Andjey Duda: Mühüm strateji mövqeyə malik Azərbaycan Polşa ilə birgə işləyərək Avropaya yeni bir pəncərə aça bilər
Tarix: 31.05.2019 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Mühüm strateji mövqeyə malik Azərbaycan Polşa ilə birgə işləyərək Avropaya yeni bir pəncərə aça bilər.
Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında deyib.
Polşa Prezidenti bildirib: "Əvvəlcə mən, cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm. Siz iki il öncə ölkəmizə səfər etdiniz. Həmin vaxtdan etibarən bizim ikitərəfli münasibətlərimiz daha da inkişaf etdi və bu, əslində Sizinlə mənim aramda olan şəxsi münasibətlərin də başlanğıcı oldu. Cənab Prezident, məni Azərbaycana, Bakıya dəvət etdiyinizə görə çox minnətdaram. Mən bu dəvəti məmnunluqla qəbul etdim və bu səfər artıq baş tutur. Cənab Prezident, Sizinlə görüşmək mənim üçün şərəf oldu. On il öncə - hətta həmin vaxtdan da uzun müddətdə Polşanın keçmiş Prezidenti Lex Kaçinski Sizinlə görüşdü. O vaxt o, Sizi özünün yaxın dostu adlandırdı. Həmin vaxtdan etibarən ikitərəfli münasibətlərimiz inanılmaz dərəcədə gücləndi, Polşa ilə Azərbaycan arasındakı münasibətlər daha güclü şəkildə inkişaf etdi. Cənab Prezident, mən Sizin bu münasibətinizi yüksək dəyərləndirirəm.
Bu gün isə mənim səfərim həyata keçirilir. Biz bu gün əməkdaşlığımızın bütün sahələrini nəzərdən keçirdik və Prezident Lex Kaçinskinin faciəvi ölümündən sonra itirilmiş vaxtı aradan qaldıra bildik. Cənab Prezident, biz daha çox səfərlər, təmaslar mübadilə etdik. Bu gün biz razılaşmalara imza atdıq. Biz artıq əməkdaşlığımızın yeni erasına başlayırıq. Bununla biz əldə etdiyimiz razılaşmalara, kənd təsərrüfatı sahəsindəki əməkdaşlığa artıq böyük ümidlər bəsləyə bilərik. Hesab edirəm ki, bununla da Polşa fermerlərinin ixrac imkanları daha da genişlənəcək. Kənd təsərrüfatı sahəsində avadanlıq, həmçinin kimya sənayesi məhsullarının, gübrələrin ixrac edilməsi imkanları genişlənəcək. Bilirəm ki, Azərbaycanda bu sahədə inkişaf gedir. Əslində, qeyd etməliyəm ki, Azərbaycan bizim mühüm ticari tərəfdaşımızdır. Məlumdur ki, 2010-cu ildən sonra bütün dünyanı maliyyə böhranı bürüdü. Buna baxmayaraq, hazırda biz ticari münasibətlərimizin səviyyəsini yenidən artırırıq.
Cənab Prezident, bu, mənim cavab səfərimdir. Hesab edirəm, cənab Prezident, Sizin səfəriniz və mənim səfərim ölkələrimizə iqtisadi münasibətlərin genişləndirilməsi üçün yeni üfüqlər açacaqdır. Biznes forumu təşkil etdiyinizə görə təşəkkürümü bildirirəm, cənab Prezident. Biz bu gün həmin tədbirdə iştirak edəcəyik. Həmin tədbir çərçivəsində azərbaycanlı sahibkarlar polşalı sahibkarlarla görüşəcəklər. Bu da yeni təmasların qurulmasına imkan yaradacaq və nəticədə daha çox müqavilələr imzalanacaq. Bu isə bizim qarşılıqlı iqtisadi mübadilələrimizi artıracaq".
Andjey Duda qeyd edib: "Hörmətli cənab Prezident, hesab edirəm ki, biz yeni imkanlar yaradırıq. Hazırda mən səbirsizliklə gözləyirəm ki, hər iki ölkənin biznes icması görüşsün. Hesab edirəm ki, Sizin ölkənizdəki Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olmalıdır. Sizin ölkəniz artıq bir qovşağa çevrilməkdədir və istərdik ki, Polşa şirkətləri buraya gəlməklə, fəaliyyət göstərməklə bizim mübadilələrimizə böyük töhfə versinlər. Biz Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik. Ümidvarıq ki, Polşa şirkətləri bu imkanlardan yararlanacaq.
Cənab Prezident, biz bu gün enerji sektoru haqqında danışdıq. Biz, həmçinin multimodal daşımalar dəhlizləri haqqında fikir mübadiləsi apardıq. Burada, həmçinin Xəzər dənizi vasitəsilə Qafqaz ölkələrinə, İrana, Ukraynaya, Polşaya, Mərkəzi Asiyaya və Çinə çıxış imkanları müzakirə olundu. Bütün bunlar məhz nəqliyyat sahəsinə aid olan məsələlərdir. Həmçinin bu bağlılıq və iqtisadi münasibətlər daşımalar baxımından olduqca vacibdir ki, biz Avropa İttifaqının bir hissəsi olaraq bu bölgədən istifadə edək. Bununla biz bu prosesləri qarşılıqlı şəkildə genişləndirə biləcəyik. Gələcəkdə neft və qaz sahəsində əməkdaşlığımızı genişləndirmək fikrindəyik. Biz Azərbaycanın ərazisindən istifadə edərək nəqliyyat daşımaları sahəsində də azərbaycanlı həmkarlarımızla birgə işləyəcəyik. Bildiyiniz kimi, Çin genişmiqyaslı “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürmüşdür. Mənə elə gəlir ki, mühüm strateji mövqeyə malik Azərbaycan Polşa ilə birgə işləyərək Avropaya yeni bir pəncərə aça bilər. Fikrimcə, bu, hər ikimiz üçün çox vacibdir ki, biz bu dəhlizin bir hissəsi olaq".

