“Bəstəkarlar uşaqlara aid mahnılara müraciət etmirlər”
Tarix: 06.08.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Əməkdar artist Nailə Mirməmmədli: “Belə bir fikrim də var ki, Hikmət müəllimlə birgə bəstələdiyimiz uşaq mahnılarını kitab şəklində hazırlayım”

İncəsənət sahəsində musiqi janrına müraciət edən gənclər çoxluq təşkil edir. Bəstəkarlıq sahəsində inkişaf edən gənclərin işləri də göz önündədir. Bəstəkarların mahnı janrında müraciət etdikləri əsərlərin keyfiyyəti bəzən ekran qarşısındakı uşaqlara da təsir edir. Bu gün Azərbaycan musiqi dünyasında uşaq mahnılarına müraciət edən bəstəkarlara çox nadir hallarda rast gəlmək olur. Çünki uşağın formalaşmasında nəinki ədəbi mühit, hətta musiqi də mühüm rol oynayır. Tarixə nəzər salsaq, görərik ki, o zamanlar bir çox görkəmli bəstəkarlar uşaq mahnılarına yaradıcılıqlarında xüsusi diqqət ayırırdılar. Məsələn, musiqisi bəstəkar Qənbər Hüseynlinin, sözləri şair Tofiq Mütəllibovun olan “Cücələrim” mahnısı yarım əsrdən çoxdur ki, cəmiyyətdə böyüyən uşaqların inkişafında mühüm rol oynayıb. Vaxtilə görkəmli bəstəkarlarımızın-Hökümə Nəcəfova, Ağabacı Rzayeva, Oqtay Zülfüqarov, Oqtay Rəcəbovun uşaq mahnılarına müraciət etmələri uşaqların da cəmiyyətdə düzgün formalaşmasında xüsusi əhəmiyyət göstərirdi. Lakin bu gün isə professional, yaxud gənc bəstəkarlar uşaq mahnılarına müraciət etmirlər. Gənc bəstəkarların musiqi potensialı və uşaq mahnılarının yazılması mövzusu ilə bağlı müsahibimiz Əməkdar artist, bəstəkar Nailə Mirməmmədlidir:

-Nailə xanım, bəstəkarlıq sahəsini seçən gənclərin musiqi potensialı hansı səviyyədədir?
-Mən düşünürəm ki, musiqi potensialı onun savadı, yaxud musiqi təhsili almasından xəbər vermir. Əsasən bəstələnən musiqinin yararlı olub-olmaması sözün mövzusu ola bilər. Çünki bu gün bəstələnən musiqilərin bir çoxu musiqi təhsili olmayan insanların istedadından irəli gəlir. Lakin bu gözəl musiqilərin yaranması üçün əlbəttə ki, təhsil, savad vacib amildir. Ancaq indiki zamanda hər bir sahədə olduğu kimi incəsənətə də gənclər arasında çox meyilli olanlar var. Ancaq yenə də bu, o demək deyil ki, biz potensialdan danışmalıyıq. Onun istedadının olub-olmamağını, sənətdə olmasını müzakirə etməliyik. Bu heç də düzgün qərar deyil. Kiminsə Azərbaycan musiqi dünyasında, incəsənət aləmində özünün yeri ola biləcək əsərləri varsa, o qalacaq. Çox gənc bəstəkarlarımız var ki, dahi Üzeyir Hacıbəyovun qoyduğu bəstəkarlıq məktəbinin davamçılarıdır. Həmin istedadlı insanları heç bir media dairələri təbliğ etmir. Cəmiyyətin bəlkə də onlardan xəbəri yoxdur. Ancaq efirə çıxa bilənlər, mediada tez-tez təbliğ olunanlar sənətə kəsmə yolla gələnlərdir. Sənət çətin olmayanı və məsuliyyətsizliyi sevmir. Sənətin özünün xüsusi dövrü, zaman yolu olur. Sənəti sevən insanlar və istedadlı şəxslər bu zaman yolunda zəhmətin dəyərini bilirlər.
- Bəstəkarların uşaq mahnıları mövzusunda əsərlər bəstələməsi bu gün musiqi aləmində necə təbliğ olunur? Onların bu mövzuya müraciətləri hansı səviyyədədir?
