Naxçıvan Muxtar Respublikasında dövlət miqrasiya siyasəti uğurla reallaşdırılır
Tarix: 31.05.2019 | Saat: 13:02:00 | E-mail | Çapa göndər



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 31 may tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb.
Ötən 9 il ərzində Dövlət Miqrasiya Xidməti sürətli inkişaf yolu keçərək Naxçıvan Muxtar Respublikasında beynəlxalq standartlara uyğun miqrasiya xidməti formalaşdırıb. Naxçıvanın iqtisadi-siyasi, sosial-mədəni inkişafı miqrasiya proseslərinə də təsirsiz ötüşmür. Naxçıvan əcnəbilər üçün cəlbedici diyara çevrilib. Muxtar respublikada bu istiqamətdə atılan hər bir uğurlu addım bura gələn əcnəbilərin rahatlığına hesablanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qeyd etdiyi kimi: “Qanuni əsaslarla ölkəyə gələn hər bir əcnəbi nəzərdə tutulmuş bütün hüquq və azadlıqlardan istifadə etməlidir. Bunun üçün hər cür şərait yaradılmış və hüquqi baza formalaşdırılmışdır”.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikaya daxil olduqları anda ilk ünsiyyət saxladıqları dövlət orqanlarından biri Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətidir. Xidmət əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi və iş icazələrinin müddətlərinin uzadılması, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələlərini uğurla reallaşdırır.

Miqrasiya proseslərinə dövlət nəzarəti gücləndirilib

“2016-2020-cı illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən əcnəbilərin muxtar respublikada əmək fəaliyyəti ilə məşğul olması diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikada fəaliyyət göstərən əməkçi miqrantların iş icazəsinə malik olmalarının araşdırılması, onların əmək fəaliyyətlərinin qanuniliyinə nəzarət edilməsi Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətləri sırasındadır. Əməkçi miqrantların muxtar respublika ərazisində qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb edilməsinin qarşısının alınması məqsədilə keçirilən görüşlərdə işəgötürənlərlə maarifləndirici söhbətlər aparılır. Ötən ay “Sahibkarlıq subyektlərinə əcnəbi işçilərin cəlb edilməsi və kadr hazırlığı” mövzusunda tədbirin keçirilməsi muxtar respublikada əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə göstərilən diqqətin nümunəsidir.
“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətində görülən işlər çərçivəsində muxtar respublikamızda turizmin inkişafı üçün sərhəd-keçid prosedurları sadələşdirilib və sürətləndirilib.
Naxçıvan Muxtar Respublikası mühüm nəqliyyat dəhlizlərinin kəsişdiyi mövqedə yerləşdiyindən burada çoxsaylı tranzit miqrantların hərəkəti müşahidə edilir. Dövlət Miqrasiya Xidmətinin qarşısında duran vəzifələrdən biri də bu miqrantların ölkə ərazisində məskunlaşmalarının və qanunsuz olaraq muxtar respublika ərazisindən tranzit keçid kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Muxtar respublikanın ölkə xaricinə giriş-çıxış qapıları sayılan Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanındakı sərhəd-buraxılış məntəqələrində qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarətin daha keyfiyyətli şəkildə həyata keçirilməsinə başlanıb. Bundan əlavə, sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində elektron məlumat köşkləri yerləşdirilib. Bu köşklər vasitəsilə miqrasiya sahəsi üzrə müxtəlif məlumatlar 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yazılı və səsli formada vətəndaşlara çatdırılır.

Muxtar respublikada əcnəbilərin qeydiyyata alınması proseduru sadələşdirilib

Muxtar respublikaya gələn hər bir xarici ölkə vətəndaşına Azərbaycan qonaqpərvərliyini göstərmək, onlara hərtərəfli yardım etmək milli dəyərlərimizin göstəricisi olmaqla yanaşı, həm də Dövlət Miqrasiya Xidməti sahəsində çalışan hər bir əməkdaşın vəzifə borcudur. Çünki Naxçıvana gələn hər bir turist, eyni zamanda, ölkəmiz haqqında informasiya ixrac edən xoşməramlı qonaqdır. İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd-keçid rejiminin sadələşdirilməsi, Naxçıvan Beynəlxalq Hava Limanından xarici reyslərin təşkili, eləcə də Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarının fəaliyyətinin təşkili muxtar respublikamıza turizm məqsədilə gələnlərin sayının artmasında mühüm rol oynayıb. Bu səbəbdən də sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində, Naxçıvan və Culfa sərnişin vağzalı binalarında miqrasiya xidmətlərinin həyata keçirilməsi üçün tədbirlər görülüb. Belə ki, ölkəyə daxil olan əcnəbilərin qeydiyyata alınması proseduru sadələşdirilib, xarici ölkə vətəndaşlarına göstərilən miqrasiya xidmətləri ilə bağlı məlumatlar 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) broşür şəklində hazırlanaraq Naxçıvan və Culfa sərnişin vağzalı binalarında yerləşdirilib. Görülən bütün işlər muxtar respublikaya gələn əcnəbilərin rahatlığına hesablanıb.

