Bakı metrosunda iki yeni güclü ventilyator istismara verilib
Tarix: 04.06.2019 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


"Bakı Metropoliteni" QSC stansiya və tunellərdə köhnə ventilyasiya avadanlıqlarının yeniləri ilə əvəzlənməsi məqsədilə 2019-cu il üçün nəzərdə tutulmuş ilk əhəmiyyətli tədbirini həyata keçirib. Rusiyanın “Ventprom” maşınqayırma zavodunda istehsal olunaraq Bakıya gətirilmiş 7 yeni güclü ventilyatordan ikisi “Qara Qarayev” və “Yaşıl xətt”in “Memar Əcəmi” stansiyalarında istismara verilib. Bu barədə iyunun 4-də jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev məlumat verib.
O bildirib ki, son illərdə Bakı Metropolitenində müasir sistemlərin tətbiqi geniş vüsət alıb. Metropolitenin sosial əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, sərnişin təhlükəsizliyi və rahatlığının daha da yüksək standartlar səviyyəsinə çatdırılması məqsədilə əhəmiyyətli yeniliklər edilir. 2019-cu ildə də bu istiqamətdə mühüm addımlar atılır. Ölkə başçısının tapşırığına uyğun olaraq, ehtiyat elektrik təchizatı mənbələrinin yaradılması, vaqon parkının yenilənməsi, yeni və mövcud xətlərdə qatarların hərəkətinin təşkili və tənzimlənməsində müasir avadanlıqların, sistemlərin tətbiqi xüsusi qeyd oluna bilər. Stansiya və tunellərdə süni havalandırmanın təşkilində xüsusi rol oynayan ventilyasiya qurğularının yeni nəsil avadanlıqlarla əvəzlənməsi də diqqət çəkən yeniləşmə nümunələridir.
N.Abdullayevin sözlərinə görə, ümumilikdə Bakı Metropoliteninin stansiya və tunellərindəki istismar müddəti başa çatmış ventilyasiya sisteminin daha məhsuldar və səmərəli avadanlıqlarla əvəz edilməsi məqsədilə ötən il dünyanın aparıcı şirkətlərinin istehsalı olan məhsullarının monitorinqi aparılıb. Yekun nəticə kimi, metropolitenin bütün tələblərinə uyğun gələn ən optimal variant - Rusiyanın “Artyomovsk” şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodunun məhsulları seçilərək müqavilə imzalanıb.
Xidmət rəisi əlavə edib ki, istehsal prosesindən sonra güclü ventilyatorların zavod şəraitində sınağı keçirilib. Qurğuların bütün texniki parametrlərinin, idarəetmə lövhələrinin, nəzarət-məlumat vericilərinin “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqlarına uyğunluğu yoxlanılıb. Yeni ventilyatorun iş rejimini axından sovurmaya və əksinə, 20 saniyə ərzində dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından əhəmiyyət kəsb edir. Hava axınının daha səmərəli və məhsuldar yayılmasına, həmçinin platforma səviyyəsinə birbaşa yönəlməsi məqsədilə quraşdırma zamanı hər bir detala, hətta ventilyatorların döşəmə səviyyəsindən hündürlüyünə də xüsusi diqqət yetirilib.
