“2015-ci ildə internet- trafikə girişin 90 faizi mobil telefonlar vasitəsilə həyata keçiriləcək”
Tarix: 06.08.2013 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Məxfi sənədlər təsdiqləyir ki, Böyük Britaniya kəşfiyyatı Müdafiə Nazirliyi ilə birlikdə Silahlı Qüvvələri kiber-silahla təmin
etmək proqramı üzərində işləyir


Amerika kəşfiyyatının keçmiş üzvü Edvard Snoudenin dünya mediasına təqdim etdiyi məxfi sənədlər elektron casusluqla bağlı bir çox faktları üzə çıxardı. Daha doğrusu, günümüzdə həyatımızın ayrılmaz hissəsinə çevrilən internet və mobil telefonların müxtəlif ölkələrin kəşfiyyat orqanları tərəfindən izləndiyi üzə çıxdı. Günümüzün çox hissəsini qarşısında keçirdiyimiz internetdəki bütün əməliyyatlar, elektron əlaqələr, məktublar, video-əlaqələrin hamısı kəşfiyyat orqanları tərəfindən izlənirmiş.
Bu azmış kimi mobil telefonlar da kəşfiyyatın nəzarəti altındadır. Snouden Amerika kəşfiyyatının bütün bu izləmələri xüsusi kompyuter proqramı vasitəsilə həyata keçirdiyini təsdiqləyən sənədləri gün işığına çıxardı. Onun yaydığı sənədlərdən belə məlum oldu ki, təxminən analoji proqram Britaniya kəşfiyyatında da var. Britaniyanın «Guardian» nəşrində çap edilən son məqalələrin birində Snoudenin təqdim etdiyi gizli sənədlərə istinadən Hökumət Əlaqə Mərkəzi (GCHQ) adlı təşkilat haqqında məlumat verilib. Sənədlərdən belə məlum olur ki, həmin bu təşkilat amerikalı həmkarları ilə sıx əlaqədədir və onların da kod adı «Tempora» olan xüsusi proqramları var. «Guardian» yazır ki, GCHQ təşkilatı elektron izləməni həyata keçirərək Amerika kəşfiyyatı ilə informasiya mübadiləsi həyata keçirib. Qeyd edilir ki, bu qrupun illik büdcəsi 1 milyard funt-sterlinqə bərabərdir. Onların təmsilçisi Nazirlər Kabinetinin aparatında təmsil olunur və kibertəhlükəsizliklə bağlı strategiyanın müəyyənləşdirilməsinə cavabdehlik daşıyırlar. Təşkilatın mərkəzi qərargahı paytaxt Londondan 143 km məsafədə olan Çeltenxem şəhərində yerləşir. Qərargahda təxminən 6100 nəfərin çalışdığı qeyd edilir. GCHQ təşkilatının ən kiçik vəzifəli analitikinin maaşı 25 min funt təşkil edir. Qərargahda yüksək səviyyəli riyaziyyatçılar, proqramçılar çalışırlar. GCHQ təşkilatının üzvləri amerikalı həmkarları ilə birlikdə İspaniyada keçirilən mobil texnologiyalar üzrə konqresdə başqa adlar altında iştirak ediblər. «Guardian» yazır: «GCHQ təşkilatının analitiklər komandası sahib olduqları texnoloji imkanlar hesabına insanların həyatına müdaxilə edə bilir. Onlar əllərində olan «Tempora» proqramı vasitəsilə optik kanallar vasitəsilə elektron informasiya axınına nəzarət edir və toplanan informasiyanı 30 gün müddətində saxlaya bilirlər. Təşkilat məlumat trafikində lazım olan informasiyanı toplamaqla məşğul olub və indi də məşğul olmaqda davam edirlər. Amma indi yeni texnoloji avadanlıqlar ortaya çıxdığından təşkilat rəqəmsal informasiya okeanında qiymətli informasiyanı ələ keçirməlidir. Gizli sənədlərdən biri təsdiqləyir ki, son 5 ildə təşkilatın çıxış əldə etdiyi informasiya sayı 700 faiz, işlənən materiallar isə 300 faiz artıb. Gizli sənədlər göstərir ki, Böyük Britaniya hücum kiber potensialı yaradır. Britaniya hökuməti 2010-cu ildə kiber təhülkəsizliklə bağlı məsələlərə 650 milyon funt ayırıb. 