Elektron informasiya resursları formalaşdırılıb

Ötən 9 ildə qurumun maddi-texniki bazası və infrastrukturu inkişaf etdirilib, fəaliyyətinin genişləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib, elektron informasiya resursları formalaşdırılıb. Artıq dizayn baxımından müasirləşdirilən və üç dildə istifadəyə verilən xidmətin rəsmi internet səhifəsinin fəaliyyət göstərməsi dünyanın müxtəlif yerlərindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət etmə imkanı yaradır və miqrasiya sahəsi üzrə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında böyük rol oynayır. Həmçinin vətəndaşların müraciət etmək hüququnun təmin edilməsi məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin “202 - Miqrasiya Məlumat Mərkəzi”nin fəaliyyəti miqrasiya sahəsi üzrə müraciətlərin cavablandırılmasında mühüm rol oynayır.
Xidmət tərəfindən əcnəbilərin maarifləndirilməsinə, eləcə də muxtar respublikamızın tarixi, mədəniyyəti ilə bağlı məlumatlar əldə etmələrinə də daim diqqət göstərilir. Belə ki, mütəmadi olaraq muxtar respublikada müvəqqəti olan və yaşayan, əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin iştirakı ilə Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin öyrənilməsi üçün, həmçinin onların hüquq və vəzifələri ilə bağlı müxtəlif maarifləndirmə tədbirləri keçirilir, tarixi abidələrə və muzeylərə ekskursiyalar təşkil olunur.

Əməkdaşların dil bilikləri artırılır

Xidmətin daha bir yeniliyi isə inzibati binada müasir sistem - dil laboratoriyasının yaradılmasıdır. Ölkələrdə çoxsaylı istifadəçiyə malik olan bu sistem artıq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində də yaradılır. Xarici dillər üzrə fəaliyyət göstərəcək dil laboratoriyası xidmət əməkdaşlarının dil biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq məqsədi daşıyır. Xidmət əməkdaşlarının müxtəlif dil biliklərinin artırılması əcnəbilərə göstərilən keyfiyyətli xidmətin növbəti göstəricisi və nümunəsi olacaqdır.

Qanunsuz Miqrantların Saxlanılması Mərkəzi beynəlxalq standartlara uyğundur

Bu gün muxtar respublikada insan hüquq və azadlıqlarına daim diqqətlə yanaşılır. Buna sübut olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyətini göstərmək olar. Beynəlxalq standartlara uyğun olan mərkəzdə könüllü və məcburi saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hər cür şərait yaradılıb. Bu da insan amilinə verilən dəyərin nümunəsidir.
Yaradılmasından qısa müddət keçməsinə baxmayaraq, mərkəzi icra hakimiyyəti orqanı kimi hər zaman dövlətə, dövlətçilik ənənələrinə sadiq olan muxtar respublikanın Dövlət Miqrasiya Xidməti qarşısına qoyulmuş vəzifələri vaxtında və uğurla yerinə yetirməkdədir. Hər bir miqrasiya orqanı əməkdaşı ona tapşırılan işin məsuliyyətini dərindən dərk edərək öz xidmətinə nizam-intizamla, diqqətlə yanaşır, üzərinə düşən xidməti vəzifələrini həyata keçirmək üçün bütün qüvvə və bacarıqlarını səfərbər edir.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Bakıda tramvay və trolleybusların bərpası ilə bağlı müzakirələrə başlandı
16.10.2019
Masallıda məktəb rəhbərlərinin iştirakı ilə növbəti şura iclası
16.10.2019
Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlərə 7 milyon manat ayrılıb
16.10.2019
Masallıda “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin yürüşü və marafon qaçışı üzrə rayon birinciliyi keçirilib
16.10.2019
“QARABAĞ AZƏRBAYCANDIR!“: MASALLIDA TƏDBİR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info