N.Abdullayev, həmçinin "Bakı Metropoliteni” QSC-nin texniki tapşırığına əsasən, ventilyatorun idarəetmə sistemlərinin istehsalçı müəssisə tərəfindən “Siemens” və “Schneider” şirkətlərinin avadanlıqları üzərində qurulduğunu vurğulayıb. Eyni zamanda, relelər, avtomat açarlar və digər cihazları normal temperatur rejimində saxlamaq üçün idarəetmə paneli ventilyatorla və avtomatik yanğınsöndürmə vasitəsi ilə təchiz edilib. Yeni ventilyatorların səsi normadan aşağı olsa da, sərnişin rahatlığı baxımından müasir səsboğucularla da təmin olunacaq. Yeni səsboğucular daha effektiv və istismar üçün daha əlverişlidir. Diqqətə çatdırılıb ki, “Qara Qarayev” və “Memar Əcəmi” stansiyalarında quraşdırılmış “VOM 24R” tipli ventilyatorların elektrik mühərrikinin gücü 75 kVt-dur. Məhsuldarlığı, texniki göstəriciləri Bakı Metropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Ən əsası, yeni ventilyatorlar istismardan çıxarılmış avadanlıqlarla müqayisədə tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq. Belə ki, əvvəlki avadanlıqlar, ən yaxşı halda, 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yenilərinin havalandırma imkanı 70 m3/saniyədir. Həmçinin yeni ventilyatorların faydalı iş əmsalı, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının ən yüksək tələblərinə cavab verir. Mart ayından yeni ventilyatorun quraşdırılması məqsədilə “Qara Qarayev” stansiyası şaxtasında hazırlıq tədbirləri yerinə yetirilib. Köhnə ventilyator sökülərək yenisinin quraşdırılması üçün texniki tələblərə uyğun özül hazırlanıb. Görülən işlər çərçivəsində yeni dəmir-beton döşəmə oturacaq düzəldilib, daha sonra ventilyator quraşdırılıb, elektrik xətləri tamamilə yenilənib, idarəetmə dolabları qoyulub, texniki sazlama və qoşulma işləri aparılıb. Quraşdırmanın mühüm yeniliklərindən biri fiberoptik kabellərdən istifadə olunmasıdır. Hazırda metropolitendə bununla bağlı mühüm işlər aparılır. Ventilyasiya sahəsində optik kabelləşmə informasiyanın daha etibarlı, səmərəli, dəqiq ötürülməsi, idarəetmənin daha keyfiyyətli və səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir. Yeniliklərdən biri kimi, ventilyatorların fəaliyyətini qiymətləndirməyə, həmçinin ətraf mühitin, mikroiqlim şəraitinin fərqli parametrlər üzrə öyrənilməsinə xidmət göstərəcək ölçü cihazının quraşdırılmasıdır. Bu isə əyani müşahidələr aparmağa kömək edəcək.
Qeyd olunub ki, may ayının ikinci ongünlüyündən istehsalçı şirkətin mütəxəssislərinin iştirakı ilə avadanlığın quraşdırılması, mərkəzi və yerli idarəetmə sistemlərinin qoşularaq sazlanması və digər texniki parametrlərin yoxlanılması, həmçinin sınaqları aparılıb. Yeni qurğular ventilyatorların müvafiq iş qrafikinə uyğun işə salınıb. Ventilyatorların imkanları nəzərə alınaraq, qrafikdə müvafiq dəyişikliklər edilib.
Vurğulanıb ki, “Qara Qarayev” və “Memar Əcəmi” stansiyalarında eyni parametrli daha iki havalandırma qurğusunun quraşdırılması məqsədilə hazırlıq işlərinə başlanılıb. Digər 3 ventilyator “Nizami” və "Nəriman Nərimanov-Ulduz" stansiya və mənzil tunellərində quraşdırılacaq. “VOM 20” tipli bu qurğuların elektrik mühərrikinin gücü 55 kVt-dır. Onu da nəzərə çatdıraq ki, bu, metropolitenin stansiya və tunellərinin ventilyasiya sistemi ilə bağlı 2019-cu il ərzində həyata keçirəcəyi yeganə tədbir deyil. “Bakı Metropoliteni” QSC stansiya və tunellərin təbii havalandırılması istiqamətində yeni layihənin həyata keçirilməsinə başlayacaq. Bu məqsədlə dünyanın aparıcı şirkətlərinin məhsullarının Bakı metropolitenində tətbiq imkanları, keyfiyyəti, səmərəsi və digər texniki detalları araşdırılıb. Yaxın vaxtlarda bununla bağlı ilk əhəmiyyətli addımlar da atılacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Prezident İlham Əliyev Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb
14.10.2019
Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb
14.10.2019
“Azərbaycan nemətləri“ brendinin tanıtımı ilə bağlı memorandum imzalanıb
14.10.2019
Qablaşdırılmış aqrar məhsulları xarici bazara yeni marka ilə çıxarılacaq
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info