adlı gənc bir neçə xarici ölkə universitetlərində oxumaq imkanı qazanıb və Sabancı Universitetinin “Kompüter mühəndisliyi” ixtisasına qəbul olub. Onun kimi istedadlı gənclərlə fikirlərinizdə ilə uyğunluğunuz varmı?

- İstəmirəm kiminsə yolunu gedim. O qədər də oxşarlıq olduğunu düşünmürəm. Mənim layihəm dünyada kifayət qədər tanınacaq bir layihədir. Çox az sayda buna oxşar işlər görülür. Düşünürəm ki, mən kompüteri bildikdən sonra bu layihənin üzərində hər hansı proqramın hazırlanması ilə məşğul olum. Dövr informasiya texnologiyası dövrüdürsə artıq insanlar bu proqram vasitəsilə bilər ki, onların həyatına davam etməsinə dəstək olacaq bir yer var və oraya müraciət edə bilərlər.

- Bu gün bir məktəbli gənc kimi təhsilin səviyyəsini necə qiymətləndirirsən? Sənin ən çox sevdiyin fənn riyaziyyatdır. Hazırda bu fənnin tədris səviyyəsi səni qane edirmi?

- Mən hazırda kurikulum sistemində təhsil alıram. Amma mənim valideynlərim sovet sistemində təhsil alıblar. Sovet sistemi ciddi bir rejim idi. Uşaq o ciddiliyə görə beynindəki fikirləri kiminləsə bölüşməyə, təzyiqdən qorxurdu, düşünürdü ki, kimsə tərəfindən bəyənilə bilər, yaxud bəyənilməz. Ancaq bu gün biz demokratik bir ölkədə yaşayırıq. Eyni zamanda bizim təhsil sistemimiz kurikulum, yəni uşaq fikirlərinin müstəqilliyidir. Mənim bu sistemdə təhsil almağım çox böyük üstünlük verdi ki, Elcan Aşurov öz fikirlərini ətrafı ilə bölüşə bilsin və ətrafından da yeni fikir alaraq bu layihəni daha da böyütsün.
Hazırda riyaziyyat fənninin tədrisi məni qane etmir. İstərdim ki, daha çox şey öyrənim. Dərsliklərimizdə daha geniş məlumat verilsin. Məsələn, riyaziyyat alimləri haqqında, onların bu sahə ilə bağlı elmi axtarışları öz əksini tapsın. Yalnız hazır düsturlar deyil, onun üsullarını da bilmək istərdim.

- İndi şagirdlərin məktəbdən əlavə hazırlığa getməsi nə dərəcədə əhəmiyyətlidir?

- Təbii ki, dərs 45 dəqiqədirsə, gündə də bir dərs, həftədə də 5 dəfə keçilirsə, uşaq bu müddət ərzində bütün suallarını müəllimlə bölüşə bilməz. Məsələn, mən kompüterdən də öyrənmək istəsəm, ordan da dəqiq məlumat əldə edə bilməyəcəm. Buna görə də biz əlavə dərslərə gedirik və bir gündə 2 saat ərzində daha çox öyrənə bilirik. Müəllimlə daha çox sual-cavab edə bilirik.

- Bu gün müxtəlif xarici ölkələrdə təhsil alan gənclərimiz çoxdur. Sən xaricdə təhsil almaq üçün niyə məhz Almaniyaya üstünlük verirsən?

- Bütün dünya qəbul edib ki, almanların beyin quruluşu fərqlidir. Onlar fərqli düşüncəyə malikdir. Almanlar Azərbaycana yad olmayan millətdir. Almanlar ölkəmizə, Şəmkir və Göygöl ərazisinə köçürülüblər. Mən bu tarixi, almanlarla bağlı bu məlumatı öyrəndikdən sonra onların necə dəqiq, ağıllı bir millət olduğunu gördüm. Düşündüm ki, belə bir millətin ağıllı fikirləri olar. Məsələn, Çini götürsək onlar kağızı, yaxud ipəyi icad etdilər və onu dünyaya 100 il sonra ötürdülər. Almanlar da belədir, nəyisə öyrənirlər, onu dünyayla bölüşmürlər. Bu elmi xəsislik sayılır. Onlar istəyir ki, bu tək almanlara məxsus olsun. Mən buna görə istəyirəm gedim Almaniyada təhsil alım və almanların elmlər haqqında olan düşüncələrini öyrənim. Ancaq mən ölkəmdən kənarda maksimum 2 il yaşaya bilərəm. Mənim ailəm burada yaşayır və magistratura dövründə orada yaşaya bilərəm.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.06.2019
“Ambassador’s wife can positively affect the image of her country with her actions including those that are related to their personal life”
03.06.2019
Azərbaycan sevgisini kətana köçürən ukraynalı rəssam
03.06.2019
Украинский художник, который перевел азербайджанскую любовь на холст
01.06.2019
Bu gündən Azərbaycanda ov mövsümü açıq elan edilir
31.05.2019
Fabreqas azərbaycanlı bərbəri Fransaya dəvət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info