2010-cu ildə təşkilatın nəzdində yeni kiber mərkəz Şimali Kornuollda açılıb. Bu mərkəzin əsas işi peyk vasitəsilə əlaqə zamanı ələ keçirilən informasiyaların analizidir. Məxfi sənədlər təsdiqləyir ki, təşkilat Böyük Britaniyanın Müdafiə Nazirliyi ilə birlikdə Silahlı Qüvvələri kiber-silahla təmin etmək proqramı üzərində işləyir. Bu sahədə Britaniyanın əsas rəqibi kimi Çin və Rusiya göstərilir. Təşkilatın hazırladığı 33 səhifəlik hesabatda qeyd edilir ki, Çin bu gün dünyanın telekommunikasiya bazarının ən böyük oyunçularından biridir. Bazarda bu mövqeyin itirilməməsi üçün sənaye casusluğu ilə yanaşı, bu ölkədə istehsal edilən avadanlıqdan kəşfiyyat məqsədilə istifadə edilməsi ilə bağlı ciddi şübhələr var. Təşkilat hesab edir ki, Çinin sənaye casusluğu Amerika texnologiyasına yeganə ciddi təhlükədir. Sənədlərdə qeyd edilir ki, Rusiyada da internet-infrastruktur formalaşdırılır, çətin, müasir və uğurlu kiber proqramların yaradılması həyata keçirilir. Həmin proqramları Britaniya şəbəkələri üçün ciddi təhlükə mənbəyidir. Britaniyanın kommunikasiya şəbəkəsi Rusiyanın potensial hədəfidir. Kiber-müharibə bu təşkilatın qarşısında dayanan əsas prioritetlərdən biri sayılır. Təşkilat smartfonların sayının artmasından və internet provayderlərin şəxsi həyatın toxunulmazlığı ilə bağlı internetdə şifrələmənin sayını artırmasından narahatdır. Təşkilatın 2012-ci ildə hazırladığı sənəddə qeyd edilir ki, müasir mobil avadanlıqlara xüsusi diqqət edilməlidir. Onların rəyinə görə, 2015-ci ildə internet-trafikə girişin 90 faizi mobil telefonlar vasitəsilə həyata keçiriləcək. Təşkilat hesab edir ki, hazırda dünyada 100 milyon smartfon istifadəçisi var və bu say artmaqda davam edir. Ona görə də bu sahə ilə bağlı ayrıca struktur formalaşdırılmalıdır. Onlar təkcə SMS məlumat və səslərin tutulmasını deyil, mobil telefonun yerini də müəyyənləşdirməlidirlər. Təşkilatın analitikləri mobil telefonlar vasitəsilə əlaqəyə nəzarət edə bilirlər. Bunun nə dərəcədə qanuni olduğu bəlli deyil». Qəzetin təqdim etdiyi yazıda bildirilir ki, Britaniya kəşfiyyatı bu sahədə Amerika Milli Kəşfiyyat İdarəsi ilə sıx əlaqədə işləyib və onlardan maliyyə asılılığı var. Snoudenin təqdim etdiyi sənədlər təsdiqləyir ki, GCHQ hər il amerikalı həmkarlarından bir neçə milyon dollar alır. Bunun əvəzində amerikalılar GCHQ-nin bütün informasiyalarına çıxış imkanına sahibdirlər. Sənədlər göstərir ki, 2011-ci ildə təşkilat topladığı informasiyaların 36 faizini amerikalılara «xam» şəkildə təqdim edib. GCHQ-nin xidmətlərindən biri də ondan ibarətdir ki, onlar amerikalıların arzu olunmadıqları yerlərdə onları əvəz edirlər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info