Daha sonra Polşa Prezidenti əlavə edib: "Bu gün, cənab Prezident, Siz ərazi bütövlüyü məsələsinə toxundunuz və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bildirdiniz. Bilirik ki, bu məsələ uzun illərdir həll olunmamış qalır. Hazırda biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük. Biz bəyan etmək istəyirik ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları əsasında həllində hər zaman bizim dəstəyimizə arxalana bilər. Biz bu problemin sülh yolu ilə həll olunmasında Sizə yardım edəcəyik. İstəyirik, arzumuzu bildirək ki, bu, belə də olsun. Biz istərdik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqlar bundan sonra da davam etsin və müsbət nəticələr gətirsin. Beləliklə, bu uzunmüddətli münaqişə öz həllini tapa bilər".
Andjey Duda vurğulayıb: "Həmçinin biz istərdik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında çərçivə sazişinə dair aparılan danışıqlar da tezliklə başa çatdırılsın. Bu, həm Azərbaycan vətəndaşları, həm də Avropa İttifaqı vətəndaşları üçün imkanlar yaradacaq. İstərdik ki, Azərbaycan, həmçinin Dünya Ticarət Təşkilatına üzvlük baxımından da nəticələr əldə etsin. Əslində bu da bizim ikitərəfli iqtisadi münasibətlərimizə müsbət təsir göstərəcək.
Sonuncu vacib bir məqamı, cənab Prezident, bildirmək istəyirəm ki, biz polşalılar tarixən Azərbaycanda olmuşuq. Uzun illər ərzində, - mən bunu xüsusi qeyd etmək istəyirəm, - demək olar ki, yüz ildən də çox əvvəl Polşa memarları Azərbaycanda yaşayıblar, yaradıblar. Bir çox polyaklar, Polşanın ziyalı dairələrinin təmsilçiləri də burada olublar. Burada mən Polşa memarlarını xüsusi qeyd etmək istəyirəm. Bakının özünəməxsus gözəlliyinin yaradılmasında, abidələrinin qurulmasında Polşa memarları mühüm rol oynayıblar. Polşa memarları tərəfindən yaradılan həmin abidələrə bu gün xüsusi qayğı göstərilir. Onlar yeni çalarda öz gözəlliyi ilə bizi cəlb edir.

Cənab Prezident, buna görə mən Sizə təşəkkürümü bildirirəm ki, bu gün biz, həmçinin Bakının mərkəzində Polşa memarlarının adını daşıyan küçəni açacağıq. Küçənin adı da çox böyük rəmzi məna daşıyır. Hesab edirəm ki, obrazlı desək, Polşa memarlarının xatirəsi bir daha əbədiləşdiriləcək.
Hörmətli cənab Prezident, demək istəyirəm ki, bu binaları seyr edərkən bizim qəlbimizdə nostalji fikirlər yaranır. Çünki İkinci Dünya müharibəsi zamanı alman faşistləri bizim şəhərlərimizin tarixi abidələrini dağıtmışdılar. Biz həmin mirası yenidən bərpa etməkdə müəyyən çətinliklərlə üzləşdik. Lakin Bakıda bu abidələr çox yüksək səviyyədə qorunub saxlanmışdır. Mən bunu bu gün böyük fərəh hissi ilə qeyd edirəm. Bu gün Bakıda – Azərbaycanın paytaxtında olarkən, qeyd edirəm ki, Sizin çox qiymətli tarixi mirasınız var. Bu mirasın yaradılmasında Polşa memarları da iştirak ediblər".




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Roger Zavoli: gördüyümüz səhnələr dəhşətlidir, humanizm baxımından qəbuledilməzdir
26.06.2019
Bülənt Akdeniz: Azərbaycan Türkiyə üçün çox önəmli ölkədir
26.06.2019
Güləş üzrə Azərbaycan millisi ikinci ən güclü komandadır
26.06.2019
Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26.06.2019
Azərbaycan çox güclü və nizam-intizamlı bir orduya malikdir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info