- Bu mövzu haqda belə bir iclas keçirildi ki, uşaq musiqilərinin təbliği və yeni bəstələnən uşaq mahnılarının müsabiqəsi hazırlansın. Bəli, müsabiqəyə start verildi. Həmin iclasda mən də iştirak edirdim. Lakin bu müsabiqədə təşkilatçılar bilmirdi ki, mən və Hikmət müəllim neçə illər boyu məktəblərə, uşaq bağçalarına, hətta çadır şəhərciklərinə müxtəlif mövzularda mahnılar bəstələyib hədiyyə etmişik. Bundan incəsənət aləmində heç kəsin xəbəri olmayıb. Belə bir fikrim də var ki, Hikmət müəllimlə mənim bəstələdiyimiz uşaq mahnılarını kitab şəklində hazırlayım. Ancaq təşkil olunacaq bu müsabiqə, yəqin ki, bəstəkarları bir az da həvəsləndirəcək ki, uşaq mahnılarına müraciət edilsin. Çünki artıq bir müddətdir ki, uşaq mahnıları mövzusuna bəstəkarlar müraciət etmirlər. İstər mahnı janrında, istər simfoniya janrında yazan bəstəkarlar olsun, bunların hər birinin uşaq musiqi janrına müraciət etmələrini mən çox vacib hesab edirəm. Çox yaxşı olardı ki, hər bir bəstəkarın yaradıcılığında belə mövzular yer alsın. Ancaq indiki dövrdə çox təəssüflər olsun ki, bəzi bəstəkarlar yaradıcılığını başqa səpkidə inkişaf etdirirlər. Mütləqdir ki, bir bəstəkarın yaradıcılığı çoxşaxəli olsun. Əgər bir bəstəkarın nədənsə umacağı varsa, onda kəmiyyətə görə keyfiyyət də itə bilər. Bəli. Sual edə bilərsiniz, nəyə görə siz ən bahalı bəstəkar sayılırsınız?
Əsas məsələ ondan ibarətdir ki, bahalı mahnı bəzi insanlara yazılır. Məsələn, mənə bir gənc müraciət etmişdi ki, mahnımı oxusun. Mən həmin gəncin musiqi tərzini yoxladıqdan sonra onun mənim mahnı janrıma müraciət etməsini uyğun görmədim. Ona görə mən gəncə yüksək məbləğ təklif etdim. Gənc məndən nəyə görə məbləğin yüksək olduğunu soruşdu. Mən suala çox aydın şəkildə cavab verdim ki, sənin mənə verdiyin məbləğ mənim dərman xərcimdir. Çünki sən efirdə mənim mahnımı ifa etsən, mənim dərhal əsəbdən ürəyim ağrıyar. Ancaq elə müğənnilər var ki, mən mahnımı ona hədiyyə etmişəm.
Əgər bu gün bütünlüklə qazanc dalınca qaçsaq, keyfiyyət itə bilər. Düzdür, hər kəs ailə saxlayır, lakin mənim başqa sənətim yoxdur. Ancaq çox yaxşı olardı ki, Bəstəkarlar İttifaqında bəstəkarlara elə bir qayğı olsun ki, elə bir kömək olsun ki, biz artıq əvvəllər olduğu kimi öz ürəyimizə yatan müğənnilərə mahnılarımızı bağışlayaq. Düzdür, bugünkü günə qədər mahnılar bağışlamışam. Ancaq mən də, Hikmət müəllim də sənətdə qalmaq üçün keyfiyyətə hər zaman diqqət etmişik.
-Bu gün uşaq mahnıları yazılsa, uşaqları hansı yolla bəstələnən mahnılara cəlb edə bilərik?
- Bu, mütləq proqramla olmalıdır. Bu mövzu üzrə elə proqram qurulmalıdır ki, həm musiqi məktəblərində, həm orta məktəblərdə ayrıca dərsliklər hazırlanmalıdır. Məsələn, orta məktəblərdə Əlifba bayramı keçiriləndə Rəna Mirzəyevanın sözlərinə mənim və Hikmət müəllimin Əlifba bayramı mövzusunda səhnələşdirilmiş musiqili mahnılarımız var. Bu haqda mütləq xüsusi dərslik proqramları hazırlamaq, uşaqları bu mövzuda yazılan mahnılara cəlb etmək lazımdır. Mən belə düşünürəm.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info